“Putin ictimai rəyi yoxlayıb” Dünya

“Putin ictimai rəyi yoxlayıb”

Rusiyalı ekspert: "Belə hadisələr Putinin siyasi intusiyasından irəli gəlir, əvvəlcə yoxa çıxır, sonra isə heç nə olmamış kimi görünür"

Cavid

Srağagün nəhayət ki, Rusiya prezidenti üzə çıxdı. Putin Sankt-Peterburqda Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşəndən sonra yenidən dünyanın diqqətində oldu. Xarici mətbuat indi Putinin bir neçə gün niyə "gizləndiyi" sualına cavab axtarır. Xatırladaq ki, ötən həftə xarici mətbuatda, eləcə də Rusiyanın bəzi saytlarında Putinin bərk xəstə olduğu, bəzi iddialara görə isə hətta onun öldüyü və yaxud da artıq hakimiyyətdən getdiyi barədə xəbərlər yayılmışdı. Rusiyalı ekspertlər də Putinin yoxa çıxmasını müxtəlif aspektlərdən izah ediblər.
Bunların arasında tanınmış Rusiyanın ictimai xadimi və siyasətçisi Heydər Camalın fikri daha maraqlı olub. O, Gürcüstanın "Rustavi 2" telekanalına verdiyi müsahibəsində Vladimir Putinin bir qrup dövlət çevrilişi həyata keçirmək istəyən hərbiçilər tərəfindən nəzarətə götürüldüyünü demişdi.
Rusiyalı ekspert Yuri Krupnov bildirib ki, Putin ictimai rəyin fikrini öyrənmək üçün bir neçə gün üzə çıxmayıb: "Belə hadisələr Putinin siyasi intusiyasından irəli gəlir, əvvəlcə yoxa çıxır, sonra isə heç nə olmamış kimi görünür. Putin hec vaxt hakimiyyətdən getməz, o, nə xəstədir, nə də infarkt olub. Sadəcə bir qədər istirahət edib. Amma bu istirahət növbəti planın reallaşa biləcəyindən xəbər verir".