Tramp BMT-də islahatlara çağırır Dünya

Tramp BMT-də islahatlara çağırır

ABŞ prezidenti Donald Tramp BMT-də "cəsarətli islahatlar"a çağıraraq, bunun təşkilatın sülh naminə daha effektiv qüvvəyə çevrilməsinə xidmət edəcəyini bildirib. ABŞ lideri səkkiz ay bundan əvvəl hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq BMT-ni ziyarət edərək təşkilatda islahatların aparılmasına dair iclasda iştirak edib. O deyib ki, 193 üzvü olan BMT-də mövcud bürokratiya təşkilatın öz işini lazımi şəkildə aparmasına mane olur.
"Biz BMT-nin bütün dünyada insanların etibarını yenidən qazanmasını istəyirik. Buna nail olmaq üçün BMT idarəçiliyin bütün səviyyələrində hesabatlılığı dəstəkləməli, informatorları müdafiə etməli və əsas diqqəti prosesin özü deyil, nəticələrə yönəltməlidir", Tramp bildirib.
ABŞ prezidenti BMT-ni bürokratiya və qeyri-mükəmməl idarəçiliyiə görə tənqid edərək, islahatların aparılmasına və bununla təşkilatın bütün dünyada sülhün təmin edilməsində daha güclü qüvvəyə çevrilməsinə çağırıb. O, eyni zamanda, BMT-nin baş katibi Antonio Quterresi təşkilatın sülhün, inkişafın və təhlükəsizliyin təmin edilməsində daha effektiv funksiya göstərməsinə nail olmaq məqsədilə səylərinə yüksək qiymət verib.
ABŞ prezidenti Quterresin islahat səylərinə dəstək məqsədilə Birləşmiş Ştatların 10 maddədən ibarət deklarasiyasının imzalanması mərasiminə dəvət olunmuş 120-dən çox ölkənin liderləri və nümayəndələrinin qarşısında nitq söyləyib. Antonio Quterres deyib ki, BMT daha çevik, effektiv və təsirli fəaliyyət göstərməlidir.