Ərdoğan prezidentliyə namizəd oldu Dünya

Ərdoğan prezidentliyə namizəd oldu

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan AKP tərəfindən Türkiyə prezidentliyinə namizədliyi irəli sürülüb. Bununla bağlı qərar bu dəqiqələrdə AKP-nin toplantısı zamanı verilib.
Baş nazirin namizədliyi açıqlanmadan əvvəl Ərdoğanın müxtəlif dövrlərə aid fotoşəkillərindən ibarət bir videosu nümayiş olunub. Qısametrajlı filmin nümayişi əsnasında baş nazirin xanımı Əminə Ərdoğan və baş nazirin müavini Bülent Arınç gözyaşlarını tuta bilməyib. Bu hadisə kameraların obyektivindən yayınmayıb.
"Anadolu" agentliyinin xəbərinə görə, baş naziri Rəcəb Tayyib Ərdoğan prezidentliyə namizədliyindən danışıb: "Biz siyasətə vəzifə, mövqe, rütbə üçün gəlməmişik. Biz siyasətə Vətən, bayraq, istiqlal və gələcəyimiz üçün gəlmişik. Bu ölkə bizə səs verənlər qədər verməyənlərin də ölkəsidir. Biz Türkiyəni onlar üçün də böyütmüşük. Türkiyə bizi sevənlər qədər sevməyənlərin də ölkəsidir. Bu əziz millətə xəyal kimi görünən dərəcələrə çatmağın mümkünlüyünü göstərdik. Biz bir cığır, qapı açdıq. Bu, yalnız idarənin dəyişməsi deyil, həm də prezidentin xalq tərəfindən seçilməsi, bu ölkədə qəyyumluğun baş çatmasıdır".