Trampın sərəncamı əhəmiyyət kəsb edən bir seçimdir Dünya

Trampın sərəncamı əhəmiyyət kəsb edən bir seçimdir

Dünən ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb. Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, bu sərəncam söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edir.
Prezidentin sözlərinə görə, belə bir sərəncamdan əvvəl sosial şəbəkələr “istədiklərini edə bilirdilər”. Amerikalı lider həmin saytlar tərəfindən hər hansı “aldadıcı və ya zərərli ticarət fəaliyyəti”nə yol verilməsi cəhdlərinin izlənilməsini Federal Ticarət Komissiyasına tapşırıb.
Tramp, həmçinin jurnalistlərin suallarını cavablandırarkən, “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.
Məsələ ilə bağlı "Xalq Cəbhəsi" qəzetinə açıqlama verən Vəhdət Partiyası sədrinin müavini, politoloq Vasif Əfəndi bildirib ki, sosial şəbəkələrin həyatımıza daxil olması dünya düzəinin 180 dərəcə dəyişməsinə gətirib çıxarıb. Mətbuat azadlığı barədə aparılan mübarizə qismən reallaşsa da böyük ölçüdə mətbuat çox hallarda maraqlı dairələrin təsirinə düşdü: "Azad mətbuatın idarəolunan mətbuatla müqayisədə iqtisadi cəhətdən çox zəif duruma düşməsinin bir səbəbi də bu oldu. Lakin sosial şəbəkələr söz azadlığı üçün yeni səhifə açdı. Artıq insanlar heç bir senzura və maneəyə rast gəlmədən müstəqil araşdırmalar apararaq öz fikirlərini sərbəst ifadə edə bilirlər. Lakin aşırı azadlıq fürsətçi və pozucu qüvvələrin də işinə yaramış oldu. Bu gün sosial şəbəklər vasitəsilə insanların bütün təbəqələrinə qarşı açıq mənəvi terrorla hücum edilməklə yanaşı, aktiv terrorizmi təbliğ edən qüvvələr də çox fəaldırlar. Heç də uzağa getməyək və nümunə olaraq öz ölkəmizi götürək. Bu gün Azərbaycan aktiv olaraq radikal dini və etnik separatizmi təbliğ edən qrupların hücumuna məruz qalıb. Ölkə daxilində sosial şəbəkələr vasitəsilə qanunla qadağan olunmuş cərəyanların təbliği və təhqir elementlərinə görə cinayət məsuliyyəti nəzərdə tutulsa da ölkə xaricində yerləşən radikal, dağıdıcı qüvvələr çox asanlıqla informasiya məkanımızı tapa bilirlər. Təbii ki, bu növ hücumlara qarşı qoruyucu tədbirlərin görülməsi yaxşı olardı".
Politoloq qeyd edib ki, Trampın bu qərarı imzalamasına baxmayaraq, onu ABŞ ərazisində tətbiq edə bilməyəcək. Bu sadəcə "Twitter" şirkətinə qarşı Trampın atdığı addımdır. Amma bütün dünya ölkələri üçün əhəmiyyət kəsb edə biləcək bir seçimdir: "Azərbaycanla bağlı onu demək istəyirəm ki, ilk növbədə sağlam cəmiyyət qurmaq üçün mübarizəmizi davam etdirməliyik. Prezidentin son bir il ərzində aktiv islahat proqramını həyata keçirməsi sosial şəbəkələrdə böyük dəstək qazandı və antiAzərbaycan qüvvələrinin səsləri çox alçaqdan və inamsız gəlməyə başladı. Ən əsası odur ki, başaldılan işi uğurla davam etdirmək lazımdır. Tələsik bəyanatlar verib islahatların sona çatmasını bəyan etmək hələ tezdir. Mübarizə bundan sonra başlanmalıdır. Sosial şəbəkələr üzərindən ölkəmizə qarşı təhdid xarakteri daşıyan fikirlərin qarşısı alınmalıdır".
Politoloq sonda onu da qeyd edib ki, dünyada sosial şəbəkələrlə bağlı real durum Prezident Trampın fikirlərinin və qərarının tam əsaslı olduğunu göstərir. Artıq Avropada bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib və proses sürətlə davam edir: "Ancaq bunun hansı formada effekt verə biləcəyini demək çətin olsa da, bu ümumi işin xeyrinədir".
Cavid