Müharibə qaçılmazdır: Koreya məhv ediləcək Dünya

Müharibə qaçılmazdır: Koreya məhv ediləcək

Şimali Koreya ilə müharibə praktik olaraq qaçılmazdır. Bu sözləri "Novaya qazeta"ya geniş müsahibəsində tanınmış politoloq Pavel Felgenhauer deyib. Onun sözlərinə görə, Şimali Koreya ABŞ-la "nüvə rejimi"nə (nüvə silahının qarşısının alınması ilə bağlı qarşılıqlı öhdəlikləri nəzərdə tutan razılaşma) keçəcəyinə ümid edir: "Belə bir fərziyyə mövcuddur ki, əgər sənin nüvə silahın varsa, demək, tamamilə təhlükəsizlikdəsən, heç kəs sənə toxuna bilməz. Bu, illuziyadır, ancaq Şimali Koreya bu illuziyaya inanır. Onlar amerikalıları qorxutmağa çalışırlar. Şimali Koreya ABŞ-ın onlarla danışıqlar masasına oturması, təhlükəsizlik təminatı verməsi və sanksiyaları yığışdırması üçün nüvə şantajı edir".
Onun fikrincə, Prezident Donald Tramp Pxenyanla "nüvə rejimi"nə daxil olmaqdan qəti şəkildə imtina edir, ona görə də müharibə praktik olaraq qaçılmazdır: "Müharibə ehtimalı hazırda 80 faizdir. Problem ondadır ki, günahkar və aqressor kim olacaq? Əgər ABŞ Şimali Koreya ilə danışıqlara getməsə, demək, təzyiqi artıracaq və blokadanı gücləndirəcək. Başqa sözlə, təzyiqi o vaxta qədər gücləndirəcək ki, Şimali Koreya səhv edəcək, hansısa provokasiyaya gedəcək və aqressiya göstərəcək. Bundan sonra isə ABŞ Şimali Koreyanı məhv edəcək".
Felgenhauerin iddiasına görə, əgər Şimali Koreya indi təslim olsa və beynəlxalq nəzarət altında tərkisilah olmağa qərar versə (bu beynəlxalq nəzarət faktiki olaraq ölkənin işğalına çevriləcək), ona nəfəs almağa imkan verəcəklər. Ekspert vurğulayıb ki. Şimali Koreya pulu olan hər kəsə nüvə texnologiyasını sata bilər: "Şimali Koreya elə bir dövlətdir ki, nüvə, raket texnologiyasını sağa-sola, kimə gəldi, sata bilər – hətta İrana, Yəmənə, Səudiyyə Ərəbistanına, Əlcəzairə... Nəticə etibarilə nüvə silahı terror təşkilatlarının əlinə keçə bilər. Buna görə də artıq bu, Rusiya XİN-in dediyi kimi, regional deyil, qlobal problemdir. Şimali Koreyanı boşuna buraxsanız, yaxın illərdə nüvə dövlətlərinin sayı 15-ə çatar".