Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinə etiraz edib Dünya

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinə etiraz edib

Təcavüzkar Ermənistan və erməni lobbisi hər fürsətdən bəhrələnərək türklərə qarşı düşmənçilik edir və mənfur niyyətlərini həyata keçirmək üçün təxribatçı addımlar atırlar. Suriyadan sonra indi də Livan ermənilərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirmək cəhdi bu düşmənçiliyinin əyani göstəricisidir. Livandakı partlayışdan sonra həmin ölkədə yaşayan sadə erməniləri saxta təbliğat və yalan vədlərlə Azərbaycanın işğal olunmuş torpaqlarına köçməyə həvəsləndirmək erməni riyakarlığının növbəti təzahürüdür.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDF) tərəfindən Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı yayılmış bəyanatda öz əksini tapıb.

TADDF-ın sədr müavini, görkəmli publisist Sərdar Ünsalın imzası ilə yayılan bəyanatda deyilir: “Erməni diaspor qurumlarının təşkilatçılığı ilə Livan ermənilərini Dağlıq Qarabağa köçürmək cəhdi işğalçı Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir. Bir dövlətin işğal olunmuş ərazilərində başqa bir dövlət tərəfindən qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi beynəlxalq hüquqa təhdiddir. Sülhsevər dünya ictimaiyyəti bu qədər haqsız və hüquqazidd əmələ göz yuma bilməz”.

Bəyanatda qeyd olunur ki, bu siyasətin aparılmasında məqsəd Dağlıq Qarabağ bölgəsində qanunsuz olaraq 500 minə qədər erməni məskunlaşdırmaqla bölgənin etnik tərkibini dəyişməkdir. Qəsbkar Ermənistanın humanizm siyasəti adı altında həyata keçirmək istədiyi bu proses Azərbaycana qarşı işğalçılıq siyasətinin davamıdır. Avropa İttifaqı, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar livanlı ermənilərin Dağlıq Qarabağa qanunsuz miqrasiyasının dayandırılmasını tələb etməli və bu istiqamətdə real addımlar atmalıdırlar. Heç kəs unutmamalıdır ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək hüququnu özündə saxlayır. Bölgədə baş verən hər hansı bir xoşagəlməz hadisəyə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.