“Bu ölkəni ciddi problemlər gözləyir” Dünya

“Bu ölkəni ciddi problemlər gözləyir”

Elnur Eltürk: "Ermənistan işğaldan əl çəmədiyi sürəcdə fəlakət qaçlmazdır"

Ermənistanda seçkilər başa çatdı. Ekspertlərin fikirncə, Paşinyan qələbəsini saxtakarlıqla təmin edə bilib. Seçkilərin olduqca passiv keçməsi xunta rejimi daxil olmaqla, keçmiş və indiki hakimiyyətlər, eyni zamanda, müxalifət daxil olmaqla siyasi səhnədə olan heç kimə xalqın etimad göstərmədiyini deməyə əsas verir.
Diaspor üzrə araşdırmasçı, ekspert Elnur Eltürk "Xalq Cəbhəsi"nə bildirdi ki, Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərinin nəticəsi "Qarabağ klanı"nın siyasi səhnədə dəfn mərasimi ilə başa çatdığını deməyə əsas verir: "20 ilə yaxındır ki, Ermənistanın siyasi həyatına nəzarət edən "Qarabağ klanı" Paşinyanın başladığı etiraz aksiyaları ilə çökdü. İllərdir ki, İrəvan və Qarabağ erməniləri arasında fikir ayrılığı vardı. İnqilab klanın çökməsinə böyük təsir göstərdi. Artıq Nikol Paşinyan üçün geniş meydan açılır. Qalır onun meydandan necə istifadə etməyi. Ölkədə sosial-iqtisadi problemlərin həllinə nail olsa, daxildə mövqeləri güclənəcək. Nikol bunları edə bilməsə, ona qarşı etirazların başlayacağı şübhəsizdir. Çünki Paşinyanı hakimiyyətə gətirilməsində Amerikanın böyük rolu var. Bu isə deməkdir ki, Ermənistan üzərində böyük nəzarətə malik olan Rusiyanı siyasi səhnədən uzaqlaşdırmaq və öz nüfuz dairəsinə salmaqdır. Hələlik yaxın illərdə bunu etmək çətin olacaq. Ermənistan cəmiyyəti buna hazırlanmalıdır. Ancaq bunu nə qədər reallaşdıra biləcək, onu zaman göstərəcək. Aydın olan odur ki, Ermənistan geosiyasi oyunların mərkəzinə gətirilir. Nikol üçün ciddi problemlərdən biri də Qarabağ məsələsidir". Onun fikrincə, Qarabağ danışıqlarında Azərbaycan ciddi mövqelərə malikdir: "Üstəlik, sürətlə silahlandırmanı aparır. Rəsmi Bakı Qarabağ danışıqlarında güclü ordu, güclü diplomatiya prinsipinə üstünlük verir. Bu, rəsmi İrəvanı narahat etməyə bilməz. Nikol Paşinyan rəsmi Bakının ikinci aprel savaşı başladacağından ehtiyat edir. Qeyd edək ki, eks-prezident Serj Sarkisyan hakimiyyətinin çökməsində aprel hadisələrinin böyük təsiri oldu. Aprel hadisələrindən sonra daxildə Sarkisyana qarşı inamsızlıq güclənməyə başladı. Aprel döyüşlərdə böyük zərbə alan işğalçı Ermənistan hakimiyyəti çökməyə başladı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Sarkisyan hakimiyyətinin çökməsində aprel hadisələri ilə əlaqələndirmişdi. Digər tərəfdən də sosial-iqtisadi problemlər Sarkisyanın hakimiyyətdən getməsini sürətləndirdi. Sarkisyanın vaxtında olan problemləri Paşinyan həll etməlidir. Bunları həll edə bilməsə, onu Sarkisyanın taleyi gözləyir".
Ekspert əlavə edib ki, Paşinyanın hakimiyyətə saxta seçki ilə gəlməsi də ona gələcəkdə problemlər yaradacaq: "Onsuz daErmənistanda vəziyyət ürəkaçan deyil. Bundan sonra da bu ölkəni ciddi problemlər gözləyir. Ermənistan işğaldan əl çəmədiyi sürəcdə fəlakət qaçlmazdır".
"Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib ki, "Ermənistanda parlament seçkiləri erməni xalqının inamını olmasa da, əvvəlcədən obyektiv rəy və təhlilçilərin proqnozlarını doğrultdu: "Sarkisyan və Koçaryanın saxta seçki keçirmək ənənəsinin dəyişmədiyi sübut olundu".
Ermənistanda keçirilən seçkilərin Ermənistan cəmiyyətinin azad və ədalətli seçkiyə bəslədiyi ümidləri puç etdiyini deyən baş redaktor söyləyib ki, Sarkisyan və Koçaryan öz dövrlərində erməni cəmiyyətinin seçkiyə inamını o qədər azaldıb ki, bu seçkilər də onu bərpa edə bilmədi.
A. Quliyev bildirib ki, Paşinyan parlament çoxluğunu da, azlığını da özünə münasib qüvvələrdən formalaşdırdı: "Cəmi bir il əvvəl guya Ermənistanda ən güclü qüvvələr sayılanlar bu gün heç parlamentə də düşə bilmədi. Bu, əslində Koçaryan və Sarkisyanın saxta seçkilərini illər öncə bəh-bəh ilə qəbul edən beynəlxalq dairələrə də bir zərbə və dərs oldu. İndi onlara izah edilməlidir ki, illər öncə Azərbaycanın dövlət və siyasi xadimləri Ermənistanda seçkilərin total saxtalaşdırıldığını iddia edəndə düz yolda idilər. Bu gün Ermənistanda çox ciddi pozuntular olsa da bəzi beynəlxalq dairələrin susması ya ləng tərpənməsi şübhəlidir. Görünür bu dairələr hələ də məhdud erməni qrup və mafiyasının maraqlarına uymaq yolunda olmaqla yanaşı, ikili standart siyasətini davam etdirirlər".
Ekspert qeyd edib ki, ötən gün keçirilən seçki Ermənistanda daxili ziddiyyətləri nəinki həll etmədi, əksinə onları bir az da dərinləşdirdi: "Ermənistanda guya nümunəvi yumşaq inqilab layihəsi hazırlayan beynəlxalq maliyyə siyasi dairələr də iflasa uğradı. Səsverməyə realda cəmi 48 faiz seçicinin gəlməsi o deməkdir ki, əslində xalq ölkədə yeni dövr başlatmaq istəyənlərə inanmır. Məsələ budur ki, hətta müxalif sayılan partiyalar da ciddi uğur qazana bilmədi. Bu o deməkdir ki, həm ədalətli seçki mühiti yoxdur, həm də xalqın ümumən siyasi elitaya etimadı sarsılıb".
Quliyev əlavə edib ki, Ermənistan cəmiyyətinin əslində siyasi elita böhranı yaşadığını bu seçki tam aydın göstərdi: "Tam Rusiya əleyhinə olan qüvvələrin parlamenti ələ keçirməsi bu ölkənin gələcəyi barədə nikbin proqnozlar üçün son əsasları da məhv etdi. Yeni hakimiyyətin saxta seçki ilə hakimiyyəti zəbt etməsi Ermənistanla yanaşı bütün regionun gələcəyi üçün təhlükə mənbəyi yaratdı. İndiki hakimiyyəti Koçaryan-Sarkisyan xuntasının başqa bir formada davamı saymaq daha doğru olardı".
Millət vəkili Elman Məmmədov bildirib ki, ümumiyyətlə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yaydı ki, seçkilərdə 2 milyon yarım seçici qeydə alınıb: "Bundan böyük saxtakarlıq, yalan ola bilməzdi. Bu gün Ermənistanda bütövlükdə əhalinin sayı özlərinin hesablamalarına görə heç 2 milyonu ötmür. Onlar 3 milyondan artıq əhali göstərirlər. Amma bunlar 20-25 il bundan qabaq Ermənistandan tamamilə köçüb gedənləri, Ermənistanda yaşamayanları da siyahıda saxlayıb seçici kimi təqdim edirlər. Yəni Ermənistanda 2 milyon yarım seçicinin olması qeyri-mümkündür". Deputatın sözlərinə görə, əhalinin sayından çox seçici ola bilməz: "İkincisi, seçkilərdə əhalinin son dərəcə passiv iştirak etməsi göz önündə idi. Biz bilirik ki, seçkilərdə əsas fəallıq günortaya qədər olur. Günortadan sonra isə fəallıq olmur. Əgər belə idisə 40 faiz səs haradan gəlib ortaya çıxdı. Təbii ki, bu da saxtakarlıqdır. Bu nə deməkdir? Bu erməni xalqının erməni iqtidarına, siyasətçilərinə, siyasi liderlərinə etibarlarının, etimadlarının tamamilə itməsi deməkdir. Artıq bu xalq, millət əllərini hər şeydən üzüblər və heç nəyə də inanmırlar. Hətta onlar Paşinyanın o hay-küyünü də sıfıra endirdilər. Yəni sübut etdilər ki, biz heç kimə inanmırıq. Seçkilərə gəlməmək, iştirak etməmək elə bunun bariz göstəricisi idi. Paşinyanın isə seçkilərdən sonra hansı kursu seçəcəyi onun özündən asılıdır. Yəni Paşinyan da bizim cənab Prezidentimizin vurğuladığı kimi özündən əvvəlkilərin hərbi canilərin, cinayətkarların getdiyi yolla getsə, o səhvləri etsə Paşinyanın aqibəti onlarınkından da betər olacaq.
Paşinyan düzgün yola düşsə, ədalətli konstruktiv mövqe tutsa Ermənistan düşdüyü bu fəlakətdən, böhrandan qurtula bilər. Burada yeganə yol var o da Ermənistan qonşu dövlətlərə qarşı olan düşmənçilik, işğalçılıq siyasətindən əl çəkməlidir və qonşularla normal münasibət yaratmalıdır. Bunu başqa yolu yoxdur. Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərindən tamamilə çıxmalıdır və ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır. İkincisi, Ermənistan Türkiyəyə qarşı olan tarixi ədalətsiz iddialarından əl çəkməlidir. Bax bu şərtlər daxilində Ermənistan dövlət kimi yaşaya bilər. Əks təqdirdə işğalçı ölkəni bundan da pis günlər gözləyir".
Analitik Ehtiram Aşırlı diqqətə çatdırıb ki, Ermənistanda indiyə qədər keçirlən seçkilərin heç birində bu qədər az sayıda seçici fəallığı ilə müşahidə olunmamışdı: "Həmçinin Paşinyan İrəvan Ağsaqqaları Şurası seçkiləri zamanı əldə etdiyi nəticəni (81%) yenidən əldə edəcəyini düşünürdü. Lakin bir amil var ki, Paşinyanın qələbəsi kimi qiymətləndirilməldir. O da ki, köhnə iqtidarın yəni Ermənstan Respublikaçılar partiyasının 4,7% səs toplayaraq 5%-lik barajı keçə bilməməsidir. Belə olan təqdirdə Ermənstan Respublikaçılar partiyası bu parlamentdə təmsil olunmayacaq ki, bu da Paşinyanın əsas məqsədlərindən birinə nail olduğunu qeyd edə bilərik.
Digər tərəfdən isə Paşinyan bu seçkiləri qalib olaraq başa vursa da hakimiyyətinin uzun ömürlü olub olmaması da sual altındadır. Gələcəkdə Paşinyanın siyasi səriştəsizliyi və idarəçilik qabiliyyətinin olmaması onun mövqeyinin zəifləməsinə gətirib çıxaracaq. Hazırda ona qarşı mübarizə apara biləcək siyasətçi olmasa da bu seçkilərdə öz partiyası ilə qatılan Edmon Marukyanın parlamentə daxil olması ilə Paşinyana qarşı gələcəkdə əsas rəqibin ola biləciyi ehtimallarını artırmış oldu".
E.Aşırlı qeyd edib ki, xüsusilə, seçkilərdən sonra əsas aktivliyin "Qarabağ klanı" tərəfindən müşahidə oluna biləcəyini vurğulamaq yerinə düşər: ""Qarabağ klanı"nı maraqlandıran əsas məsələ Dağlıq Qarabağ münaqişəsidir. Paşinyana qədər Ermənistanda "Qarabağ klanı"nın nümayəndlərindən olan şəxslərin hakimiyyətə olması münaqişə ilə bağlı status-kvonun qorunması baxımdan qondarma rejimdə heç bir zaman narahatlıq yaratmırdı. Çünki "Qarabağ klanı"nın dəstəklədiyi şəxs Ermənistanda hakimiyyətdə olduğu müddətdə danşıqlar masasında həm onların adından danışır həm də mövqeylərini müdafiə etdiyi üçün indiyə qədər problem olmurdu. Hazırda isə tam əksinə "Qarabağ klanı" ilə Paşinyan arasındakı ziddiyyətlərin olması Dağlıq Qarabağ ilə bağlı qondarma rejimdə narahatlıqların yaranmasına səbəb olub. Bu baxımdan "Qarabağ klanı"nın əsas məqsədi danışıqlar masasında Paşinyanın deyil qondarma rejimin tərəf kimi çıxış etməsini nail olmağa çalışırlar".

Əli