Ağ Evdən qaçış… Dünya

Ağ Evdən qaçış…

8 ayda Tramp komandasını kimlər tərk edib?

Ağ Evdən getmək növbəsi bir neçə gün əvvəl prezident Donald Trampın strateji məsələlər üzrə müşaviri Stiven Bennona da gəlib çatdı. Baş strateq kimi tanınan Bennon Tramp komandasından ayrılan 8-ci məmurdur. Müqayisə üçün deyək ki, eyni dövr ərzində keçmiş prezident Barak Obamanın komandasından bir nəfər belə istefa verməmişdi. "Strateq" xarici mətbuata istinadən qısa müddət ərzində Trampı kimlərin tərk etdiyinə aydınlıq gətirir.

Trampın seçki qərargahının rəhbəri Pol Manafort

2016-cı ilin 19 avqustuna Trampın seçki qərargahının rəhbəri Pol Manafort istefa verdi. Onu bir vaxtlar müşaviri olduğu keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçdən rüşvət almaqda ittiham etdilər. Ukrayna Milli Antikorrupsiya Bürosu üzə çıxarmışdı ki, Manafortun hesabına 12,7 milyon dollar pul köçürülüb. Manafort özü isə ittihamları rədd etmişdi.

Milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Flin

Bu il fevralın 14-də milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Flin vəzifədən getdi. Flinin vəzifədən getməsini Tramp özü istəmişdi. Buna müşavirin Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla danışıqlar aparması və bu barədə rəhbərliyi məlumatlandırmaması səbəb olmuşdu.
Flin rus səfirlə danışıqları barədə tam məlumat vermədiyi üçün Trampdan və vitse-prezident Mayk Pensdən üzr istəsə də, postunda qala bilmədi. O, Tramp prezident olandan sonra komandadan gedən ilk məmur oldu.

Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komi

Bu il mayın 10-da Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komini istefaya göndərdi. Kominin vəzifədən çıxarılması ötən il ölkədə prezident seçkiləri ərəfəsində Trampın seçkiqabağı kampaniya üzrə köməkçiləri ilə rusiyalı rəsmi şəxslər arasında əlaqələri araşdırmaq üçün FTB tərəfindən aparılan təhqiqat fonunda baş verdi. Komi bu vəzifəyə 2013-cü ildə prezident Barak Obama tərəfindən 10 il müddətinə təyin edilmişdi. Onun vəzifədən çıxarılmasının dəqiq səbəbi açıqlanmasa da, Tramp bildirdi ki, Federal Təhqiqatlar Bürosuna inamı bərpa etmək üçün yeni lider lazımdır. Kominin işdən azad edilməsi barədə tövsiyəni baş prokuror və onun müavini vermişdi.

Ağ Ev aparatının kommunikasiya direktoru Mayk Dubke

Mayın 30-da daha bir istefa xəbəri yayıldı. Bu dəfə postundan uzaqlaşdırılan Ağ Ev aparatının kommunikasiya direktoru Mayk Dubke oldu. Dubke istefa ərizəsini hələ mayın 18-də təqdim etmişdi. "Politico"nun yazdığına görə, Dubke də postunu Rusiya ilə şübhəli əlaqələrinə görə itirib. Hazırda Ağ Evdə Dubkeni Sara Sanders əvəz edir.

Çindəki nümayəndə Devid Renk

İyunun 6-a ABŞ-ın Çindəki müvəqqəti işlər vəkili Devid Renk istefa verdi. Renk bu qərarını Trampın iqlim sazişindən çıxması ilə əlaqələndirdi.


Ağ Evin sözçüsü Şon Spayser

İyulun 22-də Ağ Evin sözçüsü Şon Spayser istefa verdi. "The New York Times" qəzeti yazdı ki, istefaya səbəb Donald Trampın maliyyəçi Entoni Skamaruççini Ağ Evin kommunikasiya üzrə direktoru vəzifəsinə təyin etməsi olub. Spayser bildirmişdi ki, Tramp bu qərarı ilə ciddi səhvə yol verir.

Xüsusi müşavir Karl Aykin

Nəhayət, bir neçə gün əvvəl Donald Trampın qanunvericiliyin tənzimlənməsi üzrə xüsusi müşaviri Karl Aykin də istefa verdi. Aykin bildirdi ki, istefa verməyinə səbəb vəzifəsi ilə bağlı yaranan partiyadaxili mübahisələrdir.
Ağ Evdən qaçış bununla başa çatmadı. Şarlotvillada irqçilərlə bağlı son olaylardan sonra Ağ Evin nəzdindəki Sənaye Şurasını bir neçə nüfuzlu və nəhəng şirkət də tərk etdi. Postlarını təhvil verənlər arasında "Intel" şirkətinin baş direktoru Brayan Krjaniç, əczaçılıq şirkəti "Merck & Co"nun rəhbəri Kennet Frezier və "Under Armour Inc." idman geyimləri və aksesuarları şirkətinin rəhbəri Kevin Plank da vardı.
Krjaniç gedişinin səbəbi haqda danışarkən bildirdi ki, bu yolla cəmiyyətdəki parçalanmaya diqqət çəkmək istəyir. O, ABŞ hökumətini prioritetləri düzgün müəyyənləşdirməməkdə ittiham etdi: "Çox ciddi zərərə diqqət çəkmək üçün istefa verdim. Vaşinqtonda kimlərinsə kimlərə hücum etdiyi, bir-birilə razılaşmadığı bir vaxtda göstərmək istədim ki, parçalanmaya yox, inkişafa nail olmaq lazımdır".
Krjaniç ölkə rəhbərliyini irqi ayrı-seçkilik salan hər kəsi qınamağa çağırdı və Şarlotsvilladakı olayları iyrənc adlandırdı. Yuxarıda adları çəkilənlər Trampı son aylarda tərk edənlərdir. Bundan əvvəl keçid hökumətindən də gedənlər olmuşdu. Tramp komandasındakı bu "yarpaq tökümünün" bununla başa çatacağı inandırıci görünmür. ABŞ-ın sürprizlərlə dolu liderinin qarşıdakı dövrdə daha kimləri yola salacağını isə zaman göstərəcək…