ABŞ-da qaradərililər silaha əl atdılar Dünya

ABŞ-da qaradərililər silaha əl atdılar

Ölkədə son 3 gündə 3 polis öldürülüb

ABŞ-da qaradərili Dronte Qamiltonu öldürən sabiq polis zabiti Kristofer Menni məhkəməyə cəlb olunmayacaq. "Gazeta.ru"nun verdiyi xəbərə görə, hadisə ilə bağlı işi aparan prokuror bəyan edib ki, keçmiş asayiş keşikçisi öz vəzifə səlahiyyətini aşmayıb.
Məlum olduğu kimi, Kristofer Menni qaradərili Dronte Qamiltonu Miluoki şəhər parkında yatmış vəziyyətdə aşkar edib. Yuxudan oyanan Qamilton polis əməkdaşına hücum edib. Cavab olaraq Kristofer Menni qaradəriliyə 14 dəfə atəş açaraq öldürüb.
İstintaq zamanı Dronte Qamiltonun şizofreniyadan əziyyət çəkdiyi müəyyən edilib. İnsidentdən sonra polis zabiti Kristofer Menni xidmətdən qovulub.
Qamiltonun qatilin məhkəməyə cəlb olunmayacağı ABŞ-da yaşayan qaradəriləri daha da hiddətləndirib.
Dünən xarici mətbuatın yazdığına görə, Birləşmiş Ştatlarda qaradərili gənclərin polis tərəfindən öldürülməsindən sonra vəziyyət əksinə dəyişib. Hədəfdə bu dəfə polis əməkdaşları olub. Son üç günün statistikası Amerikanın qaradərililərlə polis arasındakı gərginliyin səngimədiyindən xəbər verir.
ABŞ-da son aylarda polisin silahsız qaradərililəri öldürməsilə bağlı baş verənlərdən sonra indi də polisin güllələnməsi halları baş veriir. Ölkədə son 3 gündə 3 polis öldürülüb.
Florida ştatının Tarpon Sprinqs şəhərində bir ildir ki, polis məmuru işləyən Çarlez Kondek öldürülüb. Onun ölümündə 23 yaşlı Marko Antonio Parilla şübhəli bilinir. Verilən məlumata görə, polisə atəş açandan sonra o, nəqliyyat vasitəsilə qaçmaq istəyərkən maşını dirəyə dəyib və başqa avtomobillə toqquşub. Şübhəli şəxs qəza yerində saxlanılıb. Polisin öldürülmə səbəbi araşdırılır.
Üç gün öncə isə Nyu-Yorkda iki polis güllələnib. Polis zabitləri asiyalı Uenjian Liu və ispan Rafael Ramos Bruklində polis maşınında oturarkən 28 yaşlı İsmayıl Brinslinin atəşinə məruz qalıb. Daha sonra metro stasiyasına qaçan İsmayıl özünü güllələyib.
KİV-in məlumatına görə, qatil İsmayıl Abdulla Brinsli bu üsulla polis tərəfindən öldürülən afroamerikalıların qisasını almaq istəyib. Brinsli "İnstagram"da polis tərəfindən öldürülən silahsız qaradərililərin qisasını alacağını deyib. Brislinin kriminal keçmişi olub. O, 19 dəfə həbs edilibmiş.
Hadisədən bir neçə saat qabaq keçmiş nişanlısını yaralayıb. Polis tərəfindən öldürülən qaradərili Erik Qarnerin həyat yoldaşı və anası isə ölkədə polislərin öldürülməsini pisləyib.
ABŞ rəsmiləri polis işçilərinin qətlini vəhşilik kimi qiymətləndirir. ABŞ prezidenti Barak Obama da polis işçilərinin öldürülməsindən narahatlığını dilə gətirib. Son aylarda polisin dörd qaradərili silahsız şəxsin öldürülməsi isə bir aydır ölkədə geniş etiraz aksiyaları ilə müşayət olunur.