G7 sammitində qalmaqal yaşandı Dünya

G7 sammitində qalmaqal yaşandı

G7 sammiti çərçivəsində təşkilatçı ölkə ilə ABŞ-ı təmsil edən nümayəndə heyətinin üzvləri arasında bir sıra məsələlərin müzakirəsi zamanı fikir ayrılıqları olub.
Yaranan fikir ayrılıqları hətta qonaqların narazılığı ilə qarşılanıb.
Toplantıda dünya liderləri arasında müzakirə edilən qlobal iqlim dəyişikliyi, Şimali Koreya ilə bağlı siyasət və müvafiq tariflər mövzusunda kəskin mübahisələr yaranıb.
Bu, daha çox Ağ Ev və Fransa rəsmiləri arasında özünü büruzə verib.
Amerikalı nümayəndələrdən biri Fransa tərəfini vəziyyəti qəsdən mürəkkəbləşdirməkdə qınayıb. Qeyd edib ki, tərəflər arasında logistikadan tutmuş təhlükəsizlik məsələlərinə qədər müzakirə edilən məsələlərdə problem yaranıb.
Onu da qeyd edək k, ABŞ Prezidenti Donald Tramp G7 sammitində digər ölkə başçıları ilə Rusiyaya görə mübahisə edib.
Bu məlumatı isə “Qardian” qəzeti öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, Tramp G7-yə üzv olan digər ölkə başçılarının Rusiya ilə bağlı ittihamlarını rədd edib. Qəzet mübahisənin G7 başçılarının şam yeməyi zamanı yaşandığını bildirib. Mübahisə zamanı G7 ölkələrindən yalnız İtaliyanın istefaya gedən Baş naziri Cuzeppe Konte Trampı dəstəkləyib, Yaponiya Baş naziri Şindzo Abe isə neytral mövqe tutub. Digər dörd dövlətin başçısı və Avropa Şurasının rəhbəri Donald Tusk Trampın fikrinin əleyhinə çıxış edib:
“Liderlərin əksəriyyəti israr edirdilər ki, G7 liberal demokratik cəmiyyətlərin ailəsi, klubu kimi qalmalıdır. Ona görə də onlar Trampa deyirdilər ki, siz prezident Putinə buraya dönməyə izn verə bilməzsiniz. Tramp üçün bu, elə də vacib şərt deyildi. ABŞ prezidenti israr edirdi ki, İran, Suriya və Şimali Koreyanın müzakirəsi üçün Rusiyanın G7-də mövcudluğu vacibdir”.
G7 sammitinin ikinci günündə də sürpriz hadisələr yaşanıb.
Belə ki, Fransa Prezidenti Makron Vaşinqton və Tehran arasında vasitəçilik etmək məqsədilə İranın xarici işlər naziri Cavad Zərifi Parisə dəvət edib.
İranın xarici işlər naziri Zərif G7-nin toplantısının keçirildiyi Biarritz şəhərinə gəlib. Sammitin ikinci günündə ABŞ Prezidenti Donald Tramp Cavad Zərif ilə görüş təklifini rədd edib.
Qeyd edək ki, Makron Suriya, İraq, Liviya kimi problemlərin həlli üçün bir sıra Afrika dövlət başçılarını “Afrika ilə G7 həmrəyliyi” adlı toplantı bəhanəsi ilə Fransaya dəvət edib.
Hazırda Misir, Cənubi Afrika Respublikası, Seneqal, Ruanda və digər Afrika ölkə liderləri Fransada səfərdədir.
Onu da bildirək ki, ABŞ prezidenti Donald Tramp Biarissdə keçirilən G7 sammitində üzv ölkələrin liderlərinin ona ən çox verdikləri sualdan danışıb.
“Bu gün dünyanın başqa liderləri hansılar ki, ABŞ-da işlərin əla getdiyini və bizim indi daha güclü olduğumuzu hesab edirlər, onların mənə ən çox verdikləri sual budur: “Cənab prezident, niyə Amerika mediası sizin ölkənizə belə dərin nifrət edir? Niyə onlar uğursuzluq arzu edirlər?” – deyə Tramp özünün “Twitter”dəki səhifəsində yazıb.
Venesuela müxalifətinin lideri Xuan Quaydo isə G7 ölkələrinin hakimiyyətlərinə müraciət edərək, ölkəsinin Rusiya, Çin və Kuba ilə yaranmış siyasi böhranını müzakirə etməyi və onların mövqeyinə təsir göstərməyi xahiş edib.
“Dünyanın demokratik ölkələri Nikolas Maduro rejiminə insan hüquqlarının sistematik pozulmalarının ciddi nəticələrə malik olacağını aydın şəkildə çatdırmağa məcburdur”, – deyə müxalifətçi bildirib.
Qeyd edilir ki, Quaydo G7-nin hər ölkəsinin Kuba, Çin və Rusiya səfirləri ilə görüş, onlara oxşar üsulla fikir bildirməyi tələb etmək arzusunu ifadə edib.
Siyasətçi həmçinin G7 ölkələrinin növbəti görüşünün gündəliyinə Venesuela mövzusunu daxil etməyi xahiş edib.
Daha əvvəl məlum olub ki, Venesuela hökuməti ABŞ tərəfindən tətbiq edilən yeni sanksiyalara baxmayaraq müxalifətlə danışıqları dayandırmaq niyyətində deyil.
Almaniya Federativ Respublikasının kansleriAngela Merkel G7 sammitinə dair keçirilən mətbuat konfransında bildirib ki, G7 sammitində İran məsələsi üzrə konstruktiv müzakirə oldu. Bütün tərəflər nüvə məsələsinin diplomatik qərarı təklifi ilə çıxış etdi.
RİA “Novosti”yə istinadən xəbər verir ki, “Bu, yaxşı və konstruktiv müzakirə idi, hansı ki, İranın nüvə silahını almaması və danışıqlar yolu ilə bu nəticəyə nail olmaq istəyində hamının vahid mövqeyini göstərdi “, – Merkel deyib.
O, əlavə edib ki, söhbət sonrakı eskalasiyanın buraxılmamasından gedir.
Daha əvvəl Böyük yeddilik (G7) ölkələrinin liderləri Fransanın Biarrits şəhərində keçirilən sammitdə Rusiyanı qaytarmaqla “G8” formatını bərpa etmək məsələsini müzakirə ediblər.
Xatırladaq ki, G7 sammiti Fransanın cənub-qərbində, Biarissdə keçirilir.