Rusiya qorxunc yuxusu çin çıxdı Dünya

Rusiya qorxunc yuxusu çin çıxdı

Qroznıda müharibə gedir, güc strukturlarının 10 əməkdaşı öldürülüb, yaraqlılar Kadırovun bazarına od vurub

Putin: "Rusiyanı Yuqoslaviya ssenarisi üzrə parçalamaq istəyirdilər"

Ötən gecə gecə Qroznıya hücum edən yaraqlılarla təhlükəsizlik qüvvələri arasında döyüşlər dünən bütün gün ərzində davam edib.
Rusiya mətbuatı xəbər verir ki, şəhərdə nə baş verdiyi haqda dəqiq məlumat almaq çətindir. Bununla belə şəhərin bir neçə rayonunda atışma getdiyi bildirilir, qeyri-rəsmi məlumata görə indiyədək güc strukturlarının 10 əməkdaşı həlak olub.
Bu, son bir neçə il ərzində Qroznıya edilən ən güclü silahlı hücumdur.
Rusiya təhlükəsizlik qüvvələri Çeçenistanda fəaliyyət göstərən radikal yaraqlı birləşmələri xeyli dərəcədə zəiflədə bilmişdi və onlar azsaylı qruplar halında meşələrə çəkilmişdi. Qroznıda isə genişmiqyaslı tikinti-abadlıq işləri gedirdi.
Lakin indi qəfildən, Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə - Dövlət Duması və Federasiya Şurasının birgə yığıncağına illik müraciətinə bir neçə saat qalmış 200-dən çox yaxşı silahlanmış radikal islamçı (onlar "əl-Qaidə"yə bağlı "Qafqaz əmirliyi"ni təmsil edir) meşədən çıxaraq avtomobillərlə Qroznının mərkəzinə hücum edir və şəhəri yenidən müharibə meydanına çevirir.
Xəbərlərə görə, hazırda Qroznının mərkəzi "Berkat" bazarında atışma gedir, həmçinin bazarla yanaşı Mir küçəsində də atışma getdiyi xəbər verilir. Yaraqlılar Çeçenistan rəhbəri Ramzan Kadırova məxsus olan "Berkat" bazarına od vurublar.
Məlumatlara görə, yaraqlılar 20 nömrəli məktəbi də ələ keçiriblər, orada baş verənlər haqda məlumat yoxdur. Şəhərin küçələri hazırda boşdur, hər yer polis mühasirəsindədir. Yollar bağlıdır, mağazalar, iş yerləri açılmayıb.
"Exo" radiostansiyasının jurnalistləri və "Nezavisimaya qazeta"nın baş redaktoru Konstantin Remçukov məlumat verirlər ki, şəhərə hücum edən yaraqlılar məktəblərdə və uşaq bağçalarında mövqe tutublar.
Rusiya prezidenti Vladimir Putin də Qroznıda baş verənlərə münasibət bildirib. Federal Məclisə müraciətində Putin deyib ki, Çeçenistanın hüquq-mühafizə orqanları şəhərə hücum edən yaraqlıların öhdəsindən yaxşı gəlir.
"Əminəm ki, yerli uşaqlar, yerli hüquq-mühafizə orqanları işlərinin öhdəsindən layiqlə gələcək. Məhz onlar terrorçuları məhv etmək üçün işləyir. Onları dəstəkləyirik" - Putin bildirib.
Dekabrın 4-də səhər 3 maşında hərəkət edən silahlılar yol polisinə hücum edib. Onlar daha sonra Qroznının mərkəzində nəşriyyat binasını tutublar. Binada mövqe tutan yaraqlıların hamısının məhv edildiyi bildirilir. Terrorçuları zərərsizləşdirmək üçün keçirilən əməliyyata Ramzan Kadırov başçılıq edir. O, yaraqlıların məhv edilməsindən sonra nəşriyyat evinə baş çəkib. Kadırov instagram-da yazıb ki, əməliyyat yekun fazaya daxil olur.
"İtlər it kimi gəbərirlər" - o yazıb.
Məlumata görə, güc strukturları əməkdaşlarından 20-dən çoxu yaralanıb.
Rusiya prezidenti Vladimir Putin isə hücumdan bir neçə saat sonra Federal Şura üzvlərinə illik ənənəvi müraciət ünvanlayıb.
Krımın Rusiya üçün xüsusi bəşəri əhəmiyyətə malik olduğunu deyən V. Putin qeyd edib ki, Krım məsələsi olmasaydı belə, Qərb sanksiyalar üçün başqa bir səbəb tapacaqdı. O həmçinin bildirib ki, ölkəsi həmişə qardaş Ukrayna xalqına və onun suverenliyinə hörmətlə yanaşacaq.
"Lakin hakimiyyətin güc yolu ilə ələ keçirilməsini, Odessadakı qətlləri dəstəkləmək olmazdı. Hazırda Ukraynanın şərqində baş verənlər Rusiyanın fevral hadisələrini dövlət çevrilişi kimi dəyərləndirməsinin doğru olmasını bir daha sübut edir. Vaxtilə Rusiyanı Yuqoslaviya ssenarisi üzrə parçalamaq istəyirdilər. Xaricdən separatçılığa dəstək mövcud idi. ABŞ hər zaman bizimlə qonşularımız arasındakı münasibətlərə birbaşa və ya dolayı yolla təsir edir", - deyə o vurğulayıb.
Qroznıdakı hadisələrə gəlincə, Rusiya prezidenti Çeçenistanın yenidən kənardan gəlmiş "üsyançılar"la üz-üzə qaldığını bildirib. Bununla belə o, yerli hüquq-mühafizə orqanlarının onlara qalib gələcəyinə ümidvar olduğunu deyib.
V. Putin beynəlxalq arenada yaşananlara baxmayaraq ölkəsinin Avropa və ABŞ-la münasibətləri dayandırmaq niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, Rusiya eyni zamanda Afrika və Yaxın Şərq ölkələri ilə əməkdaşlığı davam etdirəcək: "Biz inteqrasiya proseslərinin gücləndiyi, siyasətlə iqtisadiyyatı bir-birinə qarışdırmayan regionlarda mövcudluğumuzu genişləndirəcəyik. Biz heç vaxt özümüzü təcrid etməyəcəyik, ksenofobiya, şübhə və düşmən axtarışı yolu ulə getməyəcəyik. Bunlar zəifliyin əlamətləridir. Biz isə güclüyük və özümüzə arxayınıq. Ya suveren olacağıq, ya da dünyada əriyib gedəcəyik".
Rusiya prezidenti həmçinin qeyd edib ki, ölkəsi dünya və xarici investorlar üçün açıq olacaq: "Bizi çətin və gərgin dövr gözləyir. Lakin sanksiyalar və xaricdən olan məhdudiyyətlər sürətli inkişaf üçün böyük stimuldur".
Rusiya-Ukrayna münasibətlərindən danışan V. Putin ölkəsinin Ukraynaya böyük dəstək verdiyini qeyd edib. Onun sözlərinə görə, Rusiya bankları Ukrayna iqtisadiyyatına 25 mlrd. dollaradək yatırımlar edib.
"Üstəlik Maliyyə Nazirliyimiz ötən il Ukraynaya 3 mlrd. dollarlıq kredit verib, "Qazprom" isə əlavə olaraq 4,5 mlrd. dollarlıq kredit ayırıb və qaz qiymətlərində güzəşt edib. Halbuki bunu heç kim vəd etməmişdi. Bu üst-üstə 32,5 mlrd. dollar edir", - deyə o vurğulayıb.