Putinlə bağlı sensasion iddialar Dünya

Putinlə bağlı sensasion iddialar

Andrey İllarionov: "Rusiya rəhbərliyində ciddi dəyişikliklər gözlənilir, Putin fəxri təqaüdə göndəriləcək"

Cavid

Rusiya prezidenti Putinin haqqında müəmmalı xəbərlər dolaşır. Ötən günlərdə Putinlə bağlı yayılan xəbərlərin birində onun İslamı qəbul etdiyi iddia olundu. Rusiya mətbuatı "İnterfaks"a istinadən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bu məlumatı təsdiqlədiyini bildirib.
Peskov deyib: "Onu çoxdan tanıyıram. Spontan qərarlar qəbul etmədiyinə əminəm. Hər halda bu insanın daxili aləmi ilə bağlı məsələdir və cənab prezident mənə bu barədə heç bir məlumat verməyib. Mən özüm də İslamla maraqlanıram və indi Quran oxuyuram."
Çeçenistan prezidenti Ramzan Kadırov isə öz "Tvitter" səhifəsində yazıb: " Hələ heç vaxt belə xöşbəxt olmamışam və inanıram ki, Vladimir Vladimiroviç yaxın zamanlarda bütün kafirlərə və münafiqlərə qarşı cihad elan edəcəkdir".
Rusiya pravoslav kilsəsinin ictimai əlaqələr şöbəsinin müdiri Vsevolod Çaplin "Rossiya" kanalına bildirib ki, "patriarx indi xəstədir, ona görə də xəbərə şərh verə bilməyəcək, amma o prezidentin dini seçiminə hörmətlə yanaşmağı xahiş etdi".
Politoloq Serqey Makarov " Dojd" telekanalına müsahibəsində iddia edib ki, qərar geopolitik vəziyyətə görə qəbul edilib: "Bizim prezident ilk növbədə Rusiya haqda düşünür, bizə güclü tərəfdaşlar lazımdır. Məsələn, İslam aləmi kimi. Onsuz da Tanrı birdir."
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da bu məlumatı təsdiqlədiyi iddia olunur, məlumatlara görə, Moskvaya yaxın zamanlarda müsəlman ölkələrindən nümayəndə heyətinin gələcəyi gözlənilir.
Putinin sabiq müşaviri və hazırda ABŞ-ın Katon Universitetinin baş elmi əməkdaşı Andrey İllarionov da dünən bəyan edib ki, Rusiya rəhbərliyində ciddi dəyişikliklər gözlənilir. Onun bildirdiyinə görə, baş nazir Medvedevi xarici işlər naziri Sergey İvanov əvəzləyəcək. Putinə gəlincə, İllariuonov onun fəxri təqaüdə göndəriləcəyini iddia edib.
Putinin sabiq müşaviri Kremldə qarşı-qarşıya iki hakimiyyətdaxili qrupun olduğunu və hərbçilərin prosesə cəlb olunduqlarını vurğulayıb. İllarionov əmindir ki, Rusiya lideri ön mövqeyi əldən verib: "Yaxın günlərdə Putinin istefası da reallaşacaq".
Digər bir xəbərdə isə Putinin insult olduğu bildirilib. Rusiya mətbuatı xəbər verib ki, o insult olduğundan bir neçə gün əvvəl Astanada keçirilməsi nəzərdə tutulan Rusiya, Belarus, Qazaxstan dövlət başçılarının sammiti təxirə salınıb və vaxtı dəyişdirilib. İddialara görə, Putin hazırda ağır vəziyyətdə xəstəxanada, ciddi həkim nəzarətindədir.
Qeyd edək ki, xüsusilə son şaiyənin yayılmasının ciddi əsasları da var. Qazaxıstanın paytaxtı Astanada keçirilməsi nəzərdə tutulan toplantının təxirə salınması şaiyələrin inandırıcılığını artırır. Bəs, Putinlə bağlı xəbərlər doğrudursa, regionda və dünyada nələr baş verə bilər?
Politoloq Heydər Oğuz Putin haqqında yayılan xəbərləri şərh edərkən deyib ki, Putinin yoxa çıxması xəbərindən sonra bu cür söz-söhbətlərin yayılması və az qala, rəsmən təsdiqlənməsi təsadüfi deyil, bəlkə də Kreml tərəfindən məqsədli şəkildə yayılıb: "Mümkündür ki, Rusiya böyük əks-sədaya səbəb olacaq hansısa addım atmağa hazırlaşır. İnsanların diqqətini tamamilə başqa istiqamətə yönəltmək üçün isə belə bir fikir ortaya atır."
Kreml tərəfindən şüurlu şəkildə yayılan bu mülahizələrin ABŞ və Qərblə imperialist savaşlarda məzlum müsəlman xalqlardan istifadə etmək məqsədi güddüyünü düşünən Heydər Oğuz Putinin səhhətiylə bağlı deyilənləri isə şərh etməyə tələsmir.
"Bu barədə rəsmi məlumat verilməyənə qədər hadisəni şərh etmək yalnış olardı. Siyasət kahinlik deyil ki, qeybdən xəbər verəsən. Təsdiqini tapmamış hadisə haqqında mülahizə irəli sürmək elə kəhanət kimi bir şeydir. Üstəlik, Putinin səhhəti barədə yayılan xəbərlər də spekulyativ məqsəd güdə bilər"- deyən politoloq bu şaiyənin də qarşı tərəfi sakitləşdirmək niyyəti ilə ortaya atıla biləcəyini düşünür: "Bilirsiniz ki, istənilən müharibəni qazanmağın ən gözəl metodlarından biri psixoloji savaşdır. Psixoloji savaşdan bəzən qarşı tərəfi qorxutmaq, bəzən isə ona vaxtından əvvəl yalançı qələbə sevinci yaşatmaq üçün istifadə olunur. Əksər hallarda bu metod xof yaratmaq missiyasını yerinə yetirsə belə, önəmli hücumlardan öncə düşməni psixolojik olaraq rahatlatmağa da xidmət edir. Tarixdə özünü zəif göstərib düşmən qarşısından qaçan və onu tələyə salan yüzlərlə sərkərdə var. Düşünürəm ki, son zamanlar Putin barəsində yayılan xəbərlər məhz bu niyyətə qulluq edir".
Politoloq Qərbin ağır sanksiyaları qarşısında iqtisadi gücü sarsılan Rusiyanın qəfil addımlar atmağa ehtiyacının olduğunu və bu şaiyələrin həmin addım öncəsi zəmin yaratmaq üçün də yayıla biləcəyini düşünür: "Bəziləri post-sovet məkanının demokratikləşməsinin önündə maneə kimi gördükləri Putinin sıradan çıxmasına sevinirlər. Halbuki, bu qədər ucuz qələbəyə sevinmək olmaz. Biz belə ucuz qələbənin acı nəticəsini indi də yaşayırıq. Unudulmamalıdır ki, vaxtından əvvəl qeyd olunan "zəfərlər" çox zaman məğlubiyyətlə sonuclanır. Əksinə, indiki zamanda Qərb ölkələri və onun tərəfində dayanan qüvvələr daha diqqətlə hadisələri izləməli, hər cür sürprizlərə hazır olmalıdırlar. Hətta o da mümkündür ki, hər kəsin qələbə çığlıqları atdığı bir vaxtda müsəlman donunda peyda olan Putin heç kimin gözləmədiyi addımlar atsın və ABŞ imperializmindən əziyyət çəkən müsəlman dünyasını öz arxasınca sürükləsin".
Əslində dünyanın geopolitik düzənin indiki anında Putinin hər hansı səbəbdən oyundankənar vəziyyətə düşməsini arzulamadığını gizlətməyən Heydər Oğuz fikirlərini belə əsaslandırdı: "Putin bizim əzəli düşmənimiz olan rus imperializminin sələf dövlətinə rəhbərlik edə və bu dövlət yenə imperialist maraqlarını əldə rəhbər tuta bilər. Bununla belə onun qarşısında başqa bir imperialist qüvvə var və həmin qüvvə Putin Rusiyasından daha ədalətli, insaflı deyil. Xüsusilə ABŞ-ın Yaxın Şərq ölkələrində törətdikləri insanlıq tarixinin ən vəhşi təxribatları, zülmü kimi yaddaşlara yazılacaq. Hal-hazırda bu iki qüvvənin bir-biriylə çarpışması hər ikisinin zəifləməsinə gətirib çıxara bilər. Bunlardan birinin vaxtından əvvəl oyundankənar vəziyyətə düşməsi isə xüsusilə Şərq dünyasının (deməli həm də bizim) imperializm caynağında daha artıq çabalaması deməkdir".
Ekspert Elçin Qurbanov da mövzuyla bağlı maraqlı açıqlamalar verib: "Mənəvi cəhətdən ciddi şəkildə deqradasiyaya uğrayan Rusiya gəncliyi, dolayısıyla bu ölkənin genefondu çox böyük təhlükə altındadır. Alkoqolizm, narkotika aludəçiliyi, davamsız ailə münasibətləri, pul hərisliyi və digər zərərli xüsusiyyətlərin cəmiyyətdə təşəkkülü müsbət heç nə vəd etmir. Birinci şəxs tərəfindən belə bir addımın atılması İslam ideologiyasının ölkədə sürətlə yayılmasına və bu dinə marağa səbəb ola bilər".
Ekstra proqnozlar vermək istəmədiyini deyən ekspert məlumatın doğru olacağı təqdirdə dünyanın geosiyasi məhvərinin yerindən oynayacağını təxmin edir.
Putinin ölüm xəbəri haqqında deyilənləri də şərh edən Elçin Qurbanov bunları bildirdi: "Həqiqətən Putinin həyatı üçün narahatçılıq var. Məlumatlara görə insult keçirib, ağır vəziyyətdədir".