AKP bələdiyyə seçkisi sınağı qarşısında Dünya

AKP bələdiyyə seçkisi sınağı qarşısında

Cavid

Türkiyə bələdiyyə seçkilərinə hazırlaşır. Martın 31-də Türkiyə vətəndaşları sandıq başına gedərək yerli özünü idarəetmə orqanlarını müəyyən edəcəklər. Türkiyədə bələdiyyələr səlahiyyətli qurumlardır. Təxminən bizdəki icra hakimiyyətləri statusunda. Ölkənin 81 vilayəti və iri şəhərlər və özəlliklə də İstanbul bələdiyyələri uğrunda gərgin mübarizə gedir. Siyasi partiyalar daha çox bələdiyyə yeri almaq uğrunda yarışırlar. Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) əksər bələdiyyələrdə üstünlüyə malikdir.
Ötən ilin dekabrın 17-də keçirilən rüşvət və korrupsiya əməliyyatlarından sonra ciddi tənqid və təpgilərlə üzləşən hakim partiya - AKP üçün bu seçkilər çox mühüm bir rol oynayır. Seçkilərin nəticələrinin indidən Ərdoğan və partiyası üçün ölüm-dirim məsələsi olduğunu deyənlər var.
Hökumət də qabaqlayıcı tədbirlər görmək üçün hər cür addımlar atmaqda davam edir. Belə ki, ötən gün hökumət Yeni Demokratikləşmə Paketi istiqamətində fəaliyyətə başlayıb. Dolmabağçadakı baş nazirin ofisində keçirilən toplantı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutub. Mətbuata qapalı keçirilən və 4 saata yaxın davam edən toplantıda Demokratikləşmə Paketindəki mövzular müzakirə edilib. Baş nazirin köməkçisi Bəşir Atalayın koordinatorluğu ilə hazırlanan paketdə iqtisadiyyat, məhkəmə və idarə sahələrindəki təşkilatlanmada bir sıra əsaslarda dəyişikliklər olacağı bildirilib. Elə həmin görüşdən sonra baş nazir sabiq ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdarla da görüşüb. Görüş saat yarım davam edib. Görüşdə baş nazir Bayraqdardan Ədalət və İnkişaf Partiyasına seçkilərdə dəstək verməsini istəyib. Bayraqdar da partiyanın qələbəsi üçün əlindən gələni edəcəyini bildirib.
Onu da qeyd edək ki, son illər dinçi AKP-yə qarşı başlanmış cümhuriyyətçi hərəkat hakim partiyanı gözdən salıb. Ötən il İstanbulun Gəzi parkında AKP-yə qarşı çıxmış üsyan Ərdoğan hökumətini xeyli zəiflətdi. O zaman belə bir fikir yaranmışdı ki, Türkiyədə mütləq gücə çevrilmiş, modern islam xəttini bütün ərəb-islam dünyasına yaymış AKP-nin qələmi Qərbdə qırılıb, Ərdoğanı devirmək istəyirlər. Bəllidir ki, AKP hakimiyyətinin on illik iqtidarı Yaxın Şərq xalqlarına ciddi şəkildə təsir göstərmişdi. Tunis, Misir və Liviyada başlanmış inqilabi hərəkatın AKP-dən təsir aldığı bəlli məsələ idi. Ərəb dalğası Suriyada ləngiyincə Türkiyə açıq-aşkar müdaxilə etmək zorunda qaldı. Ərdoğan Suriya xalqını açıq şəkildə Bəşər Əsədə qarşı qaldırırdı. AKP hökumətinin bu mövqeyi Bəşər Əsədi dəstəkləyən gücləri qəzəbləndirdi.
Hazırda Türkiyə və ölkədən kənar dairələrdə ən çox müzakirə olunan digər məsələ Ərdoğan tərəfdarlarının sürətlə ondan uzaqlaşmasıdır. Yeri gəlmişkən, yayılan son məlumatlara görə, ölkə rəhbərliyi ilə razılaşdırılmamış qaydada keçirilən "Böyük rüşvət" əməliyyatlarında onlarla şəxs saxlanılıb və siyahı davam edə bilər. Məlumat üçün bildirək ki, həbs edilənlərin böyük əksəriyyəti baş nazirə yaxın adamlar, hakim partiyanın tanınmış üzvləri, iş adamlarıdır. Məsələn, nüfuzlu "Halkbank"ın rəhbəri Süleyman Aslanın evindən polis əməkdaşları ayaqqabı qutularında gizlədilən 4,5 milyon dollar aşkar ediblər. Bank rəhbəri İran neftini qanunsuz formada qızıla dəyişdirməkdə ittiham edilib. İki nazir övladı isə tikinti sahəsində lisenziyaların verilməsi müqabilində rüşvət almaqda günahlandırılırlar.
Seçkiyə bir ay qalmış Ərdoğan daha bir istiqamətdən zərbə alıb. Ərdoğanın oğlu Bilalla internetə yerləşdirilən telefon danışığı Türkiyə gündəminin bir nömrəsinə çevrilib. AKP yetkililəri bunun təxribat, qurama, montaj olduğunu iddia edir. Lakin əks tərəfin arqumentləri də güclüdür. Onlar hesab edir ki, bu danışıq realdır, oğlu ilə baş nazir arasında belə bir dialoq olub. İstənilən halda bu səs qeydi Ərdoğana böyük zərbədir. Və heç şübhəsiz ki, martın 31-də keçiriləcək bələdiyyə seçkilərində Ərdoğan səs itkisi yaşayacaq. Hakim partiyanın tərəfdarları ciddi şəkildə azalacaq. Amma məsələ burasındadır ki, Ərdoğan hakimiyyəti iki müddət təkbaşına iqtidar olub. Xalq arasında ciddi dəstəyə malikdir. Son telefon danışığı xalq arasında daha çox Fətulla Gülənin təxribatı kimi dəyərləndirilir. Bu baxımdan AKP-nin yenə də seçkilərdən qalib çıxacağını söyləmək olar. Keçirilən rəy sorğuları da xalqın Ərdoğana hələ də inandığını göstərir. AKP-də hesab edirlər ki, Ərdoğan "böyük Türkiyə" qurmaq istədiyi üçün daxili və xarici güclər tərəfindən vurulur. AKP-nin güclü tabanı var və bu seçkidə hakim partiyanın məğlub olacağını, müxalifətin qalib gələcəyini söyləmək olmaz. Ancaq səs itkisi qaçılmazdı. Bundan başqa qarşıdakı seçkilər Türkiyə siyasətində yeni simaların üzə çıxması ilə sonuclanacaq. Ola bilsin, islamçı partiyanın yeni lideri də ortaya çıxsın.
Müxalifətin baş verənlərə münasibəti isə kəskindir. Məsələn, Cümhuriyyət Xalq Partiyasının keçmiş sədr müavini Suat Kılıçdaroğlu bildirib ki, bu, baş nazirin 11 illik fəaliyyəti dövründə ən ciddi siyasi böhrandır: "Hazırda Ərdoğan çox ciddi çətinliklər qarşısındadır. Belə ki, korrupsiya məsələsi türk seçiciləri üçün çox incə bir məsələdir". O bildirib ki, artıq cəmiyyət bir partiyanın uzun müddət ölkəni idarə etməsindən yorulub.
Politoloq Hakan Günəş bildirib ki, partiyasını və özünü xilas etmək üçün Ərdoğan hökumətin tərkibində bir sıra dəyişikliklərə imza atdı: "Lakin bu da azdır. İnsanlar ədalətli məhkəmə prosesinin keçirilməsini istəyirlər". Baş nazirin reaksiyasına gəldikdə, o yenə də baş verənləri dövlət çevrilişi adlandıraraq, bunu hökumətə qarşı aparılan çirkin oyun adlandırıb. Oyunu başladanları isə "qollarını qıracağı" ilə hədələyib.
Rəyi soruşulan ekspertlərin böyük bir qismi əmindir ki, "Böyük rüşvət" əməliyyatının nəticələri özünü mart seçkilərində göstərmiş olacaq. "İnsanlar bələdiyyə sədrlərinə səs verən zaman baş verənləri beyinlərində saf-çürük edəcəklər" - deyə Fətulla Gülənə yaxınlığı ilə seçilən "Today`s Zaman" qəzetinin şərhçisi Abdulla Bozkurd bildirib: "Əgər bu seçkilərdə AKP məğlub olarsa, artıq parlament seçkilərində mövqeyini mütləq itirmiş olacaq. Parlament seçkiləri gələn il üçün nəzərdə tutulsa da, baş nazirin növbədənkənar seçkilər də elan edəcəyi istisna deyil".
Ekspert Hakan Günəş hesab edir ki, Ərdoğan ona qarşı korrupsiya ittihamlarının irəli sürülməsinin qarşısını almaq üçün hadisələri qabaqlamağa da çalışa bilər. Onun sözlərinə görə, hazırda AKP üçün kritik bir dövrdür. Bu səbəbdən də heç kim hakim partiyanın nə qədər hakimiyyətdə qala biləcəyini proqnozlaşdıra bilməz: "Hələ ki qüvvələr balansı hakim partiyanın xeyrinədir. Lakin 2007-ci ildəki 50 faiz göstəricinin əldə olunacağını gözləmək sadəlövhlük olardı. Bundan söhbət belə gedə bilməz. Baş nazirin yaxın on illər üçün qurduğu plan bir anda dağıla bilər".
Türkiyə Cümhuriyyət Xalq Partiyasının sədr müavini, partiya sözçüsü Haluk Koç deyib ki, Türkiyədə baş verən son hadisələr qarşıdan gələn bələdiyyə seçkilərinə mütləq təsir edəcək. Onun sözlərinə görə, ölkədə iqtidarda olanlar və onların yaxınlarının bu kimi hadisələrlə, sənədlərlə, görüntülərlə, evlərdəki pul qutuları ilə ortaya çıxması çox böyük bir maraq yaradıb. Məhkəmələrə təsir, bununla əlaqədar məclisə xüsusi qanunların gətirilməsi Avropa Birliyinin, Avropa Şurasının bütün mexanizmlərindən kənardır: "Bütün bunlar Avropa və Türkiyədə müxalifət tərəfindən dilə gətirilir. Biz ölkəmizdən şikayət etmirik, amma istəyirik ki, qanunlar işləsin, rüşvət hadisəsi olduqda millətin naminə məhkəmələr mühakimə etsin, cinayətkarın cəzasını versinlər. Cinayətkarı qoruyub, cinayəti ört-basdır etsəniz, siz də cinayət törətmiş sayılırsınız. İstanbul, Ankara, İzmirdə seçki bizim üçün önəmlidir. İstanbul və Ankarada CHP-nin seçkiləri udmaq şansının çox olduğunu düşünürük. Əgər bu üç şəhər CHP-nin əlinə keçərsə, iqtidar bundan sonra çox çətin bir dönəmə girəcək".
Ədalət və İnkişaf partiyasından olan millət vəkili, Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Reha Denemeç partiyasının hər seçkidə səs göstəricisinin artdığını və bu seçkilərdə də nüfuzlarının yüksək olduğunu deyir: "2009-cu ildə yerli seçkilər ərəfəsində AKP-nin bağlanması barədə iddia qaldırılmışdı. İşsizlik 16 faiz idi, iqtisadiyyat 14 faiz azalmışdı. O zaman bizim bələdiyyə seçkilərində göstəricimiz 38 faiz olmuşdu. İndi 57 faiz səs göstəricimiz var".
Reha Denemeç ötən ilin sonunda Türkiyədə keçirilən "rüşvət əməliyyatları"nın bələdiyyə seçkilərinə hesablandığını bildirib.
Ədalət və İnkişaf partiyasının qurucularından olan millət vəkili bu hadisələrdən sonra aparılan anket sorğularında partiyasının səs faizlərində hər hansı mənfi tendensiyanın müşahidə olunmadığını deyir.