Hind ştammı ilə bağlı qorxulu proqnoz Dünya

Hind ştammı ilə bağlı qorxulu proqnoz

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 163,31 milyonu ötüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST xəbər verir ki, son sutka ərzində 515 min 104 nəfər koronavirusa yoluxub, 11 min 104 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 163 milyon 312 min 429, ölənlər isə 3 milyon 386 min 825 nəfərə çatıb. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ərzində COVID-19-a 163 312 429 yoluxma, 3 386 825 ölüm haqqında məlumatlar daxil olub. Son sutkada virusa yoluxanların sayı 515 104, ölənlərin sayı 11 104 nəfər artıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır. Dünyada indiyədək ən çox yoluxma halı ABŞ (33,7 milyon), Hindistan (25,4 milyon), Braziliya (15,7 milyon), Fransa (5,8 milyon), Türkiyə (5,1 milyon) və Rusiyada (4,9 milyon) qeydə alınıb. Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
Fransa COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimindən çıxmağa hazırlaşdığı vaxtda mütəxəssislər ölkədə koronavirusun Hindistan ştammının yayılması ilə bağlı narahatlıqlarını bildirirlər. Hindistan ştammının bir neçə variantı olduğu bildirilib. Fransada hind ştammının ən təhlükəli variantı - B.1.617.2 üzrə artıq 30 yoluxma faktı qeydə alınıb. Bu haqda Regional Səhiyyə Ajansının məlumatında xəbər verilib.
“Imperial College de Londres” və Lill Universitetinin professoru, genetika üzrə mütəxəssis Filip Forgel yerli mətbuata müsahibəsində hökuməti fəaliyyətsizlikdə qınayıb. Hind ştammının aşkarlanması üçün Fransada xüsusi testlərin olmadığını diqqətə çatdıran alim bu ştammın sürətlə yayıldığını vurğulayıb. Bildirib ki, Fransada səlahiyyətli şəxslər vəziyyəti yaxından və diqqətlə izləməlidirlər. Hind variantı mənşə virusdan daha sürətlə yayılır. Böyük Britaniyada ingilis ştammının dominantlığı iki ay yarım davam etdisə, bu müddət Fransada üç ay yarım oldu. Hindistan ştammı sürətlə inkişaf edərsə, iyulda Fransa virusun dördüncü dalğası ilə üzləşəcək. Beləliklə, ölkə böyük problemlərlə qarşılaşa bilər.
Dəhşətli anlar Hindistanda yaşayır. Belə ki, yeni növ koronavirus infeksiyası Hindistanda tüğyan edir. “Report”un məlumatına görə, bir gün ərzində ölkədə 4525 nəfər COVID-19-dan və yanaşı xəstəliklərdən ölüb. Xəstəlik ümumilikdə 283 276 insanın ölümünə səbəb olub. Sutka ərzində ölkədə 267 174 nəfər koronavirusa yoluxub və bu xəstəliyə yoluxmuşların ümumi sayı 25,4 milyonu ötüb. Hindistan koronavirusa yoluxmaların ümumi sayına görə dünyada ikinci yeri tutur.
Türkiyədə də vəziyyət ürəkaçan deyil. Son sutka ərzində 203 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 24 saatda 11 min 937 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 139 min 485, pandemiya qurbanlarının sayı isə 45 min 186 nəfərə çatıb. Türkiyədə indiyədək 4 milyon 971 min 245 pasiyent (son sutkada 10 min 125 nəfər) sağalaraq evə buraxılıb. Bu arada qeyd edək ki, bu günə qədər COVID-19-a qarşı dünyada 1,5 milyarddan çox peyvənd vurulub. Vurulan peyvəndlərin statistikasını ABŞ-ın Con Hopkins Universiteti aparıb.