Ankara Moskvaya güzəştə getməyəcək Dünya

Ankara Moskvaya güzəştə getməyəcək

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə görüşü yerli və xarici politoloqların diqqət mərkəzində olub. Bu görüşün əhəmiyyətini vurğulayan əksər politoloqlar qeyd ediblər ki, iki prezident arasında daha çox Suriya məsələsinə diqqət ayrılıb. O da söylənilib ki, məhz Yaxın və Orta Şərqdə baş verən məlum hadisələr Rusiya və Türkiyənin səyləri nəticəsində öz həllini tapa bilər.
Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşünü şərh edən millət vəkili Asim Mollazadə deyib ki, Türkiyəni narahat edən əsas amil PKK ilə bağlıdır. Bilirsiniz ki, PKK-nın əsas bazası Suriyada yerləşir və Ankara bu istiqamətdə hər hansı bir güzəştə gedə bilməz.
Millət vəkili sözügedən görüşün daha çox ikitərəfli münasibətlər baxımından məhsuldar olduğunu qeyd edib:"Rusiya və Türkiyə prezidentlərinin görüşündə əsas mövzu ikitərəfli iqtisadi münasibətlərlə bağlıdır. Rusiya müvafiq qadağaları götürməsə, iki ölkə münasibətlərində inkişaf olmayacaq. Ərdoğan-Putin görüşündə iqtisadi münasibətlər baxımından hansısa irəliləyişlər olsa da, digər istiqamətlərdə ciddi dəyişikliklər gözlənilmir".
Millət vəkili Suriyada gərginliyin birmənalı olaraq qarşıda da davam edəcəyini bildirib:
"Bu gərginlik isə regionda maraqlı olan iştirakçıların tam fərqli planları ilə əlaqədardır. ABŞ, Qərb dövlətləri, Rusiya və Türkiyənin Suriyada öz maraqları var. Hazırda Türkiyəni narahat edən əsas amil PKK ilə bağlıdır. Bilirsiz ki, PKK-nın əsas bazası Suriyada yerləşir və Ankara bu istiqamətdə hər hansı bir güzəştə gedə bilməz. Əlbəttə, Türkiyə Moskvanın Suriyadakı silahlı kürdlərə dəstəyi ilə bağlı məsələni də gündəmdə saxlayır. Ancaq Suriya düyününün çözülməsi üçün çox ciddi dəyişikliklər olmalıdır. Bu isə hələ görünmür".
Politoloq, millət vəkili Rasim Musabəyov isə deyib ki, Suriya məsələsində Rusiya və Türkiyənin mövqeyi yaxın deyil.
Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşünü şərh edən deputat bildirib ki, Moskvanın kürdlərlə bağlı mövqeyi Ankara tərəfindən tamamilə qəbulolunmazdır:
"Suriya məsələsində Rusiya və Türkiyənin mövqeyi yaxın deyil. İki ölkə arasında bu məsələdə razılaşmanın əldə olunub-olmayacağı müəmmalıdır. Rusiya dolayı olsa da, PKK-nı dəstəkləyir və bundan sonra da dəstəkləməyə davam edəcək. Halbuki bu, Türkiyə üçün tamamilə qəbulolunmazdır. Soçi görüşünün sırf bu nöqteyi-nəzərdən nəticə verəcəyini öncədən demək çətindir. Məsələ PKK-nı təkcə Rusiyanın dəstəkləməsi ilə bitmir. İş orasındadır ki, ABŞ və Avropa dövlətləri də PKK-ya dəstək verir. Bu isə onsuz da gərgin olan vəziyyəti bir qədər də qəlizləşdirir".
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev isə görüş haqda şərhində bildirib ki, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın Soçi görüşündən sonra tərəflər arasındakı mübahisəli məsələlərə son qoyuldu.
"Ərdoğanın Rusiyaya səfəri və Putinlə görüşünün siyasi əhəmiyyəti böyükdür. Təyyarə böhranından sonra iki ölkə arasında ixlifat var idi. Bu görüşdən sonra isə tərəflər arasındakı münasibətlər qaydasına düşməyə başlayacaq. Putin də mətbuat konfransı zamanı bunu bir da təsdiqləyərək, tərəflər arasında əlaqələrin normallaşdığını bildirdi. Bu isə ölkələrimiz üçün müsbət keyfiyyətdir. Əminəm ki, bu əlaqə iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə əhəmiyyətli təsir edəcək", - deyə o bildirib.