“İsrail Rusiya ilə İranı qarşı-qarşıya qoyur” Dünya

“İsrail Rusiya ilə İranı qarşı-qarşıya qoyur”

“İran və Rusiya Yaxın Şərq siyasətində razılıq əldə edə bilir. İsrail indi bu məsələləri gündəmə gətirməklə, iki ölkə arasında olan münasibətlərin daha da dərinləşməsinin qarşısını almağa çalışır”.
Bu sözləri politoloq Vüqar Zifəroğlu İsrail Baş naziri Benyamin Netanyahunun “Tehran nüvə silahını əldə etsə, silahını və ideologiyasını təkcə Qərbə və İsrailə yox, Rusiyaya da göndərəcək” sözlərinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Rusiya və İran ittifaqının mövcudluğu regionda marağı olan digər ölkələri narahat edir:
“Rusiya ilə İranın istər Fələstin, istərsə də Suriya məsələsində bir-birinə uyğun maraqları var. Amma təbii ki, hər dövlətin özünün də ayrıca siyasəti, maraqları mövcuddur. Buna görə də dəqiq bilmək olmaz, İran gələcəkdə nüvə dövlətinə çevrildikdən sonra Yaxın Şərqdə öz hədəflərinə nail olmaq üçün hansı addımları atacaq və bu addımlar nə dərəcədə Rusiyanın maraqları ilə üst-üstə düşəcək. Buna görə də İsrail tərəfi indi belə bəyanatlar verməklə, Rusiyanın diqqətini bu məsələyə çəkməyə və iki ölkə arasında münasibətlərin gələcəkdə daha da dərinləşməsinə mane olmağa çalışır. Lakin düşünmürəm ki, bu bəyanat hələlik iki ölkədən hansısa biri üçün maraqlı olsun. Çünki onlar üçün hələlik müttəfiq olmaq daha əlverişli imkanlar yaradır. Lakin qarşıda nələrin olacağı haqqında dəqiq nəsə demək çox çətindir”.