Ərdoğan-Baxçalı qarşıdurması güclənir Dünya

Ərdoğan-Baxçalı qarşıdurması güclənir

Baş nazir MHP liderinin həbs etdirməyə çalışır

Cavid

Türkiyədə ötən ilin dekabrın 17-dən başlanan "böyük rüşvət" əməliyyatı, ondan bir müddət öncə Gəzi parkında baş verənlər, Ərdoğan hakimiyyətinin kürd və erməni açılımları siyasəti, təhsil sistemində bir sıra "islahat"lar, sosial şəbəkələrə qadağalar, "Ergenekon" əməliyyatında həbs olunan generalların azadlığa çıxması və s. hadisələr baş nazir Ərdoğan hakimiyyətinin zəifləməsi prosesini sürətləndirdi.
Bu hadisələr fonunda Qərb Ərdoğan hakimiyyəti qarşısında bir sıra şərtlər qoymağa başlayıb. Ərdoğan həm xaricdən, həm də daxildən böyük təpki ilə üzləşib. Bu ilin martında bələdiyyə, gələn il isə parlament seçkilərinin keçirilməsi ərəfəsində Ərdoğan hakimiyyəti böyük sınaq qarşısında qalıb. Bu proses isə müəyyən qüvvələrin yenidən fəallaşmasına stimul verir. Bu günlərdə ölkənin Şırnak vilayətinin
Cizrə rayonunda bir qrup şəxs yolu kəsərək nəqliyyatın hərəkətinə mane olmağa çalışıb. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi isə qarşıdurmalara səbəb olub. Etirazçılar daş və yanıcı maddələrlə polisə hücum ediblər. Polis isə, təzyiqli su və səs bombaları ilə etirazçıları dağıtmağa çalışıb.
Qarşıdurmalar zamanı bir neçə nəfərin xəsarət aldığı, zorakılıq törədən azı 10 nəfərin isə saxlanıldığı bildirilir. Baş verənləri Türkiyə parlamentinin interneti məhdudlaşdırmaq məqsədilə qəbul etdiyi qanun layihəsinə etiraz kimi təqdim etmək cəhdlərin olsa da, zorakılıqlarla müşayiət olunan bu kimi təxribatların PKK yandaşı BDP-dən qaynaqlandığı məlumdur.
Ölkədə siyasi gündəmin xeyli gərginləşdiyi bir dövrdə Türkiyənin 27 şəhərində hüquq-mühafizə orqanlarının rəhbərləri dəyişdirilib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın təhlükəsizlik xidmətinin rəisi də dəyişdirilib.
Xatırladaq ki, Türkiyədə ötən ilin sonlarında başlayan antikorrupsiya əməliyyatlarından sonra 160-dan çox hakimin iş yeri dəyişdirilib. Hüquq-mühafizə orqanlarındakı dəyişikliklər çərçivəsində habelə 6000-dən artıq polis işçisinin də iş yerləri dəyişdirilib.
Bu arada isə Türkiyədə hakim Ədalət və İnkşaf Partiyasından (AKP) bələdiyyə məclisi üzvlüyünə namizəd olan Coşğun Demirkol məruz qaldığı silahlı hücum nəticəsində öldürülüb. Hadisə İstanbulun Beylikdüzü rayonunda, AKP seçki qərargahının qarşısında baş verib.
Hadisə yerinə dərhal təcili yardım çağırılsa da, mərhumun həyatını xilas etmək mümkün olmayıb. AKP Beylikdüzü rayon təşkilatının sədri Növzat Demiröz hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini və məsələnin siyasi tərəfi olmadığını bildirib: "Namizədimizin məruz qaldığı silahlı hücum tamamilə fərdi bir məsələyə görədir. Baş verənlərin partiyamızla heç bir əlaqəsi yoxdur. Hadisənin seçki qərargahının qarşısında baş verməsi isə təsadüfdür".
Demiröz həmçinin hadisəni törədən şəxsin saxlanıldığını deyib.
Bu arada Türkiyənin əsas müxalifət partiyalarından olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının deputat toxunulmazlığının aradan qaldırılması ilə bağlı parlamentə müraciət daxil olub.
"Hürriyet" qəzeti bildirir ki, MHP liderinin Bursa şəhərində 2013-cü il martın 23-də keçirilmiş mitinqdə işlətdiyi bir söz buna əsas kimi götürülüb. Mitinqdə bozqurdların "Öl de, ölək, vur de, vuraq" şüarına Bağçalı tərəfindən "maraq etməyin, onun da zamanı gələcək" cavabının verilməsi buna səbəb olub.
Məsələnin rəsmi tərəfi budur ki, T.T. adlı vətəndaş Bağçalıdan şikayət edib və prokurorluq bu barədə müraciət hazırlayaraq parlamentə göndərib. Əgər parlament Dövlət Bağçalının deputat toxunulmazlığının aradan qaldırılmasına səs verərsə, onda bozqurdların lideri 6 aydan 5 ilə qədər həbsə alına bilər. Türkiyə Cinayət Məcəlləsinin 214-cü maddəsinə görə, bu, cinayətə təhrik kimi qiymətləndirilir.
MHP-nin parlament fraksiyasının rəhbəri Oktay Vural isə bunu AKP hökumətinin partiyalara təsiri kimi dəyərləndirib. O, 2013-cü ilin iyun ayının 12-də hazırlanmış müraciətin 8 aydan sonra parlamentdə göndərilməsini MHP-yə təzyiq hesab edir. Onun sözlərinə görə, son günlərdə müxalifət partiyalarının hökumətin rüşvət və korrupsiyaya bulaşmasını diqqət çəkməsi AKP-ni narahat edir.
Bu gün Türkiyədə əsas diqqət çəkən məqamlardan biri Ərdoğan-Gülən qarşıdurmasıdırsa, digəri Ərdoğan-Baxçalı qarşıdurmasıdır.
Qeyd edək ki, Gəzi parkı və "böyük rüşvət" əməliyyatından sonra Ərdoğan hakimiyyəti Baxçalının tənqid hədəfində olub.
MHP lideri Dövlət Baxçalı isə partiyanın iclasında Gezi parkı hadisələrinin hakim partiyanın oyunu olduğunu bildirib.
Dövlət Baxçalı Ərdoğana qarşı sərt ittihamlar irəli sürüb: "Siyasətin məqsədi bölmək yox, birləşdirməkdir. Siyasətçilərin məsuliyyətlərini dərk etməsi lazımdır. Gözünü qəzəb örtmüş, ağlını xarici qüvvələrin mənfəətinə kirayə vermiş siyasət təmsilçiləri üçün siyasət bir tramvaydır, təyin olunmuş dayanacaqda enəcək. Baş nazir Ərdoğanın sənətçilərlə görüşməsi baş qatmaq taktikasıdır. Bu olanlar oynanan oyunun bir parçasıdır. Hamı öncədən yazılmış roluna görə hərəkət edir. Bunlar Gəzi parkı atəşini müəyyən səviyyədə saxlamaq üçün AKP-nin əlinin də olduğu dərin bir əməliyyatdır. AKP vəziyyəti eyni səviyyədə saxlamağa çalışmaqdadır. Öz partiyasının zəifləməsinin qarşısını bu şəkildə almağa çalışır".
Bundan başqa Baxçalı hökumətin PKK ilə əldə etdiyi atəşkəs razılaşmasını müsbət qarşılamayıb. O, baş verənləri bu prosesin unudulması üçün atılan addım kimi göstərib:
"Görəsən baş nazir Gəzi parkı hadisələrini PKK ilə birlikdə ictimaiyyətin diqqətini başqa tərəfə yönəltmək üçünmü həyata keçirib? Baş nazir Gəzi parkıyla məşğul olduqca, terrorçular da işlərini rahat görürlər".
Dövlət Baxçalı daha sonra baş naziri hədələyib: "Cənab baş nazir, "milliyyətçi Hərəkat hələ son sözünü deməyib" deyəndə, zarafat etmirdik. Söz xatirinə danışmadıq. Baş nazir ağıllı ol, yoxsa türk milliyyətçiləri ağlını başına yığmağı da bilərlər".
O, baş nazir Ərdoğanın xarici layihələrin oyuncağına çevrildiyini artıq göstərdiyini deyib: "Terror asılısı Ərdoğan hansı haqla terrorçulara get deyir? Baş nazirə tövsiyəmiz budur ki, terroristlərə qatılıb ölkəni tərk etsin və bir daha geri qayıtmasın?.
MHP lideri Ərdoğanı xainlikdə də ittiham edib: "Baş nazir unutmasın ki, millətin xəyanətə göz yumması mümkün deyil. Əziz millətimiz vəfasızların hər zaman boğazından yapışıb".
Baxçalı həmçinin Ərdoğan hakimyyətini Suriya dövlətini parçalamaq niyyətində olduğunu açıqlayıb: "Ərdoğanla ABŞ prezidenti Barak Obamanın Suriya mövzusunda eyni mövqedə olmaları barədə verdikləri açıqlamalar onu göstərir ki, Suriyanın işğalı və bu ölkənin parçalanması barədə təxribat planı işə düşüb. Suriyanın başına da ərazi bütövlüyünü əldən vermiş İraq kimi oyun açmaq istəyirlər. Onlar, İraqın şimalında yaranan kürd dövlətinə oxşar bir dövləti də Suriyada yaratmaq niyyətindədirlər".
Dövlət Baxçalı həmçinin Suriyada xarici müdaxiləyə son qoyulmasını tələb edib.
Baxçalının Ərdoğanı və onun hakimiyyətini belə sərt tənqid etməsi bələdiyyə və parlament seçkilərinə hazırlıq kimi də dəyiərləndirilir. Əksər ekspertlərin qənaətincə, Baxçalı Ərdoğan üçün real və təhlükəli rəqibdir.
Politoloq Hasan Oktayın fikrincə, Ərdoğan hakimiyyəti bələdiyyə və parlament seçkiləri ərəfəsində CHP və MHP-ni zərərsizləşdirmək niyyətindədir: "Əsasən də MHP hədəfə alınıb. Ona görə ki, MHP öz siyasətini türk millətinə qəbul etdirə bilir. Türkiyədə millətçilər və onların nüfuzu yetərincədir. Artıq Ərdoğanın şansı tükənmək üzrədir. Baş verənlər onun nüfuzuna mənfi təsir göstərib. Əvəzində millətçilərin nüfuzu yüksəlir. Buna görə də Baxçalı məhz Ərdoğanın hədəfindədir. Amma əsas maliyyə və media resursları hələ ki, Ərdoğanın əlindədir. Əgər Ərdoğan seçkilərə qədər Baxçalını zərərsizləşdirə bilməsə onda Baxçalı müxalifətlə birlikdə AKP hakimiyyətini zərərsizləşdirəcək".
Ekspert Hail Cəlil isə bildirib ki, hələ Türkiyədə hansmı qüvvənin qalib gələcəyi ilə bağlı proqnozlar vermək çətindir: "Bələdiyyə seçkilərinə çox az vaxt qalıb. Çox güman ki, bu dəfə Ərdoğan tərəfdarları seçilərdə az yer tutacaqlar. Əsas diqqət parlament seçkilərinə yönəlib. Müxalifət də gücünü parlament seçkilərinə saxlayıb. MHP güclü partiyadır, amma təkbaşına bu seçilərdə AKP-ni yıxa bilməyəcək. Ona digr müxalifət partiyaları da dəstək durmalıdır. Ərdoğan Baxçalının gücünə bələd olduğundan onu hədəfə alıb. Baxçalı isə Ərdoğanı çəkinmədən tənqid edir. Milliyyətçiliyini göstərir. Mənə elə gəlir ki, kürdlər də Ərdoğanı bu seçkilərdə dəstəkləyəcəklər. Ərdoğan özü də kürdlərin maraqlarından çıxışlar etməkdədir. Ona görə də Baxçalı üçün Ərdoğana qarşı təkbaşına mübarizə aparmaq çətin olacaq".