ABŞ-İran qarşıdurması güclənir Dünya

ABŞ-İran qarşıdurması güclənir

ABŞ-İran gərginliyi davam edir. Tərəflər bir-birinə qarşı sərt ritorikadan əl çəkmirlər. Təbii ki, burada həm daxili auditoriyaya söykənmiş xitablar, həmçinin hər iki dövlətin Yaxın Şərq siyasətində geri çəkilmək istəməmələri əsas rol oynayır.
Bunu qəzetimizə açıqlamasında ekspert Kamran Sultanlı bildirib. Onun sözlərinə görə, Tramp hakimiyyətə gəldikdən dərhal sonra Tehrana qarşı sərt ritorikaya üz tutdu. ABŞ lideri İrana qarşı 2018-ci ilin iyun, avqust və noyabr aylarında mərhələli şəkildə sanksiyalar tətbiq etdi. Tramp Obama administrasiyası ilə 2015-ci ildə imzalanmış "Əhatəli Ortaq Fəaliyyət Planını" Vaşinqtonun maraqlarına zidd hesab edir. Ağ ev rəhbəri İrandan nüvə siyasətində korrektələrdən əlavə, ballistik raket istehsalını dayandırmasını və Suriyadan çıxmasını, bütün qüvvələrə dəstəyi dayanırmasını tələb edir. Tehran isə bunlarla razılaşması problematikdir. Çünki bu cənub qonşumuzun, həyati maraqlarına ziddir. Suriya səhnəsində mövcudluq İranın regional maraqları üçün böyük əhəmiyyət kəsb edir.
İran və Suriya arasında əlaqələr, İslam inqilabından sonra İran-İraq müharibəsi ərəfəsində qurulub. Suriyada sosialist ələvi Hafiz Əsədin hakimiyyətə gəlməsindən sonra həm SSRİ həmçinin İran Suriya ilə yaxın əlaqələr qurub. Hazirki dövrdə də Əsəd ailəsinin əsas müttəfiqi Tehran və Moskvadır. Soyuq müharibə dövründə ideoloji amillər hər iki dövlətdə əsas olsa da, hazırda geoiqtisadi və geosiyasi maraqlar daha önəmlidir. Təbii ki, Moskvadan fərqli olaraq Tehran hələ də ideoloji faktordan istifadə edir. İran-İraq müharibəsinə qədər, Suriya İraq neftinin əsas idxalatçısı idi, lakin daha sonra İranla anlaşan Hafiz Əsəd İran neftini almağa qərar verir. İran bu faktla İraqa 6 milyard dollara qədər ziyan vurur. O dövrdən bəri Suriyada İran, Əsəd ailəsinin ən yaxın müttəfiqinə çevrilir. Suriyada sünni çoxluğu idarə edən ələvi azlığı güclü ideoloji müttəfiqə ehtiyac duyur. Bu funksiyanı isə özünü şiə aləminin lideri hesab edən, xarici siyasətində şiə hilalı qurmaq, bunun vasitəsilə regionda öz mövcudluğunu davam etdirməyi qarşısına məqsəd qoyan İrandan yaxşısını tapmaq olmazdı: “Bəşər Əsədin hakimiyyətə gəlməsindən sonra İran Suriyada mövcudluğunu daha da gücləndirdi. İranın Suriyada önəmli geosiyasi maraqları var. Ərəb dünyasında Suriya mühüm geosiyasi mövqeyə malikdir. Suriya özünün kommunikativ rolu ilə rəsmi Tehranın birbaşa maraq dairəsindədir. Burada əsas rol oynayan amil İranın öz proksi qüvvələrinə dəstək verməsi üçün Suriyadan plasdarm kimi istifadə etməsi məqsədidir. 2015-ci il altılıq ölkələri imzalanan nüvə müqaviləsindən sonra İrana qayıdan 35 mld dollara yaxın vəsait İranın proksi qüvvələrinə dəstək naminə xərcləndi. Suriya böhranında cənub qonşumuz faktiki regional gücə çevrildi. İran üçün önəmli olan "Tehran-Dəməşq-Beyrut" xəttini tamamlamaq, İranan başlayaraq, Suriya vasitəsilə, Aralıq dənizinə çıxış əldə etmək və Livan “Hizbullah”ına dəstəyi maksimum sürətdə artırmaq üçün quru yolunu açmaq idi. İran şiə hilalı üçün Suriyaya xüsusi şəkildə önəm verirdi. İran üçün digər önəmli məsələ isə İsrailin sərhədlərinə dayanmaq və ərəb dünyasında özünün geosiyasi təsir imkanlarını saxlamaq idi. Bu baxımdan Tramp, Obama ilə İranın anlaşmasını maraqlara uyğun hesab etmirdi. Çünki Tramp administrasiyasi İran siyasətində yevangelist şəbəkəsi və yəhudi lobbisinin təsiri ilə hərəkət edirdi. İran faktiki İsrailin sərhədlərinə qədər dayanmışdı. Vaşinqtonun Suriyaya müdaxiləsində əsas faktor məhz şiə hilalını daraltmaq və İranın Aralıq dənizinə çıxışını bloklamaq idi”.
Ekspert onu da qeyd edib ki, İranın Suriya siyasətinə, ölkə siyasətində iki baxış bucağı var: “Birinci qrup İranın Suriyada mövcudluğuna tarixi aspektdən, İranı regionun mədəni-siyasi mərkəzi olması və buna görə regionda baş verən proseslərdə aktiv rol oynamalı olduğu ilə izah edir. Digər qrup isə Suriyada Əsəd rejimin çöküşünün müharibənin İranın sərhədlərinə keçə biləcəyi ehtimalından dəyərləndirərək, İranın Suriyada mövcudluğunu zəruri hesab edir. İran, ABŞ-İsrail tandemi ilə heç bir zaman açıq üz-üzə qalmaq marağında ola bilməz. Tehran bunun, onun üçün böyük itki olacağını gözəl anlayır. Buna görə də özünün dəstəklədəyi qruplarla, ABŞ və İsrail qarşısına çıxmağı məqsədəuyğun hesab edir. Belə olan halda İsrail və ABŞ birbaşa İranı yox məhz onun proksi qüvvələrini vurur. Beləcə İran müharibənin onun sərhədlərinə daxil olmasını önləyir. Mən Trampın da İrana zərbə endirmək niyyəti olacağı təqdirdə məhz bu proksi qüvvələrlə lokal qarşıdurmaya gedə biləcəyini zənn edirəm”.
K.Sultanlının fikrincə, İranın Suriya siyasətində SEPAH amilinin xüsusi rolu var. Hamıya bəllidir ki, İranın xarici əməliyyatlarını həyata keçirən SEPAH-a bağlı Qüds ordusu və onun lideri general Qasim Suleymanidir. İranın Suriyada qalıcı olmasına təkid edənlər arasında Xamaneinin xarici məsələlər üzrə müşaviri keçmiç XİN rəhbəri, Əli Əkbər Vilayəti, SEPAH komandanı Hüseyn Səlami, Xamaneinin müşavirlərindən olan Mehdi Ələvi də var.
Suriya digər cəhətdən tranzit əhəmiyyətinə görə xüsusi önəm daşıyır. Çünki Şərq dövlətləri, birbaşa Suriya vasitəsilə Avropaya öz enerjilərini çatdıra bilərlər. Vaxtilə buna Qətər cəhd etdi, lakin Moskva bunun qarşısını almaq üçün Suriyaya daxil oldu. Çünki Qətər, Rusiya üçün ciddi alternativdir. Eləcə də, İran da Qətərin Avropanın enerji bazarına aktiv olmasına maraqlı deyil. İran həmçinin Suriya səhnəsində özünün dəstəklədiyi qruplaşmaları gücləndirməyə çalışır: “Misal üçün Suriya müharibəsi nəticəsində Hizbullah böyük döyüş təcrübəsi toplamış və peşakar bir qruplaşmaya çevrilmişdi. İran qeyri-rəsmi rəqəmlərə görə Suriyada 70-150 min arası ideoloji qruplaşmalar saxlayır. Bunlar arasında Hizbullah, Əl-Hənf, Zeynəbiyyə, Qüds tuğayları və digər şiə milisləri qeyd edilə bilər. Əsəd rejiminin hələlik hakimiyyətdə qalması rəsmi Tehran üçün prioritetdir. İran hazırda Suriya iqtisadiyyatında təsirini artırmağa, hərbi mövcudluğunu daha da genişləndirməyə çalışır. Pentaqonun Trampın Suriyadan çıxmasına qarşı olması və İsrailin Suriyanı tez-tez bombalamasının ən əsas səbəbi məz Tehranın Suriyadakı mövcudluğunun qarşısını almaq və onun şiə hilalını formalaşdıra bilməsinə mane olmaq məqsədi dayanır”.