NATO Tükiyənin yanında olacaq Dünya

NATO Tükiyənin yanında olacaq

"Daily Telegraph": "Türklər Qərbin yerinə çirkli işi görməyəcək"

Cavid

Türkiyənin cənub-şərq əyalətlərində bir neçə gündür ki, insanlar küçələrdən çəkilmək istəmir. Əhalinin əhəmiyyətli hissəsi kürdlər olan bu əyalətlər hakimiyyətdən kürd şəhəri sayılan Kobanini İŞİD-dən xilas etməyi tələb edir.
Kobanidə baş verənləri fürsət bilən trrorçu PKK-nın təşkil etdiyi iğtişaşlar nəticəndə artıq 30-a qədər insan həlak olub, 150-dən çoxu yaralanıb, təxminən 400 nəfər isə saxlanılıb. İğtişaşların episentri olan altı şərq əyalətində insanların küçələrə çıxması qadağan edilib.
Türkiyə mətbuatının yazdığına görə, PKK-nın Türkiyədə təşkil etdiyi iğtişaşlar oktyabrın 9-da axşam saatlarına yaxın yenidən genişlənib və ağır nəticələrə səbəb olub.
Anadolu agentliyi xəbər verir ki, ölkənin Bingöl şəhərində polis idarəsinə edilən silahlı basqın nəticəsində iki yüksək rütbəli polis məmuru şəhid olub, ikisi yaralanıb.
"Doğan" xəbər agentliyi, "Sabah" və "Hürriyyət" qəzetlərinin məlumatlarında isə bildirilir ki, Mardin vilayətində PKK silahlılarının jandarm idarəsinə silahlı hücumu nəticəsində 1 nəfər həlak olub, 6 nəfər yaralanıb. Antep şəhərində isə terrorçuların açdıqları atəş dörd nəfərin həyatına son qoyub, biri polis olmaqla yaralanmış iyirmi nəfər xəstəxanalara yerləşdirilib. Viranşəhərdə 3 orta məktəb binası və bir mədəniyyət mərkəzi yandırlıb. Adanada motosikletdən atəş açan terrorçu iki polis nəfərini ağır yaralayıb.
Hüquq mühafizə orqanları iğtişaşların qarşısının alınması üçün tədbirlər görür. Gün ərzində ayrı-ayrı şəhərlərdə əhali tərəfindən də terrorçulara qarşı kütləvi etiraz nümayişləri keçirilib.
Onu da bildirək ki, Türkiyə ilə sərhəddəki Suriya şəhəri Kobaniyə hücum edən İŞİD bir neçə gün şəhərdə öz qara bayraqlarını dalğalandırıb. Bu günlər ərzində Türkiyə ilə sərhəddə də gərgin anlar yaşanıb. İŞİD növbəti hədəfinin Türkiyə olduğunu bəyan edib. Buna görə Türkiyə oktyabrın 6-da sərhədin bu qəsəbəyə yaxın ərazilərinə çoxsaylı tank qrupu çıxarıb. Hazırda Suriya ilə sərhəddə tanklardan divar çəkilib. Çoxlu sayda tank və zirehli texnika sərhədə yaxın təpələrdə mövqe tutub. Bölgəyə əlavə qüvvələrin cəmləşdirilməsi davam edir.
Bu arada yayılan məlumata görə, artıq üç həftədir davam edən qarşıdurmalardan sonra İŞİD Kobaninin girişinədək geri çəkilməyə başlayıb. Üç gün əvvəl Kobanidə bayraq dalğalandıran İŞİD ABŞ bombalarından sonra ciddi itki verməyə başlayıb. Kobani bölgəsinin sakinləri "Reuters"ə verdiyi məlumatda İŞİD-in şəhərin girişindən geriyə doğru çəkildiyini bildiriblər: "ABŞ-ın bombardmanı təsirli oldu və İŞİD bir çox nöqtədə darmadağın edildi. Bu, onların şəhərə girdikləri gündən bu yana ən böyük itkisi oldu. Bunu İŞİD-in bölgədən tamamilə geri çəkilməsinin başlanğıcı kimi qəbul etmək olar".
Son məlumatlara əsasən, şiddətli döyüşlərdən sonra İŞİD Kobaninin təqribən üçdə birinə nəzarət edir. Yeri gəlmişkən, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr "İraq Şam İslam Dövləti" (İŞİD) terrorçularının mövqelərinə aviazərbələr endirib. Bu barədə "Reuters" xəbər verir.
Aviazərbələr nəticəsində Kobaninin cənubunda terrorçular tərəfindən ələ keçirilən iki inzibati bina dağıdılıb. Bundan əlavə, terrorçuların Kobanida silah-sursat anbarı, o cümlədən onlara məxsus tank və zirehli texnikalar da məhv edilib.
Lakin İŞİD-in burada yenidən möhkəmlənərək Türkiyəyə hücumu tam gözləniləndir. Yəni, Türkiyənin müharibəyə qatılması an məsələsidir.
Rəsmi Ankara isə Suriyaya müdaxilədə tələsmək niyyətində deyil.
Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfərə gəlib. Türkiyənin rəsmi informasiya mənbələrinin məlumatına görə, NATO baş katibi prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb. Görüşlərdə Suriya və İraq böhranı, həmçinin digər məsələlər müzakirə olunub. Söhbətdə NATO-nun bölgədə keçirdiyi antiterror əməliyyatlarının əhəmiyyəti vurğulanıb. Yens Stoltenberq Alyansın hər zaman Türkiyəni müdafiə etməyə hazır olduğunu diqqətə çatdırıb.
Dünən Ankarada NATO rəhbəri Yens Stoltenberq və Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu arasında keçən görüşdə də Türkiyənin İŞİD-ə qarşı mümkün addımları müzakirə olunub.
Türkiyənin xarici işlər naziri deyib ki, Suriyadakı İŞİD terrorçularına qarşı ölkəsinin təkbaşına quruda əməliyyata başlamasını gözləmək real deyil: "Yalnız Türkiyənin təkbaşına quruda əməliyyata başlamasını gözləmək real deyil. Müttəfiqlərimizlə danışıqlar davam etməkdədir. Ortaq qərara gəlindikdən sonra Türkiyə öhdəsinə düşənlərə əməl edəcək".
Mövlut Çavuşoğlu NATO-nu Suriya ilə sərhəd boyu hava məkanının uçuşlar uçün bağlı zona elan edilıməsinə səsləyib.
Lakin Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandır Lukaşeviç Moskvada təşkil etdiyi aylıq mətbuat konfransında deyib ki, Suriyada uçuşa qadağan bölgənin yaradılmasına ancaq BMT Təhlükəsizlik Şurası qərar verə bilər: "Türkiyə-Suriya sərhədində uçuşa qadağan bölgənin yaradılmasına yalnız BMT Təhlükəsizlik Şurası qərar verə bilər. İraq və Liviyada bunun necə olduğunu və hansı nəticələr verdiyini xatırlayırsınız. Ölkələrin və ya koalisiyaların bu məsələdə təkbaşına verdiyi qərarlar qanuni deyil. Hər hansı bir ölkənin torpaqlarında terrorla mübarizə əməliyyatlarında həmin dövlətin əsas hüquqları və maraqları nəzərə alınmalıdır. Ancaq hazırda buna diqqət edilmədi və edilmir".
"Daily Telegraph" qəzetində çap edilən məqalədə isə bildirilir ki, türklər Qərbin yerinə "çirkli işi" görməyəcək: " Əgər bu proses kürdlərin müstəqilliyinə gətirirsə, Türkiyə ordusu İslam Dövləti terrorçularını əzməyəcək. Qəzet yazıb ki, Qərb İslam Dövləti təşkilatını dağıtmaq istəyir, ancaq "əlini batırmaq istəmir. Ona görə bütün gözlər Türkiyəyə dikilib ki, problemi Ankara həll etsin. NATO-da ikinci ən böyük ordusu olan Türkiyə İŞİD terrorçularını asanlıqla əzə bilər. Ancaq ABŞ-ın dövlət katibi Con Kerrinin çağırışlarına baxmayaraq sərhəddə dayanan Türkiyə tankları yerindən tərpənmir. Kobani kürd şəhəridir, əsas məsələ də bundadır. Sərhəddin hər iki tərəfində kürdlər Türkiyənin hərəkət etməsini tələb edir. Türkiyə isə gözləyir. Türkiyənin NATO tərəfdaşları üçün vəziyyət aydındır. Onlara görə İŞİD problemdir və kürdləri silahlandırmaq lazımdır. Türkiyə üçünsə, kürdlərin dövlət iddiaları təhlükədir. Reallıq budur ki, 2002-ci ildən Türkiyənin və onun Qərb müttəfiqlərinin baxışları bu məsələdə ayrılır".
"Daily Telegraph"a görə əsas məsələlərdə biri də odur ki, Ərdoğan İŞİD terrorçularına zərbə endirməyə razılaşsa, bunun əvəzində nə istəyəcək?
"Suriyada Əsəd rejimini dəyişməyə icazə verməsələr, Ərdoğan hərəkət etməyə bilər. İstənilən hərəkət isə birtərəfli olacaq. O zaman isə regionda diqtə edən Vaşinqton və ya London olmayacaq, yalnız Ankara olacaq. İŞİD problemi də yox olacaq. Ancaq yeni vəziyyət qaneedici olacaqmı? Məsələn, İsrail Suriyada Əsədin yerinə Türkiyə vasitəsilə "Həmas"ın gəlməsinə şad olacaqmı? Türkiyəni oyuna qoşmaq istəyənlər bütün bunları hesablamalıdırlar. İŞİD yoxa çıxacaq, dünya isə başqa başağrısı qazanacaq", deyə "Daily Telegraph" yazıb.