ABŞ-ın “Tampon bölgə” istəyi nəyə hesablanıb? Dünya

ABŞ-ın “Tampon bölgə” istəyi nəyə hesablanıb?

Türkiyə terrorçulara qarşı mübarizədən geri çəkilməyəcək
Prezident Trampın ABŞ hərbçilərinin Suriyadan geri çəkilməsi haqqında qərar verməsindən sonra yeni proseslərə şahid oluruq. Başından bəri Trampın bu qərarına ehtiyatla yanaşılmalı olduğunu daim qeyd edirdik. Çünki əsas olan geri çəkilmənin mahiyyəti – xarakteridir. "Strateq" "Akşam"a (Türkiyə) istinadən yazır ki, ona görə də bu geri çəkilmə qərarının ABŞ-ın Suriya gündəliyini tamamilə qapatması və Suriyanın şimalında təchiz etdiyi, ağıl və yön verdiyi gücləri tamamilə tərk etməsi olaraq qiymətləndirilməsi mümkün deyildi.
Buna rəğmən, Trampın ilk ifadələrindən anlaşılan fikir geri çəkilmənin dərhal başlayacağı yönündə idi. Elə Prezident Ərdoğan da, haqlı olaraq, o vaxt Fəratın şərqinə yönəlik planlaşdırılan hərbi əməliyyatın yubadılacağı yönündə açıqlama vermişdi. İndi isə Tramp sözünü dəyişərək, öncəki davranışlarına bənzər şəkildə yeni bir açıqlama verərək, fərqli xüsusları önə çıxarıb.
ABŞ Prezidenti Donald Trampın kabinet toplantısında Suriyadan geri çəkilmə ilə bağlı bir tərəfdən "sonsuzadək Suriyada qalmaq istəmirəm" deməsi, digər tərəfdən Suriyadan geri çəkilməyi zamana yayacaqlarını və kürd güclərini qoruyacaqlarını söyləməsi, eyni zamanda "The New York Times" qəzetinin "onun Pentaqona 4 ay içində Suriyadan geri çəkilmə təlimatı verəcəyi" iddiasına cavab verərək, "Geri çəkilmə məsələsilə bağlı "yavaş" və ya "sürətli" kimi ifadələr işlətmədim. Bəziləri 4 ay dediyimi söyləyir, bunu da söyləmədim. Suriyadan müəyyən bir müddət ərzində çəkiləcəyik " deməsi yeni durumun yarandığına işarə edir. Ayrıca, bu, bəzi xüsusların aydınlığa qovuşması mənasına da gəlir.
Hər şeydən öncə, kürd gücləri qılafı altında kürdlərin deyil, PKK-PYD/YPG terror strukturunun qorunub mühafizə ediləcəyi vurğulanır. Bu terror strukturuna verilən silahların toplanmayacağı anlaşılır. Suriyada bu silahlarla planlaşdırılan "işlər"in yenə gündəlikdə olacağı anlayışı sezilir. Bütün bunlar üçün ABŞ-ın zamana ehtiyac duyduğu da açıqca anlaşılır. Bu məqamda Türkiyənin terrorla mübarizədəki qərarlılığının ABŞ baxımından səbəb olduğu qayğının azaldılması üçün məsələnin mümkün olduqca zamana yayılaraq həll edilməsinin istəndiyi görünür. Bu baxımdan, FETÖ məsələsilə bağlı ABŞ-dan nümayəndə heyətlərinin gəlməsi, "Patriot"ların satışına razılıq verilməsinin duyurulması bir tərəfdən Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salmanın üzərindəki təzyiqin azaldılmasına səy göstərilməsi, digər tərəfdən Fəratın şərqinə yönəlik gözlənilən hərbi əməliyyatı yubatma yönündə yeni bir xətt – istiqamət yaradılması diqqəti cəlb edir.
Bu arada, respublikaçı senator Lindsli Qrehemin öncə Prezident Trampla, sonra ABŞ Baş qərargah rəisi Danford və Milli təhlükəsizlik müşaviri Boltonla görüşməsi və ardınca da yeni bir tezis olaraq "Fəratın şərqində Türkiyə sərhəddi boyunca tampon bölgə yaratma təklifi"nin ifadə edilməyə başlanması yeni durumun yaranmasına işarə edir.
Şübhəsiz, ilk öncə bu tampon bölgənin mahiyyətinin nə olacağının, bununla real olaraq nəyin hədəfləndiyinin anlaşılması ilə hər şey aydınlaşacaq. Lakin ABŞ-ın bugünədək Suriyada olan, xüsusilə PKK-PYD/YPG terror strukturu ilə bağlı praktikası nəzərə alınarsa, belə bir tampon qurşağın Türkiyədən çox, həmin terror strukturunun təhlükəsizliyini təmin etmə funksiyası yerinə yetirəcəyi anlaşılır.
Kim hansı qaranlıq planı yoxlamağa cəhd edirsə etsin, Türkiyənin terrorla mübarizədəki qərarlılığı azalmayacaq…