ABŞ-Rusiya arasında “soyuq müharibə” Dünya

ABŞ-Rusiya arasında “soyuq müharibə”

Çin də Moskvaya dəstək verməkdən imtina edir

Cavid

Ukraynaya məxsus Krım yarımadasının və digər bir sıra ərazinlərin Rusiya tərəfindən işğalından sonra ABŞ-Rusiya qarşıdurması daha da güclənib və açıq müstəviyə keçib. Xüsusilə də ABŞ başda olmaqla Qərbin rəsmi Moskvaya tətbiq etdiyi sanksiyaların nəticəsində Rusiyada yaranan iqtisadi böhran iki supergüc arasında "müharibə"ni qızışdırır. Rəsmi Moskva yeni-yeni istehsal etdiyi silahlarını sınqdan keçirməklə, Çinlə münasibətlərini mğhkəmləndirməklə rəsmi Vaşinqtina psixoloji təsir göstərməkdədir.
Rusiya tərəfi silah satışı və istehsalı üzrə ABŞ-a və müttəfiqlərinə qarşı sanksiyalar tədbiq ediləcəyini bəyan edib. ABŞ da Rusiyanın silah satışı üzrə dövlət ixracat şirkətləri ilə bütün danışıqları dayandırıb.
Dünən də belə bir məlumat yayıldı ki, Rusiya müdafiə sənayesi lazer silahının yeni nəsli buraxılışının istehsalına başlayacaq.
Bu tip texnologiyaların təkmilləşdirilməsi proqramı sovet dönəminə aiddir və 2009-cu ildə dondurulmuşdu. Lakin hazırda layihə yenidən həyat qazanır və yaxın günlərdə istifadəsinə başlanacaq.
Hakimiyyət qüvvələri bildirirlər ki, Rusiya ordusunun innovativ müdafiə sistemi ilə silahlanması Birləşmiş Ştatların Avropa kontingentində raket əleyhinə müdafiə texnologiyalarını genişləndirməsinə cavabdır.
Silahın texnoloji göstəricilərinə baxılsa bu hələ keçən əsrin 70-ci illərində hazırlanmış yanacağı karbondioksid olan axıcı lazerin tətbiqi deməkdir. Bu əks təsirin tezliyi, yüksək dəqiqliyi (5 qəpiyi belə hədəf alır) ilə seçilən açıq tip silahlara aid edilir.
Lazer üçün hədəf obyektləri raketlər və ya istənilən uçan aparat ola bilər. Özünüz təsəvür edin hər hansı bir uçan obyekti məhv etmək üçün nişancının silahı obyektin üzərində saxlaması kifayətdir. Belə silahlar raketlərdən qorunmaq üçün təyyarələrin də burnuna qoşula bilər.
Qeyd edək ki, SSRİ-nin araşdırmaları rəsmən RF-yə aiddir, lakin bunun üçün nəzərdə tutulan sınaq infrastrukturu və hərbi sınaq ərazisi (poliqon) hazırda Qazaxstanda yerləşir.
Xatırladaq ki, lazer texnologiyası ABŞ arsenalında da mövcuddur.
Rusiya Hava Qüvvələri Baş Qərargahının sabiq rəisi ordu generalı Yuri Baluyevski bildirib ki, Rusiya ABŞ-la paralel öz lazer silahını yaradır.
O, ABŞ HDQ hərbi-dəniz tədqiqatları idarəsinin rəhbəri admiral Metya Klanderin "gəmidə quraşdırılmış lazer silahının sınaqdan keçirilməsi, dörd aylıq təcrübi istismarı bütün gözləntilərdən artıq oldu" sözlərini belə şərh edib.
Məlumata görə, ABŞ-ın yeni lazeri kiçik və pilotsuz gəmiləri məhv etməyə qadirdir.
"Mən yalnız bir şeyi deyə bilərəm: hərbi texnologiyanın inkişafı və müasir effektli silahların yeni nümunələrinin yaradılması bunları hazırlamağa qadir olan bütün ölkələrdə, demək olar ki, paralel şəkildə gedir", - deyə Baluyevski bildirib.
Rusiya-ABŞ münasibətlərində Moskvaya daha çox Çin tərəfindən dəstək göstərildiyi qeyd olunur.
Böyük Britaniyanın "The Financial Times" qəzeti bir müddət öncə ABŞ və Rusiya-Çin münasibətləri və qarşıdurması barədə maraqlı yazı yazıb. Yazıda qeyd edilir ki, Rusiya və Çinin daha sıx hərbi əməkdaşlıq edəcəyi ilə bağlı bəyanat, bu dövlətlərin ABŞ-ın dünya hegemonluğu ilə barışmamasından irəli gəlir: "Rusiya Ukrayna böhranının ən qızğın çağında Qərbə özünün hadisələri inkişafetdirmə variantlarını və Çin kimi güclü müttəfiqə malik olduğunu nümayiş etdirməyə çalışır. Çinin də öz növbəsində, ABŞ-a qarşı durmaqda əsaslandırmaları var. ABŞ-ın Asiyaya doğru orientasiyasını dəyişməsi çinliləri də olduqca hiddətləndirib. O cümlədən, ABŞ hərbi dəniz qüvvələrinin 60 faizinin Sakit Okeanda yerləşməsi də çinlilərin hiddətinə səbəb olan amillərdəndir.
Çinin Sakit Okeanda ABŞ-a qarşı dayanmaqda zəif tərəflərindən biri ondadır ki,onun bu regionda müttəfiqləri azdır. Amma ABŞ-ın Yaponiya, Cənubi Koreya hərbi qüvvələri ilə müqavilələri var. Onlar isə Cənub-Şərqi Asiya ölkələri ilə sıx münasibətdədirlər. Amma ruslarla müttəfiqliyə girişən çinlilər yeni xüsusi güclü alyans yaratmaqdadırlar. Hər halda, zaman göstərəcək ki,bu müttəfiqlik nə dərəcədə güclüdür.
Amma Rusiya müdafiə naziri Sergey Şoyqu tərəfindən verilmiş iki bəyanat çox diqqətçəkən olub.
Birincisi, Rusiya və Çinin regional kollektiv təhlükəsizlik sistemi yaratması məsələsində söhbət ondan gedir ki,gələcəkdə çox şey vəd edən anlaşma ola bilər və bu,təkcə dəniz təlimləri ilə məhdudlaşmayacaq.
"Kollektiv təhlükəsizlik" anlaşmaları, NATO-da olduğu kimi, kollektiv təhlükəsizliyi təmin etmək üçün ciddi niyyətləri ehtiva edir. İkincisi, bəyanatlarda diqqətçəkici təəssüratlardan biri odur ki, Rusiya və Çin Aralıq dənizində birgə hərbi təlim keçəcəklər.
Əgər biz Çin gəmilərinin Aralıq dənizində necə patrulluq etdiyini görsək, onda anlayarıq ki,dünya necə dəyişib.
Bu fəaliyyətlərdən aydındır ki, ruslar və çinlilər nəyə cəhd edirlər.Onların hər ikisi ABŞ-ın hərbi nüfuzunun dünya miqyasında artmasından olduqca rahatsızdırlar.
Amerikan hərbi-dəniz güclərinin Çin sahillərində olması, NATO ordularının isə Rusiya sərhədlərində dayanması rahatsızlıq yaratmaya bilməz. Buna görə də Qərbin lap arxasında hərbi-dəniz təlimlərinə başlamaqla, ruslar və çinlilər, belə görünür ki,düşməni sıxışdırmağa başlamağa çalışırlar.
Tamamilə aydındır ki, ABŞ Rusiyanı da, Çini də təşvişə salır. Daha konkret desək, hər iki ölkə, ABŞ-ın onlara öz regionlarında hegemonluq etməyə imkan yaratmamasından narazıdır.
Hər iki tərəf ABŞ-ın başqa ölkələrin işinə qarışmaq və birqütblü dünya siyasətindən narazıdır. Bu isə onları silahlanmaya böyük vəsaitlər sərf etməyə və hərbi gücü artırmağa vadar edir.
Amma Rusiya iqtisadiyyatı Çin iqtisadiyyatından çox zəifdir. Rusiya iqtisadiyyatı hazırda yaxşı təsir bağışlamır, Rusiyanın ABŞ-a münasibəti isə o qədər pisləşib ki, Çindən fərqli olaraq ABŞ-la əməkdaşlığı istisna edir.
Əgər Yaxın Şərq burulğanı yeni dünya nizamı və ABŞ-ın hökmranlığından doğursa, Ukraynadakı hadisələr təkqütblü dünyaya qarşı çıxmaq istəyən Rusiyanın fəaliyyətlərindən irəli gəlib. NATO-nun illər ərzindəki irəliləyişinin yekunu kimi Amerika və Avropa "şahinlərinin" Ukraynanı Qərb düşərgəsinə tərəf çəkmələrinə qarşı Rusiyanın Krımı işğal etməsi və rusdilli Donbasdakı üsyan dərin böhrana səbəb oldu. Bunu nə qədər Kremlin təblğatı adlandırsalar da, əslində Ukraynada ABŞ və Avropa Birliyinin müdafiəsi nəticəsində, lap elə korrupsioner olmuş olsa da, hər halda seçilmiş prezidenti devirdilər. İndi Qərb ultra sağ qrupların da iştirak etdiyi hərbi əməliyyatları müdafiə edir. Eyni zamanda Rusiya ABŞ və Avropanın geniş sanksiyaları altındadır.
Soçidə keçirilən "Valday" diskusiya klubunda Rusiya prezidenti Vladimir Putin ABŞ-ın müasir dünyadakı rolunu heç vaxt olmadığı kimi möhkəm tənqid atəşinə tutdu. Putinin fikrinə görə, ABŞ soyuq müharibədən sonra beynəlxalq hüquqa əhəmiyyət vermədən "birtərəfli diktat" və "qanunsuz müdaxilələrlə" dünyanı idarə etməyə cəhd göstərir. Nəticədə isə münaqişələr, qeyri-stabillik və İŞİD kimi qruplaşmaların baş qaldırmasının şahidi oluruq. Dünyadakı xeyli ölkə bu sözlərlə razılaşar. "Valday" klubundakı çıxışında Putin xarici jurnalistlərə və alimlərə üzünü tutaraq bəyan edib ki, təkqütblü dünya "diktaturanın insanlar və ölkələr üzərində hökmranlıq"vasitəsinə çevrilib. Onun sözlərinə görə, yaranacaq çox qütblü dünya da böyük ehtimalla stabil olmayacaq. Putinin fikrinə görə, vəziyyətdən yeganə çıxış yolu yalnız qarşılıqlı hörmət və əməkdaşlıq əsasına dayanan beynəlxalq institutların yaradılmasıdır.
Moskvanın Amerikan hərbi qüdrətini cilovlaya bilmək imkanı xeyli məhduddur. Rusiya iqtisadiyyatı hədsiz dərəcədə neft və qazdan asılıdır. Onun investisiyası çatışmır və hələ üstəlik sanksiyalarla da qarşılaşıb. Qərbin qlobal masştabdakı gücünü məhdudlaşdırmağın öhdəsindən ehtimal ki, yalnız Çin gələ bilər. Ancaq yaxın zamalarda bu baş verməyəcək. Belə bir şaiyyə gəzir ki, Vladimir Putin ABŞ-ın vitse prezidenti Co Baydenə bildirib ki, Rusiyanın dünya liderliyi uğrunda mübarizə aparmağa yetərli qüvvəsi və imkanı yoxdur, ancaq buna baxmayaraq Moskvanın köməyi kimin dünya lideri olacağını müəyyənləşdirə bilər. Obama daima qeyd edir ki, ABŞ əvəzedilməz ölkədir və əminliklə söyləmək olar ki, onun yerini əvəzləyəcək istənilən güc daha radikal və daha çox təcavüzkarlığa meyl göstərən olacaq.
Amerikan elitası 1991-ci il SSRİ-nin dağılmasından sonra dünyada qazandıqları üstünlükləri və yaranmış vəziyyətin maksimal olaraq daha uzun müddətə sürməsini arzulayır. Çox qütblü dünyanın bütün yaxşı tərəflərinə baxmayaraq, geniş masştablı müharibələr də daxil olmaqla, təhlükəli münaqişələr böyük ehtimalla artacaq.