Polşa ABŞ qoşunlarının ölkədə qalmasını istəyir Dünya

Polşa ABŞ qoşunlarının ölkədə qalmasını istəyir

Polşanın müdafiə naziri Mariuş Blaşak mayın 28-də deyib ki, o, ABŞ rəsmiləri ilə Rusiyanı təcavüzdən çəkindirmək məqsədilə Polşa ərazisində daimi qaydada ABŞ qoşunlarının yerləşdirilməsinə dair danışıqlar aparıb. Azadliq.org-un məlumatına görə, Mariuş Blaşak deyib ki, Rusiyanın Krımı qanunsuz ilhaq etməsindən və Ukraynanın şərqindəki separatçılara dəstək verməsindən sonra, o, ciddi narahatlıqlarını Vaşinqtona çatdırıb: "Bu səylərin nəticəsi o olub ki, ABŞ Senatı Pentaqonla əlaqəyə girərək, ondan ABŞ qoşunlarının daimi qaydada Polşada saxlanmasının mümkünlüyünü qiymətləndirməsini istəyib. Belə bir tədbir böyük əhəmiyyətə malikdir, çünki düşməni çəkindirmək məqsədi güdür".
Onet.pl xəbər portalı yazır ki, Varşava ABŞ-ın Polşadakı gələcək bazasının infrastrukturunun yaradılması üçün 2 milyard dollar məbləğində dəstək verməyə hazırdır. Polşada hazırda ABŞ hərbi kontingenti var. Bu kontingent müvəqqəəti və rotasiyalı əsasda yerləşdirilsə də, müddət açıq qoyulub. Moskvada prezident Vladimir Putinin sözçüsü Dmitry Peskov deyib ki, "NATO-nun Rusiyanın sərhədləri yaxınlığında mövcudiyyətini artırması heç bir şəkildə təhlükəsizlik və stabilliyə xidmət etmir". Peskov mayın 28-də Rusiyanın TASS xəbər agentliyinə deyib: "Bu ekpansionist addımlar Rusiya tərəfindən əks-tədbirlər görülməsini tələb edir ki, hər dəfə balans belə pozulduqda onu tarazlamaq mümkün olsun".