İran nə istəyir: Bakı ilə qazanc, yoxsa İrəvanla fiasko? Dünya

İran nə istəyir: Bakı ilə qazanc, yoxsa İrəvanla fiasko?

Yaxın Şərqdə hərbi-siyasi, eyni zamanda geosiyasi üstünlük qazanmaq istəyən İran şimalda daha çox iqtisadi-ticarət layihələri ilə öz təsirini artırmağa çalışır və Ermənistan burada Rusiyanın siyasi forpostu olduğu kimi, İranın da iqtisadi-ticarət forpostuna çevrilməkdədir.
Bu sözləri politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, Ermənistan və İran sərhədində azad iqtisadi zona yaradılması həm uzunmüddətli sanksiyalardan xilas olan İran, həm Ermənistan üçün mühüm layihədir:
"Avrasiya İqtisadi Birliyinin Gömrük Məcəlləsində 7 azad iqtisadi zona yaradılması nəzərdə tutulur ki, bunlardan biri artıq Ermənistana verildi. Təbii ki, İran bu layihə ilə Avrasiya İqtisadi Birliyi zonasına daxil olmaq, eyni zamanda, Avropa, Rusiya və Çin şirkətlərini öz sərhədinə gətirmək istəyir. Doğrudur, hazırda layihəyə 10-a yaxın Çin, Rusiya və Ermənistan şirkətinin maraq göstərdiyi deyilir. Lakin Ermənistanla Avropa Birliyi arasında imtiyazlı ticarət rejimi var və İran bundan istifadə etməyə çalışır".
Politoloq qeyd edib ki, İran-Ermənistan ticarət dövriyyəsi cəmi 300 milyon dollar təşkil edir:
"Onun da əsas hissəsi nəğd valyuta və xammalla yox, barter yolu ilə həyata keçirilir. Yəni, Ermənistan İrandan aldığı qazın əvəzində ona elektrik enerjisi verir. Odur ki, bu layihədən İranın əldə edəcəyi üstünlük daha çox olacaq. Ermənistan İran üçün sadəcə tranzit ölkə, xammal və satış bazarı rolunda olan bir ölkədir".
Politoloq vurğulayıb ki, İran bölgədə qeyri-ardıcıl addımlar atır:
"Həm Şimal-Cənub layihəsi barədə Rusiya və Azərbaycanla danışıqlar aparır, Bakı-Tiflis-Qars dəmiryol layihəsinə qoşulmaq istəyir, eyni zamanda Ermənistanla sərhəddə azad iqtisadi zona yaradılmasına dəstək verir".
Qeyd edək ki, dekabrın 15-də İran-Ermənistan sərhəddində Mehri şəhərində azad iqtisadi zonanın (AİZ) açılışı olub.