Separatçılar atəşkəs rejiminə əməl etmədilər Dünya

Separatçılar atəşkəs rejiminə əməl etmədilər

Ukrayna prezidenti: "Atəşkəs rejiminin daim pozulması səbəbindən o vaxtından əvvəl ləğv oluna bilər"

Rusiya Federasiya Şurası prezident Vladimir Putinin müraciəti əsasında "RF Silahlı Qüvvələrindən Ukraynada istifadə olunması haqqında" qərarını ləğv edib.
APA-nın "RİA Novosti"yə istinadən yaydığı xəbərə görə, qərarın lehinə 153, əleyhinə 1 senator səs verib.
Xatırladaq ki, V. Putin iyunun 24-də Federasiya Şurası qarşısında Ukraynaya ordu göndərilməsi barədə qərarın ləğvi barədə məsələ qaldırıb. Onun mətbuat katibi Dmitri Peskov bildirib ki, məqsəd Ukraynanın şərq regionlarında vəziyyətin normallaşdırılması və yoluna qoyulmasıdır və bu addım tərəflər arasında danışıqların başlanması ilə əlaqədar atılıb.
Qeyd edək ki, bu il martın 1-də Rusiya Federasiya Şurası V. Putinin Ukraynaya qoşun yeridilməsi barədə təklifini yekdilliklə qəbul edib. Bundan sonra Rusiya Ukraynanın Krım Muxtar Respublikasının ilhaqını həyata keçirib.
Müşahidəçilər Moskvanın son addımının ABŞ və Avropa Birliyinin Rusiya iqtisadiyyatına sektoral sanksiyalar tətbiq etməsinə yol verməmək məqsədi daşıdığını bildirirlər.
Rusiya prezidenti Vladimir Putin isə Vyanada keçirdiyi mətbuat konfransında Federasiya Şurasından Ukraynaya ordu yeritməyə icazə verməsi üçün xahişinin Krım ətrafındakı hadisələrlə bağlı olduğunu bildirib: "Mən Federasiya Şurasında belə bir məktub təqdim etmişdim. Mənim belə bir qərar verilməsinə dair xahişim Krımda o zaman baş verən hadisələrlə bağlı olub. Mən o zaman Silahlı Qüvvələrin istifadə olunmasını istisna etmirdim. Allaha şükürlər olsun ki, Silahlı Qüvvələrdən istifadə olunmadı. Biz hətta Rusiya Silahlı Qüvvələrin Krımda beynəlxalq müqavilə ilə nəzərdə tutulmuş sayını belə artırmadıq".
Putin əlavə edib ki, Rusiya Krımda keçirilmiş referendum zamanı əhalinin seçim azadlığının təmin olunması üçün ordu qüvvələrindən istifadə edib. "Biz bunu Ukrayna ordusunun əhalinin seçim prosesinə mane olmasının qarşısını almaq üçün etmişdik", deyə o bildirib.
Rəsmi Kiyevin atəşkəs barədə bəyanatına və Rusiyanın bu ölkə ərazisinə hərbi müdaxilə qərarından imtina etməsinə baxmayaraq, Ukraynanın şərqində silahlar susmur. Rusiyadan təlimatlar alan separatçı qruplar regionda sabitliyin yaranmasına imkan vermirlər.
Vəziyyət həddə çatıb ki, Ukrayna prezidenti Pyotr Poroşenko atəşkəs rejiminin vaxtından əvvəl ləğv oluna biləcəyini istisna etməyib. Ukrayna prezidentinin rəsmi saytında bildirilir: "Donetskdə, Üçtərəfli Təmas Qrupunun nümayəndələri ilə görüşdə verdikləri vədlərinə zidd olaraq, silahlılar iyunun 24-də Ukrayna Silahlı Qüvvələrinə məxsus helikopteri vurublar, nəticədə 9 nəfər həlak olub. Prezidentin sülh planı elan olunandan bu günədək terrorçular 35 dəfə hərbçilərə atəş açıblar. Atəşkəs rejiminin daim pozulması səbəbindən o vaxtından əvvəl ləğv oluna bilər".
Məlumat üçün qeyd edək ki, tərəflərin qarşılıqlı razılığına əsasən, atəşkəs rejimi iyunun 27-dək davam etməlidir.
Lakin separatçıların terror əməliyyatlarını davam etdirməsi nəticəsində Ukrayna ordusu növbəti itkilər verib. Belə ki, iyunun 24-də separatçılar Ukrayna ordusunun Slavyansk şəhəri ətrafında qurulmuş blokpostlarına hücum edərək, avtomat, "AQS-17" qumbaraatan və minaatanlardan atəşə tutublar.
"UNİAN"ın xəbərinə görə, bu barədə Antiterror Əməliyyatın rəsmi nümayəndəsi Vladislav Seleznyov bildirib ki, separatçıların Ukrayna ordusunun ölkənin şərqində dövlət sərhədinin müəyyən hissəsinin mühafizəsini təmin edən dayaq məntəqəsinə hücumu zamanı minaatanlardan və tank əleyhinə idarə olunan raket qurğusundan açılan atəş nəticəsində piyadanın döyüş maşını (BTR) sıradan çıxıb, 2 hərbçi həlak olub, 3-ü isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Slavyansk şəhəri yaxınlığında isə separatçılar "Mi-8" hərbi helikopterini vurublar, nəticədə 9 hərbçi həlak olub.
Ukrayna Milli Qvardiyasının yaydığı məlumata görə, helikopter Karaçun yüksəkliyində havaya qalxarkən separatçılar tərəfindən zenit-raket kompleksi ilə vurulub. Məlumata görə, hadisə yerinə hərbi texnika göndərilib.
Antiterror Əməliyyatın rəsmi nümayəndəsi Vladislav Seleznyov bildirib ki, insident nəticəsində 3-ü ekipaj üzvü olmaqla 9 hərbçi həlak olub.