Separatçılar da səfərbərlik elan edib Dünya

Separatçılar da səfərbərlik elan edib

Rusiya Ukrayna hadisələrində ABŞ-I ittihamlayır

Cavid

Ukraynada qan su yerinə axır. Münaqişənin həlli yolu tapılmadıqca Ukraynada hər ötən gün müharibənin dəhşətini öz üzərində daha çox hiss edir. Ukraynalıların taleyi üzərində qurulan siyasət isə hələ də maraqlı dövlətlərin müzakirə obyektidir. Rusiya hər nə qədər müharibənin qızışmasında Qərbi ittiham etsə də, Kiyev açıq şəkildə Moskvanı təcavüzkarlıqda ittiham edir.
Xüsusilə rus hərbçilərinin plasdarmına çevrilən Donetsk şəhərində mərmi və güllə səsləri susmaq bilmir. Ötən gün Ukraynanın şəqində gedən qızğın döyüşlərdə 24 saat ərzində həlak olanların sayı 23 nəfərə çatıb. Rəsmi Kiyev ölənlərdən 10-un dinc sakinlər olduğu barədə məlumat yayıb.
Ukraynada tanınmamış "Donetsk Xalq Respublikası"nın rəhbəri Aleksandr Zaxarçenko ümumi səfərbərlik elan edib.
ABŞ Administrasiyası Kiyevdə hakimiyyətin güc yolu ilə ələ keçirilməsi üçün heç bir yardımını əsirgəməyib. Rusiyanın birinci telekanalının məlumata görə, bu sözləri ölkənini xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, ABŞ-ın Ukraynada dövlət çevrilişinə cəlb olunması faktı təsdiqlənib və dövlətə qarşı çevrilən addımı prezident Obama hakimyyət dəyişikliyi kimi qələmə verib: "Bu müsahibədə səsləndirilən ritorika onu təsdiq edir ki, Vaşinqton indiki Kiyev hakimyyətinin addımlarını dəstəkləmək niyyətindədir. Kiyevin niyyəti isə münaqişəni silah gücü ilə həll etməkdən ibarətdir".
Qeyd edək ki, ABŞ prezidenti Obama CNC-nin verdiyi müsahibədə Ukraynada davam edən münaqişənin Putinin səhv addımlarının nəticəsi olduğunu bəyan edib.
BMT hesablamalarına görə, Ukraynanın şərqində münaqişənin başlandığı aprel ayından bu günə qədər 5100 nəfərdən çox insan öldürülüb, 900 minə yaxın insan məcburi köçkün düşüb.
Bu arada ukraynada separatçılar rəsmi Kiyevə yeni tələblər irəli sürüblər.
Separatçılar Ukraynadan atəşin birtərəfli qaydada dayandırılmasını və "yeni təmas xətti"ni tanımasını tələb ediblər.
Qondarma Donetsk Respublikasının nümayəndəsi Denis Puşil Moskvada keçirdiyi mətbuat konfransında atəşkəs üçün şərtlərini açıqlayıb.
Onun sözlərinə görə, ötən ilin sentyabr ayında Minsk danışıqlarında müəyyən edilmiş köhnə təmas xətti artıq qüvvədən düşüb, hazırkı cəbhə xətti təmas xətti kimi qəbul olunmalıdır:
"Poroşenko hərbi əməliyyatların dərhal dayandırılmasına əmr verməlidir. Yalnız bundan sonra Donetsk və Luqansk respublikalarının liderləri Minsk danışıqlarında iştirak edə bilər".
Qeyd edək ki, yeni cəbhə xətti separatçıların son günlər ərzində zəbt etdikləri yeni əraziləri də əhatə edir.
Separatçıların nümayəndəsi həmçinin bildirib ki, 10 minə yaxın Ukrayna "Debaltseve platsdarmı"nda mühasirəyə alınıb.
Rusiya müxalifətçisi Boris Nemtsov bildirib ki, Rusiya prezidenti Vladimir Putinə sülh lazım deyil. O, ukraynalıların icazə verdiyi qədər uzağa gedəcək.
Onun sözlərinə görə, Donbas müharibəsində hazırda hər şey Qərb və Putindən asılı deyil: "Hər şey ukraynalılardan asılıdır. Putin ukraynalıların icazə verdiyi qədər irəli gedəcək. Məsələn, Kreml rəhbəri Mariupola hücum etməyə hazırlaşırdı. Amma gördü ki, bu sadəcə olaraq alınmayacaq və dayanmağa məcbur oldu. Ukrayna Silahlı Qüvvələri, "Azov" alayı və digərləri Putinin qarşısını çox möhkəm kəsdilər. Amma Debaltsevoda vəziyyət komandirlərin ağılsızlığına görə tamamilə başqa cürdür. Hər şey yalnız sizdən asılıdır. Əgər Ukrayna rahatlasa, Putin Kiyevə çatacaq".
"Mənim qiymətləndirmələrimə görə, Ukraynada döyüş qabiliyyəti olan hərbi hissələrdə təxminən 40 min hərbçi var. Bu bir il əvvəlki dövrlə müqayisədə daha yaxşıdır. Həmin vaxt döyüş qabiliyyəti olan cəmi 6 min hərbçi var idi. Amma diqqəti olan yönəltmək istəyirəm ki, hazırda hər min ukraynalıdan biri vuruşur. Bu müharibə deyil. Əgər söhbət ölkənin müdafiəsindən gedirsə, hər min nəfərdən biri deyil, hər yüz nəfərdən biri vuruşmalıdır", - Rusiya müxalifətçisi vurğulayıb.