Yaxın Şərq alovlanacaq, İrandakı rejim isə.. Dünya

Yaxın Şərq alovlanacaq, İrandakı rejim isə..

Yaxın Şərq yeni qarşıdurmaların mərkəzinə çevriləcək.
Bu sözləri Qətər böhranı və Körfəz ölkələrinin Doha ilə diplomatik əlaqələri kəsməsi ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Qətərə yönəlik siyasətin Amerikanın rəyinə əsaslandığını qeyd edib:
"ABŞ və Səudiyyə Ərəbistanı İranla hər hansı əlaqələri aparan ölkəyə qarşı qəti və kəskin mövqe tutur. Qətər isə Səudiyyənin "İslam NATO-su" yaratmaq ideyasına qarşıdır və bu məsələdə İranı dəstəkləyir. Üstəlik, rəsmi Doha ABŞ-la Səudiyyə arasında əldə edilən razılaşmaların İrana qarşı olduğunu başa düşür. Bu nöqteyi-nəzərdən bütün baş verənlərin birbaşa İranla əlaqəli olduğu qətidir. Çünki Amerika nəinki İranı hədəfə alıb, bu ölkəylə Rusiyanı öz mövcudluğu üçün əsas təhlükə hesab edir. Ona görə də Vaşinqton Tehrana qarşı təzyiqləri artırır. Belə bir vaxtda Səudiyyənin də İrana qarşı olması Amerikanın işini asanlaşdırır. Bu səbəbdən də İranı müdafiə edən və hətta Trampın Yaxın Şərqə səfəri zamanı Qətər əmrinin nümayişkaranə surətdə bəyanatı və Ruhani ilə danışması rəsmi Dohaya qarşı təzyiqləri gücləndirib".
Politoloqun fikrincə, Qətər böhranı bu ökədə siyasi dəyişikliklərlə nəticələnəcək:
"Bundan sonra Qətər üçün ağır günlər başlayır. Çünki ərəb birliyinin deyil, İranın bölgədəki nüfuzunun güclənməsi xəttinin seçilməsi Qətərin blokadaya alınması prosesini dərinləşdirəcək. Beləliklə, Yaxın Şərq yeni qarşıdurmaların mərkəzinə çevriləcək. Bu qarşıdurmaların əsas hədəfi isə İran olacaq. Bu proses İranın İraq və Suriyadakı iştirakı tamamilə aradan qaldırılana qədər davam edəcək. Hətta İranda teokratik rejimin dəyişdirilməsi məsələsinin gündəmə gələcəyini də istisna etmək olmaz. Bir sözlə, Yaxın Şərq yenidən alovlanacaq".
Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı isə deyib ki, ABŞ-ın yeni prezidenti Donald Trampın ilk səfər etdiyi xarici ölkə - Səudiyyə Ərəbistanı, bu günlərdə öz soy və din qardaşı olan Qətərə qarşı diplomatik savaş açmış ölkələrin başında gəlir:"Bir qədər ədəbi üslubda desək, cənab Tramp, bu ölkədə yerə enən uçağının trapından yenicə düşüb-qalxıbsa, sizcə bu diplomatik savaş təsadüf sayıla bilərmi? Əgər təsadüf deyilsə, o zaman bu olanlar planlaşdırılmış və məhz bugünlərdə üzə çıxması məqbul sayılmış bir siyasi gedişdir. "Siyasi gediş" deyirik amma bu gün Tehranda yaşanan qanlı olaylar, strateji önəmi ərazisinin kiçikliyini kölgədə qoyan Qətərlə rəsmi Tehran arasındakı münasibətlər fonunda bölgədə yeni münaqişə ocağının qalandığını özünəməxsus şəkildə göstərməkdədir. Qətər yetkililərinin "Hizbullah"la, "Hamas"la bağlı açıqlamaları, bu açıqlamalarda onları terrorçu kimi deyil, "dirəniş" birlikləri olaraq qələmə vermələri kimində sual doğururdusa, kimini də cavab tədbirləri görməyə sövq edirdi.
Üstəlik, "oyun içində oyun" var kimi görünür. Baxın, bu son olaylardan xeyli öncə Qətər haqqında "ABŞ-ın forpostu" olaraq, yaxud Batı Avropa ilə əməkdaşlıq edən ölkə olaraq danışılırdısa, ayrıca, "İxvan-ül Müslimin" Hərəkatına yetərincə siyasi-ideoloji dəstək verdiyi qeyd olunurdusa, bu sünni ərəb ölkəsinin birdən-birə qatı şiə ideolojili rəsmi Tehranla bağlı olan təşkilatlara üz çevirməsini necə anlamaq olar? İstər bunu bölgədəki ərəb rəqabəti ilə, İsrail amili ilə bağlı, yenə də, birxətli deyil, çoxvektorlu, dərin hərbi-siyasi oyunun mövcudluğundan danışmalıyıq. Ya Səudiyyə Ərəbistanı ABŞ prezidentinin səfərini özləri üçün uğurlu sayıb da, qan və din qardaşları olsa da, rəqabət içində olduqları Qətərlə məzhəbdən, iqtisadi maraqlardan və s. irəli gələn – illərlə yığılmış məsələləri öz xeyrinə bitirmək istəyir ya da ABŞ öndərliyində "Ərəb baharı"nın yeni səhifəsi açılır. "Ərəb baharı"nın "rus qışı" yaşandıqdan sonra, "Ərəb payız"ı yaşanmalıydı. Payız isə məhsul deməkdir, sonuc deməkdir – bi coğrafiyaya atılan bombalar, tökülən qanlar öz "meyvə"lərini verməliydi... Bu "qanlı meyvə"lər gələcəkdə - İlahi qatda heç kimə uzunmüddətli xeyir gətirməsə də, çox təəsüflər, bugün o meyvələrin peşində olan ölkələr vardır.."
Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir, ardınca Yəmən, Liviya, Maldiv, Mavrikiyin... terror təşkilatlarına, onların adıkeçən ərəb ölkələrində daxili durumu gərginləşdirmək yönündə çabalarına dəstək verməkdə ittiham etdikləri Qətərlə diplomatik əlaqələri kəsməsindən daha sayılı günlər keçməmiş, vektorların ərəb coğrafiyasından qonşu torpaqlara da yönəldiyini deyən təhlilçilər haqlı çıxmaqdadır.
Bizim təmənnimiz ilk növbədə Azərbaycanımızın, dünya azərbaycanlılarının, türk dünyasının, İslam aləminin, nəhayətdə insanlığın, dünyanın münaqişlərdən, qandan-qadadan mümkün olduğu qədər uzaq olması ilə bağlıdır. Cari ili "İslam Həmrəylik İli" elan etmiş, keçən ay böyük başarı ilə "IV İslam Həmrəylik Oyunları"na evsahibliyi etmiş respublikamız, əlbəttə, barışın, anlaşmanın, inkişaf və tərəqqinin yanındadır, bir çox hallarda isə müsbət tendensiyaların, hadisələrin iştirakçısı, yaradıcısıdır.
Biz, əlbəttə, alovu, atəşi sınırımıza ən yaxın ölkəyə qədər sıçramış münaqişə ocağı istəmirik. Biz terrordan, separatizmdən, işğaldan artqılaması ilə zərər görmüş bir ölkənin vətəndaşları olaraq, səsimizin eşidlidyi, sözümüzün çatdığı, əlimizin uzandığı qədər, barış deyirik, dialoq deyirik, həmrəylik deyirik, birgə yaşayış deyirik.
Bu olub-bitənlər bir daha göstərir ki, vətəndaşlarımız öz dövlətimizə daha sıx bağlı olmalıdır".
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Yəmən, Maldiv və Mavriki, Mavritaniya Qətərlə münasibətləri dayandırıb. İordaniya isə rəsmi Dohayla münasibətləri ən aşağı səviyyəyə endirib.
Bu dövlətlər buna səbəb kimi Qətərin terrorizmi maliyələşdirməsini əsas göstəriblər.