“Rusiya, İran və Çin virusa yox, həqiqətə qarşı mübarizə aparırlar Dünya

“Rusiya, İran və Çin virusa yox, həqiqətə qarşı mübarizə aparırlar

Ekspert: “İran və Çin koronavirus böhranını siyasi fürsət kimi görürlər”

Koronavirus pandemiyası başlanan gündən Rusiya hökuməti xəstəliyin miqyası barədə informasiyanı gizlətməyə çalışıb.
“Amerikanın səsi” xəbər verir ki, bunu təhlilçi Mariya Sneqovaya bildirir.
Vaşinqtonda yerləşən Heritage (İrs) Fondununda təşkil olunan “Koronavirus ört-basdırları” başlıqlı vebinarda çıxış edən Avropa Siyasət Təhlili Mərkəsinin (CEPA) eksperti də bir çox avtoritar rejimlər kimi Rusiyanın da böhrana reaksiyasının məxfliyi saxlamaqla səciyyələndiyini deyir.
O, Prezident Vladimir Putin hökumətinin xəstəlik barədə ilkin sükutunu Çernobılda atom elektrik stansiyasında partlayışdan sonrakı sovet rəhbərliyinin, yaxud Putinin özünün Kursk sualtı nüvə qayığı batarkən sərgilədiyi davranışla müqayisə edir.
Belə ki, Rusiyada yanvar-fevral aylarında virus qurbanları güman edilənlərin çoxu sətəlcəm xəstələri kimi qeydiyyatdan keçirilirdi.
Əvvəl-axır həqiqət üzə çıxanda, minlərlə adamın xəstəliyə yoluxduğu bəlli olanda isə Kreml taktikasını dəyişməyə üz tutdu. Mübarizınin önündə gedən həkimlərin susdurulması və hökumətin göstərdiyi səylərin effektvliyi barədə təbliğat istiqamətində addımlar atılmağa başlandı.
Hazırda Rusiya hökuməti təsdiqlənmiş koronavirusa yoluxma hallarının 100,000 civarında olduğunu bildirir. Lakin Sneqovayanın sözlərinə görə, bu statistikanı da şübhə altına almaq üçün kifayət qədər əsaslar var. Belə ki, xəstəxanalarda həkim və tibb işllərinə xəstəlik haqda məlumat yayılmasına qadağalar qoyulub və çoxlarına xəbərdarlıq edilib.
Ekspert daha sonra Rusiya hökumətinin böhranın öhdəsində gəlmək üçün kifayət qədər iqtisadi resurslara malik olmadığına diqqət çəkir. Belə ki, Qərbin maliyyə sanksiyaları ilə üzləşən Rusiyada karantin rejiminin tətbiq olunması ilə işsizlik xeyli artıb və hökumət insanların rifah halını yaxşılaşdırmaq üçün kifayət qədər yardım göstərmir. Əvəzində, karantin rejimini pozan vətəndaşlara qarşı cərimələr geniş hal alıb.
“Çubuq var, ancaq kökə yoxdur,” deyə Sneqovaya Rusiya hökumətinin öz vətəndaşları ilə bağlı pandemiya tədbirlərini səciyyələndirir.
Heritage Fondunun aparıcı təhlilçisi Ceyms Fillips İranın pandemiyaya qarşı tədbirlərini müzakirə edərkən oxşar müddəalara toxunur.
Çindən sonra İranı COVID-19-un ikinci episentri kimi təsvir edən Fillips İslam Respublikası liderlərinin pandemiya siyasətini “səriştəsizlik”, “yalan” və “xudbinlik”lə səciyyələndirir:”İlk öncə pandemiyanın olduğunu danan, vaxtında adamların kütləvi toplaşdığı məkanları, ələlxüsus valyuta mənbəyi olan Qum dini mərkəzlərini qapatmaqdan imtina edən İran hökuməti elə ilk günlərdən heç bir dəlil-sübutsuz COVID-19 virusunu Amerikanın icadı kimi qələmə verməyə çalışdı. Rejim başladığı dezinformasiya kampaniyası əsnasında virusun mənşəyi barədə uydurma nəzəriyyələri yaymaqla əhalini çaşdırdı və öz səbatsızlığı ucbatından minlərlə adamın ölümünə bais oldu”.
İdeoloji rejim olaraq İran rəhbərliyi ilk növbədə virusa qarşı mübarizədən öz məqsədləri üçün istifadə etmək yollarını arayır. Bu xüsusda daxildə virusun təsirlərini gizlədən rəsmilər, xaricdə İranın virusdan əziyyət çəkdiyinə və bu üzdən ABŞ sanksiyalarının yüngülləşdirilməsinin vacib olduğuna diqqət çəkirlər. Halbuki ABŞ sanksiyaları açıq şəkildə humanitar və tibbi yardımlara heç bir qadağa tətbiq etmir.
İranın məsuliyyətsiz davranışı ilə təkcə öz əhalisni deyil, qonşu dövlətləri də təhlükə altına qoyduğunu vurğulayan Heritage Fondunun eksperti ali dini rəhbər Ayətullah Xameneyi və Prezident Həsən Ruhaninin bu xüsusda öz yalan və dezinformasiya dolu çıxışları və bəyanatları ilə oynadıqları müstəsna rollara diqqət çəkir.
“COVID-19 İran üçün propaqanda müharibəsində yeni bir cəbhəyə çevrilib,” deyə Fillips Tehranın Yəmən və Suriya kimi yerlərə regional ambisiyalarına miyonlarla dollar xərclədiyi halda əhalinin rifah halını yaxşılaşdırmaq naminə tədbirlər görmədiyinə, əksinə - durumun yüngülləşdirməsinə xidmət edəcək ölçülərin qarşısını aktiv şəkildə aldığını qeyd edir.
Siyasi şərhçi Sadiq İsabəyli isə”Amerikanın Səsi”nə müsahibədə deyib ki, Çin və İran kimi ölkələrin koronavirus pandemiyası ilə bağlı həqiqətləri gizlədərək digər ölkələri yanlış istiqamətə yönləndirmələri onların məsluliyyətsiz dövlət olduqlarını daha bariz şəkildə nümayiş etdirməkdədir.
“Biz illərdir İranda qeyri-farslara qarşı mövcud olan ayrıseçkilikləri önə çəkərək, beynəlxalq qurumlara deyirik ki, bu cinayətlərin baş verməsi sadəcə İranın daxili siyasəti kimi dəyərləndirlməməlidir. Bu, regional və qlobal problemlərə gətirib çıxaracaq. Bu, məsuliyyətsiz dövlətin formalaşması anlamındadır və bununla bağlı beynəlxalq ölçülər götürülməlidir. Eyni şey Çinə də şamildir”-deyə, İsabəyli söyləyir.
Onun dediklərinə görə, “xüsusilə Çin dövlətinin koronavirus ilə bağlı gec informasiya verməsi, yanlış informasiya verməsi və bəzi həqiqətləri gizlətməsi, virusun dünyada sürətlə yayılmasına, dövlətlərin ağır ziyanlara uğramasına və bir çox ölkədə ağır itgilərin verilməsinə yol açıb.”
Siyasi fəal hesab edir ki, İran İslam Respublikası və Çin koronavirus böhranını siyasi fürsət kimi görürlər:
“Onlar bunu propaqanda vasitəsinə çevirdilər. Məsələn, İran çalışdı təbliğatı elə aparsın ki, İranda virusun yayılmasının qarşısını almaq üçün ABŞ sanksiyaları qaldırmalıdır. Bu, koronavirus üzərindən siyasi propaqanda idi ki, İran çalışırdı etsin... Çin də dünya dövlətlərini yanlış yönləndirdi və təəssüf ki, bunu Dünya Səhiyyə Təşkilatı üzərindən etdi. Çin ilk gündən məsuliyyətsizcə davranıb və hələ də məlumatı gizlətməkdədir.”
Sadiq İsabəyli həmçinin Çin və İranda etnik azlıqlar və siyasi müxaliflərin məruz qaldığı basqılara diqqət çəkərək deyir, dünya ictimaiyyəti artıq bu faktları diqqətə almalıdır.
“Çin dövləti Dünya Səhiyyə Təşkilatı üzərindən bu yalanı dünyaya qəbul etdirməyə çalışıb və dünyanı çox rahat şəkildə aldadıb. Bu səbəblə, demək ki, Çinin ölkə daxilində etdikləri, xüsusilə uyğur türklərinin düşərgələrdə həbs edilməsi, işkəncə və haqsızlıqlığa məruz qalması, və ya İranda qeyri-fars millətlərə qarşı ayrıseçkiliklərin gündəmə gətirilməsini dünya dövlətləri artıq bir fakt olaraq diqqətə almalıdırlar,” o, qeyd edir.
İsabəyli əlavə edir, “mən hesab edirəm ki, artıq Çin və İran kimi dövlətlərin mahiyyəti demokratik dövlətlərə tam aşkar oldu. Şəxsən həm ümid edirəm, həm də baxışım budur ki, gələcəkdə bir çox demokratik dövlət İran və Çin barədə fərqli mövqe göstərəcəklər.”