Lukaşenko ABŞ-dan kömək istəyib Dünya

Lukaşenko ABŞ-dan kömək istəyib

Belarusda "Hərbi vəziyyət haqda" qanun qüvvəyə minib.
Bu qanunun Rusiyanın hərbi müdaxilə təhlükəsinə qarşı qəbul edildiyi açıq şəkildə ortadadır.
Qanun "yaşıl adamlar" adı alan Rusiya diversant qruplarının Belarus ərazisinə yeridilməsinə qarşı mümkün tədbirləri nəzərdə tutur. Orada göstərilir ki, Belarus ərazisində başqa ölkənin qeyri-nizami hərbi birləşmələrinin, illeqal hərbi qruplarının peyda olması, habelə ölkə sərhədləri boyu qoşun cəmləşdirilməsi hərbi vəziyyət elan edilməsi üçün əsas olacaq.
BBC-nin rus xidmətinin bildirdiyinə görə, bu qanunun qüvvəyə mindiyi gün Belarusun ABŞ-dakı səfiri Pavel Şidlovski Vaşinqtonda Atlantika Şurasında çıxışı zamanı deyib ki, qanun Belarusun suverenliyinə və müstəqilliyinə qarşı təhdidlərin artdığı bir vaxtda qəbul edilir.
Diplomat deyib ki, Belarus iki daş arasında qalıb, hazırda onun sərhədləri yaxınlığında müharibə gedir. Belarusdan qərbdə isə silahlanma yarışı başlayıb. Səfir Belarusun öz müstəqilliyinə və suverenliyinə təhlükə hiss etdiyini deyib.
P.Şidlovski indiki çətin situasiyada "Belarusa kömək əli uzatmağa" çağırıb. O, Belarusda insan haqları sahəsində problemin olduğunu etiraf edib:"Belarusu yenə insan haqları ilə bağlı tənqid edirlər. Bəli, bizdə insan haqları, demokratiya ilə bağlı problemlər var. Hər şey ideal deyil. Biz insan haqları sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün səylər göstəririk. Ancaq bu gün Belarusun suverenliyi və müstəqilliyi üçün təhdid yaranıb. Biz Belarusa Rusiyadakı vəziyyətdən qaynaqlanan indiki iqtisadi çətinlikləri aradan qaldırmaq üçün kömək əli uzatmağa çağırırıq".