Hindistan ABŞ-a qarşı çıxdı Dünya

Hindistan ABŞ-a qarşı çıxdı

Hindistan dövlət neft emalı müəssisələrinə Tehrana məxsus tankerlərdən İran neftinin idxalına izn verib. Bu barədə məlumatı "Röyter" agentliyi yayıb. Rəsmi Dehli bu addımı ölkənin ən böyük yük daşıyıcısı "Shipping Corp of India" şirkətinin ABŞ sanksiyalarına görə İranla bütün əlaqələri dayandırmasından sonra atıb. Dehli bununla Çinin bir müddət öncə atdığı addımı təkrarlamış olub. Nəticədə İran neftinin idxalı işi yalnız İran Milli Tanker İttifaqının üzərində qalıb.
Qeyd edək ki, noyabrda İrana qarşı ABŞ sanksiyalarının ikinci hissəsi qüvvəyə minəcək. Bu sanksiyalara əsasən, ABŞ İranın neft sektoruna sanksiyalar tətbiq edəcək və sanksiyalar İrandan neft idxal edən ölkələrə də aid ediləcək. Bundan başqa ABŞ Hindistanı Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemlərini almaması üçün təhdid etməsinə baxmayaraq, Hindistan cavab olaraq ABŞ-ı saymayacağını bəyan edəcək.
Rəsmi Hindistan ABŞ-ın sanksiya hədələrinə və etirazlarına baxmayaraq, Rusiyadan "S-400" raket əleyhinə müdafiə sistemi alacağını qəti şəkildə bəyan edib. Hindistanın " NDTV " saytının yazdığı məlumata görə, sentyabrın 6-da ABŞ və Hindistandan olan nazirlər arasında görüş keçiriləcək. Görüş çərçivəsində Hindistan rəsmiləri Rusiyadan raket əleyhinə "S-400" müdafiə sistemlərinin alınmasına dair qəti qərarlarını ABŞ tərəfinə bildirəcəklərini deyiblər:
"Rusiya ilə Hindistan arasında "S-400" müdafiə sistemlərinin alınmasına dair saziş demək olar ki, hazırdır. Bu sazişi daha da inkişaf etdirmək niyyətindəyik. Regional şərtlər səbəbindən bu müdafiə sistemləri Hindistana lazımdır. Bu səbəbdən də ABŞ-a öz mövqeyimizi qəti şəkildə bəyan edəcəyik".