Rus generalından döyüş əmri Dünya

Rus generalından döyüş əmri

Kreml Ukraynada vəziyyəti gərginləşdirir

Cavid

Rusiya generalı artıq açıq şəkildə Donetskdə döyüşçülərə əmr verib. Yayımlanan videoda da Ukrayna hərbçilərinin Rusiya generalı tərəfindən təhqir edildiyi məlum olur.
Ukrayna Təhlükəsizlik Xidməti hərbçilərin təhqir edilməsini beynəlxalq hüququn bütün normalarının pozulması kimi dəyərləndirib. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir: "Rusiya generalı açıq şəkildə döyüşçülərə əmr verir, bizim hərbçilərimizi həyasızcasına ələ salır. Razılaşmalara məhəl qoymur"
Donbas hövzəsində isə döyüşən separatçıların Rusiyada təlim aldığını göstərən növbəti görüntülər yayılıb. Ukrayna mediası xəbər verir ki, Ukrayna hərbçilərinə əsir düşən separatçılardan biri Rusiyada hərbi təlim aldığını bildirib. O, T-72 rus tankının komandiridir.
"Təlim Taqanroq (Rostov vilayətində yerləşən şəhər) şəhərinin yaxınlığında yerləşən poliqonda keçirilirdi. Təlimdən sonra T-72 tankını da orada verdilər", - Donetsk vilayətinin Şirokino qəsəbəsi yaxınlığında əsir düşən döyüşçü deyib.
Qeyd edək ki, Rusiyanın İTAR-TASS dövlət xəbər agentliyinin fotomüxbiri Roman Saponkov bir neçə gün əvvəl separatçıları və Moskvanı çətin vəziyyətə salacaq görüntüləri yayımlayıb. Görüntülər Donbas hövzəsində atəşkəs rejimi barədə razılaşmanın qüvvəyə minməsindən sonra lentə alınıb.
Görüntülərə görə, Rusiya artilleriyası Debaltsevoda ukraynalılara atəş açır. Bu isə separatçıların atəşkəs rejiminə riayət etdikləri barədə rəsmi Moskvanın iddialarını alt-üst edir.
Yeri gəlmişkən Ukraynanın tanınmış jurnalisti, "Censor.net" saytının baş redaktoru Yuri Butusov Debaltsevo şəhərinin müdafiəsi zamanı həlak olan, eləcə də əsir və itkin düşən ukraynalı hərbçilərin sayını açıqlayıb.
Y. Butusov özünün "Facebook" səhifəsində 2015-ci il yanvarın 24-dən fevralın 18-nə qədər Debaltsevo ətrafında gedən şiddətli döyüşlərdə 163 hərbçinin həlak olduğunu, 110 nəfərin əsir düşdüyünü və 29 hərbçinin itkin düşmüş sayıldığını yazıb. O, konkret hansı hərbi hissənin nə qədər itki verdiyini rəqəmlərlə qeyd edib.
Jurnalist bildirib ki, bunlar hələ yekun rəqəmlər deyil və dəqiqləşdirmələr davam edir.
Separatçı qüvvələrin nə qədər itki verdiyi bəlli olmasa da, onların itkilərinin Ukrayna tərəfinin itkilərindən çox olduğu güman edilir.
Ukrayna prezidenti Pyotr Poroşenko Avropa Birliyinin qonşuluq və genişlənmə üzrə komissarı Yohannes Han ilə görüşdən sonra deyib ki, Donbas hövzəsində gələcəkdə sülh missiyasının tərkibində Rusiyanın nümayəndələrinin iştirakı qəbul edilməməlidir.
"Rusiya təcavüzkar ölkə kimi Ukraynadakı sülh əməliyyatında iştirak etməyəcək", - Poroşenko birgə mətbuat konfransında bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Milli Təhlükəsizlik və Müdafiə Şurasının fevralın 18-də keçirilən iclasında Kiyev üçün ən yaxşı formatın Avropa Birliyinin polis missiyası olduğunu deyib. O, əminliyini ifadə edib ki, hazırkı vəziyyətdə Avropa Birliyinin sülhməramlıları təhlükəsizliyin ən effektiv və ən optimal zamini olacaq. Poroşenko bu məsələnin Fransa və Rusiya prezidentləri, həmçinin Almaniya kansleri ilə müzakirə edildiyini vurğulayıb.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra qurumun katibi Aleksandr Turçinov da bildirib ki, təmasın xəttində və Kiyevin nəzarət etmədiyi Ukrayna-Rusiya sərhədində beynəlxalq güclər yerləşdirilməlidir. Turçinov Ukraynanın Ali Radasının müraciətinin BMT və Avropa Birliyi tərəfindən müsbət qarşılanacağına ümid etdiyini dilə gətirib.
Lakin Kiyevin bu ideyası separatçılar və Moskva tərəfindən sərt qarşılanıb."Donetsk Xalq Respublikası" ("DXR") separatçı qurumun rəhbərliyi Poroşenkonun ideyasını son dərəcə mənfi adlandırıb. Ukrayna danışıqları üzrə üçtərəfli əlaqə qrupunda "DXR"in səlahiyyətli nümayəndəsi Denis Puşilin bildirib ki, sülhməramlılarla bağlı ideyanın səsləndirilməsi Minsk razılaşmalarının pozulması deməkdir. "DXR"in "Xalq Şurası"nın başçısı Andrey Purqin isə Donbas hövzəsində sülhməramlıların yerləşdirilməsi haqqında danışıqların tez olduğunu deyib. Onun sözlərinə görə, əgər sülhməramlılar lazımdırsa, burada yalnız Rusiyanın sülhməramlılarından söhbət gedə bilər.
Bundan əvvəl isə Rusiyanın BMT yanında daimi nümayəndəsi Vitali Çurkin Rusiya və Ukraynanın sərhədinə beynəlxalq sülh kontingentinin dəvət edilməsi ilə bağlı Kiyevin ideyasını şərh edib. O, qeyd edib ki, Kiyev rəhbərliyinin bu bəyanatları Minsk razılaşmalarını yerinə yetirmək niyyətini şübhə altına qoyur.