Putin söz tapa biləcəkmi? Dünya

Putin söz tapa biləcəkmi?

Ukrayna Avropa Birliyinə üzv olmaqla yanaşı, Donetsk və Luqanska daha geniş muxtariyyət verib

Cavid

Ukrayna parlamenti ölkənin şərq hissəsinə "xüsusi status" verən qanunvericiliyi qəbul edib, eləcə də Avropa Birliyi ilə sıx əlaqələrə dair tarixi sənəd ratifikasiya olunub.
Ukrayna mətbuatı xəbər verir ki, bu barədə məlumatı ölkə parlamentinin rəsmi saytı yayıb: "Ukrayna Ali Radası öz seçicilərinin iradəsinə uyğun olaraq, yeganə qanunverici orqan kimi Ukrayna və Avropa Birliyi arasındakı assosiativ üzvlük haqqında razılaşmanı ratifikasiya edir. Ukrayna Avropa ölkəsi olaraq gələcəkdə Avropa Birliyinin üzvü olmaq üçün öz suveren qərarını verib.
Sənəddə qeyd olunur ki, bu sənəd Avropa Birliyinə üzvlük yolunda Ukraynanın əsaslı addımıdır.
Ali Rada həmçinin qanun qəbul edərək, Donetsk və Luqanska 3 il müddətinə daha geniş muxtariyyət verib. Məqsəd rusiyayönlü separatçılarla münaqişəyə son qoymaq və 45 milyonluq dövləti parçalanmaqdan qorumaqdır. Yerli hakimiyyətlərə icazə verilir ki, öz polisi, hakim və prokurorları olsun.
Qanunvericilik dekabrın 7-də Donbass regionun müəyyən hissələrində yeni şuraların seçilməsi üçün seçki keçirilməsini nəzərdə tutur.
Yeni qanun həmçinin dövlət müəssisələrində rus dilindən istifadəyə, yerli hakimiyyətin Rusiyanın qonşu regionları ilə münasibətləri gücləndirməsinə icazə verir.
Dağıdılmış infrastrukturun bərpası, münaqişədən ciddi ziyan görmüş ərazilərə sosial və iqtisadi yardım vəd olunur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılmadan qəbul edilməsi bəzi ziddiyyətlərə səbəb olub. Batkivşina və Azadlıq partiyaları səsvermədə iştirak etməyib. Batkivşina partiyasının sədri - ölkənin sabiq baş naziri Yuliyo Timoşenko qərarın üsyançıları leqallaşdırdığını deyib.
UDAR partiyasında millət vəkili Vitali Kovalçuk isə, qeyd edib ki, parlamentdə qəbul olunan qərarlar hökumətin münaqişənin həlli istiqamətində iradəsini göstərir.
Lakin hökumət hələlik Donbas regionuna tam güzəştə getmək istəmir. Belə ki, regionun tam şəkildə tərksilah olması daha çox güzəştlərin ilkin şərtləridir.
Qanun özlərini Donestk Xalq Respubliksı elan edən qurum rəhbərliyi tərəfindən araşdırıldıqdan sonra Donbas regionda ilin sonunda yerli əhali arasında səsverməyə çıxarılacaq.
Xatırladaq ki, apreldən davam edən münaqişədə 3 mindən çox adam ölüb.
Ukrayna parlamentinin Donetsk və Luqanska ən yüksək statusla muxtariyyət verməsi bəzi politoloqlar tərəfindən Rusiya prezidenti Vladimir Putinin qalibiyyəti kimi şərh edilməkdədir. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq İlqar Altay məsələyə bu cür yanaşmağı doğru hesab etmədiyini vurğulayıb: "Bu təklif Ukrayna prezidenti Poroşenko tərəfindən irəli sürülüb. Təbii ki, düzgün analiz edilsə, indiki mürəkkəb şəraitdə Ukrayna tərəfini tam qane edir. Ona görə ki, geosiyasi nəzəriyyə və praktikada hər hansı coğrafi kəsimə verilən muxtariyyətin ən yüksəyi belə müstəqil demək deyil. Bu, həmin dövlətin, öılkənin inzibati sahibliyində qalmaqdır. Bu halda Donesk və Luqansk Ukraynanın bir bölgəsi olaraq Kiyev hakimiyyətinin sahibliyində qalır, qondarma "DNR" və "LNR" ləğv edilərək seperatçılar silahı yerə qoyur, Rusiya qoşunları bölgəni tərk edir. Beləliklə, Moskva bu münaqişədə geri çəkilmiş olur. Belə bir status Azərbaycan Dağlıq Qarabağa çoxdan verəyə hazırdır. Sadəcə ermənilər qəti olaraq tam müstəqillik istəyir. Rusiya Federasiyasında çoxlu sayda belə muxtar vilayətlər və hətta respublikalar var. Ancaq onların hamısı Rusiya dövlətinin ərazi vahidləridir.
Məsələ ondadır ki, Putin ortaya atdığı Ukrayna münaqişəsinin nəticəsiz və hətta özü üçün fəlakət dərəcəsində ziyanlı olduğunu başa düşüb. Sadəcə, bu cür qarışıq razılaşmalarla özünə qalib fonu yaratmaqla geri çəkilir ki, öz xalqı qarşısında qınaq və etirazlardan qurtulsun".
Bu arada Rusiya hələ də Ukraynanı təhdid etməkdə davam edir. Məsələn, Rusiyanın müdafiə naziri Serqey Şoyqu bəyan edib ki, Krımda əlavə "mükəmməl və yetərli" qoşun qruplaşması yerləşdirilməklə yarımadada hərbi gücümüzü artırmalıyıq.
O, bildirib ki, Ukraynada vəziyyətin gərginləşməsi və Rusiya sərhədlərinin yaxınlığında xarici ölkələrin hərbi qüvvələrinin mövcudluğu səbəbindən Krımda Rusiyanın hərbi gücü artırılmalıdır.
"Cənub Hərbi dairəsinin prioritet məsələlərindən biri Krımda "mükəmməl və yetərli" əlavə qoşun qruplaşmasının yerləşdirilməsidir", deyə nazir bəyan edib. Onun sözlərinə görə, Ukraynada vəziyyət dramatik pisləşib və daha çox Rusiya qüvvəsinə ehtiyac var.
NATO nümayəndəsi isə bildirib ki, Rus ordusu Krımda sülhə təhlükədir. Onun fikrincə, rusiyanın Krımda hərbi mövcudluğunu artırması Donbasda gərrginliyi artıra bilər.
"Biz belə bir xəbər gördük ki, Rusiya Krımda hərbi mövcudluğunu artırmaq istəyir. Belə bir addım gərginliyi artırıb atəşkəsin pozulmasına və regionda onsuz da Rusiyanın ucbatından ağır olan təhlükəsizliyin təmininə mane ola bilər" - deyə nümyəndə bildirib.