BMT Ukraynaya sülhməramlılar göndərmək istəyir Dünya

BMT Ukraynaya sülhməramlılar göndərmək istəyir

Rusiya isə sülh missiyası bəhanəsi ilə Donbas hövzəsinin işğal edilmiş ərazilərində yerləşdirdiyi qoşunlarını leqallaşdırmaq niyyətindədir

Cavid

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynaya sülhməramlıların göndərilməsi üçün şərtləri açıqlayıb. RİA informasiya agentliyi xəbər verir ki, BMT-nin baş katibinin rəsmi nümayəndəsi Farxan Xak bu barədə qərarın yalnız BMT Təhlükəsizlik Şurasında qəbul edilə biləcəyini deyib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında bu məsələnin müzakirəyə çıxarılması üçün Ukraynadan müraciət daxil olmalıdır. BMT-nin rəsmi nümayəndəsi qeyd edib ki, qurum hazırkı mərhələdə bu məsələ ilə bağlı aparılan müzakirələrdən xəbərsizdir.
Xatırladaq ki, dünən Moskvada keçirdiyi brifinqdə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaş Donbas hövzəsinə sülhməramlıların göndərilməsi ideyasının prinsip etibarilə müzakirə oluna biləcəyini bildirib: "Sabahkı görüşdən (Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkelin Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulur – Ö.D.) asılı olmayaraq demək istəyirəm ki, bu cür ideyalar ekspertlər səviyyəsində müzakirə edilir. Sabah prezidentlərin görüşündə də sülhməramlıların Donbasa göndərilməsi ideyası müzakirə edilə bilər. Amma dəqiq fikir söyləmək çətindir. Danışıqların gedişatına baxacağıq", - Lukaş deyib.
Ukraynalı ekspertlər hesab edir ki, Rusiya sülh missiyası bəhanəsi ilə Donbas hövzəsinin işğal edilmiş ərazilərində yerləşdirdiyi qoşunlarını leqallaşdırmaq niyyətindədir.
O da bildirilir ki, Almaniya kansleri Angela Merkelin və Fransa prezidenti Fransua Ollandın Ukraynanın şərqində gedən müharibəni dayandırmaq üçün qəfil başlatdıqları vasitəçilik missiyası davam edir.
Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə bağlı qapılar arxasında keçirilən görüşdə Fransa və Almaniya liderləri ona sülh planını təqdim ediblər.
Görüşdən sonra Almaniya və Fransa liderləri mətbuat üçün heç bir açıqlama verməyiblər.
Merkel və Holland bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya yollanırlar. Xatırladaq ki, onlarla eyni vaxtda ABŞ dövlət katibi Con Kerri Kiyevdə idi. Kerri bəyan etmişdi ki, ABŞ, Fransa və Almaniya nümayəndələrinin Kiyevdə olması Qərbin Ukraynaya dəstəyini nümayiş etdirir.
Dövlət katibi bildirib ki, Vaşinqton sülh üçün diplomatik təşəbbüsləri dəstəkləyir, lakin Moskvanın təcavüzünü qəbul etmək niyyətində deyil.
Ukraynanın baş naziri Arseni Yasenyukla birgə keçirdiyi mətbuat konfransında dövlət katibi deyib ki, "bizə sülhü əldə etmək lazımdır, lakin biz Ukraynanın ərazi bütövlüyünə xələl gətirəcək heç nəyi qəbul etməyəcəyik".
Kerri Rusiyanı Ukraynanın suverenliyini pozmaqda ittiham edib və bildirib ki, Moskva özünü "tam cəzasız" hiss edir.
"Biz münaqişənin sülh yolu ilə həllini seçmişik, lakin sülh birtərəfli ola bilməz" -Kerri bildirib.
Qərb mətbuatı xəbər verir ki, ABŞ dövlət katibinin Fransa və Almaniya liderləri ilə eyni vaxtda Kiyevə gəlməsi təsadüfi deyil. Belə ki, Fransua Olland və Angela Merkel Donbasda gedən müharibədə Ukraynanın itkilərinin getdikcə artmasından narahat olaraq ABŞ prezidenti Barak Obamanı özlərinin sülh təşəbbüsünə razı sala biliblər.
Kiyevdə danışıqlara başlamazdan əvvəl Holland bildirib ki, onlar Kiyevə yeni sülh təşəbbüsü ilə gəliblər.O əlavə edib kİ, bu təşəbbüs Ukraynanın ərazi bütövlüyü prinsipinə əsaslanır, lakin bütün tərəflər üçün məqbul ola bilər.
Bununla yanaşı, Fransa prezidenti bildirib ki, "diplomatiya sonsuza qədər davam edə bilməz".
Merkel-Holland təşəbbüsünün bundan əvvəlki təşəbbüslərdən nə ilə fıərqləndiyi hələlik bilinmir, lakin onlar, deyəsən ABŞ-ı hələlik Ukraynaya silah verməməyə razı sala biliblər. Rusiya mənbələri isə xəbər verir ki, Merkel-Olland planının detalları barədə geniş məlumat olmasa da onların sülh planında "Novorossiya" üçün qeyri-müəyyən status təklif olunur. Yəni bu, faktiki olaraq Kiyevi münaqişənin uzunmüddətli dondurulmasına razı salmağa, Donetsk və Luqansk vilayətlərinin isə faktiki Rusiyanın nəzarətinə keçməsi ilə barışmasına yönəlib.