Debaltsevo ətrafında qanlı döyüşlər gedir Dünya

Debaltsevo ətrafında qanlı döyüşlər gedir

Separatçılar şəhəri mühasirəyə almağa çalışır

Donetsk vilayətinin Debaltsevo şəhəri ətrafında Ukrayna qoşunları ilə separatçılar arasında qanlı döyüşlər davam edir.
APA-nın xəbərinə görə, separatçıların liderlərindən biri olan Eduard Basurin şəhəri Ukrayna ordusunun nəzarətində olan digər zona (Artyomovsk) ilə əlaqələndirən yeganə avtomobil yolunu ələ keçirdiklərini bildirib: "Debaltsevoda mühasirəyə alınan Ukrayna hərbi qruplaşmasının hərbi texnika və döyüş sursatı ilə təmin edildiyi bu strateji yol artıq tam bağlanıb və mühasirə həlqəsi rəsmən qapanıb".
Lakin Ukrayna tərəfi bu xəbəri təkzib edib. "Donbass" batalyonunun komandiri, Ali Radanın üzvü Semyon Semyonçenko özünün "Facebook" səhifəsində separatçıların Debaltsevodakı "həyat yolu"nu bağla bilmədiklərini söyləyib: "Ukrayna Silahlı Qüvvələrinin bölmələri və "Donbass" batalyonunun diversiya əleyhinə qrupu tərəfindən düşmənin irəliləməyə nail olmuş qüvvələrinin təmizlənməsi həyata keçirilib. Debaltsevo-Artyomovsk həyat yolunu qapatmaq cəhdi iflasa uğrayıb. Düşmənin yeni qüvvələrinin hücumu ehtimalı ilə əlaqədar biz tərəfdən əlavə qüvvələr cəlb olunub. Döyüş gedir".
Ukrayna Antiterror Qərargahı da Debaltsevo-Artyomovsk yolunun kəsildiyi barədə xəbərləri təkzib edərək düşmənin xeyli hərbi texnikası və canlı qüvvəsinin məhv edildiyini açıqlayıb.