“Ölkəmiz bütün dünyada analoqu olmayan bir ilkə imza atdı” Hadisə

“Ölkəmiz bütün dünyada analoqu olmayan bir ilkə imza atdı”

Vidadi Babanlı: "Möhtəşəm tədbirin səsi-sədası bütün Avropaya yayıldı"

Siyavuş Novruzov: "Avropa Oyunları Azərbaycana bir çox cəhətdən xeyir verdi"

Rafiq Hüseynov: "Avropa Oyunları Azərbaycanın təşkilatçılıq bacarığının necə yüksək səviyyədə olduğunu dünyaya sübut etdi"

Elman Muxtarov: "Hər şey mükəmməl şəkildə təşkil olunmuşdu"

Tanınmış yazıçı Vidadi Babanlı ölkəmizdə keçirilən "Bakı-2015" Birinci Avropa Oyunlarının bütün dünyaya səs salmasından danışıb.
Yazıçı möhtəşəm tədbirin unudulmaz təəssüratlarından hələ ayrıla bilmədiyini deyib: "Ölkəmiz bütün dünyada analoqu olmayan bir ilkə imza atdı. Möhtəşəm tədbirin səsi-sədası bütün Avropaya yayıldı. Dünya dövlətlərinin bayraqları ölkəmizdə dalğalandı, bütün Avropa Azərbaycandan danışdı. Mötəbər tədbirin təşkilatçılığını xüsusi qeyd etmək istəyirəm. Açılış günündən tutmuş, bağlanış mərasiminə qədər hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Mən inanıram ki, əcnəbi qonaqlar, idmançılar, jurnalistlər ölkəmizlə bağlı xoş təəssüratlardan hələ uzun müddət ayrıla bilməcəyəklər. Xalqımıza bu bayram təntənəsini yaşatdığına görə ölkə rəhbərinə və onun xanımına minnətdarlığımı ifadə edirəm".
Vidadi Babanlı bu möhtəşəm tədbirin xalqımızda ruh yüksəkliyi yaratdığını, onların birlik nümayiş etdirdiyini də dilə gətirib: "Xalqımız birlik nümayiş etdirdi. Hər kəs Prezidentimizin ətrafında sıx birləşdi və bu gözəl tədbiri dünyaya gözəl şəkildə nümayiş etdirdi".
"Avropa Oyunları Azərbaycana bir çox cəhətdən xeyir verdi. Misal üçün, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması əsas məqamlardan biridir", - deyən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, Azərbaycan indiyə qədər bir çox mötəbər tədbirlərə ev sahibliyi edir: "Azərbaycan öz təcrübəsinə güvənərək Avropa Oyunlarını da mükəmməl şəkildə keçirdi. Bu, Azərbaycanda olan iqtisadi inkişafın, ictimai həyatdakı sabitliyin, xalqla iqtidarın bir yerdə olmasının bariz nümunəsi idi. Yarışların həm açılış, həm də bağlanış mərasiminə bütün dünya ölkələrindən 1 milyarddan çox insan baxdı. Ölkəmizə çoxlu sayda turistlər, idmançılar gəldi. Bəzi ölkələrdə ermənilər tərəfindən Azərbaycan haqda dezinformasiyalar və mərkəzlər tərəfindən həqiqətə uyğun olmayan məlumatlar yayılsa da, ölkəmizə gələn avropalılar faktiki olaraq Azərbaycanı gördülər. Turistlərin xərclədiyi vəsait hesabına Azərbaycanın ayrı-ayrı strukturları turizmdən gələn gəlirləri formalaşdırdı. Bu, gələcəkdə də turistlərin sayının artmasına xidmət edəcək. Yeni idman qurğuları tikilib istifadəyə verildi. Bundan sonra vətəndaşlarımızın istifadəsinə veriləcək. Azərbaycan gələcəkdə də bu cür tədbirlərə ev sahibliyi edə biləcəyini bir daha nümayiş etdirdi. Dünya Azərbaycanın necə təşkilatçı olduğunu əyani şəkildə gördü".
S. Novruzov qarşıdakı dönəmdə Avropa Oyunlarının Azərbaycana gətirdiyi dividendlərin daha aydın şəkildə görünəcəyini düşünür.
Avropa Oyunlarında yunan-Roma güləşində mübarizə aparan və final qarşılaşmasında Rusiya güləşçisinə məğlub olaraq, 2-ci yerin sahibi olan Rafiq Hüseynov Avropa Oyunlarının onlar üçün əhəmiyyətindən danışıb: "Avropa Oyunları Azərbaycanın təşkilatçılıq bacarığının necə yüksək səviyyədə olduğunu, bu cür yarışları keçirə bilmək gücümüzü dünyaya sübut etdi. Bu oyunların bizim üçün əhəmiyyəti böyükdür, xatirələrimizdə dərin izlər buraxdı. İdmançılar burada böyük ruh yüksəkliyi qazandılar. Düzdür, qızıl medal qazana bilmədim, amma gümüş medal qazandığım üçün də çox sevinirəm. Hətta deyərdim ki, çox xoşbəxtəm. Bundan sonra bizi qarşıda dünya çempionatı gözləyir. Bilirsiniz ki, bu da lisenziya xarakterli yarışdır".
"Avropa Oyunlarında çox güclü yarışlar oldu", – deyən bu sözləri Bakı 2015 İlk Avropa Oyunlarının yunan-Roma güləşi yarışlarında bürünc medal qazanmış Elman Muxtarov yarışda erməniyə qalib gələrək bürünc medal qazanmasının onun üçün xüsusi hiss olduğunu deyib: "Bu cür yarışın ölkəmizdə keçirilməsi məsuliyyəti daha da artırır. Hər şey mükəmməl şəkildə təşkil olunmuşdu. Qazandığım medala görə də çox xoşbəxtəm. Həlledici görüşdə rəqibim erməni güləşçisi idi. Buna görə də görüşə çox yaxşı köklənmişdim, məqsədim ona qalib gəlmək idi. Şükürlər olsun ki, bunu bacardım, istəyimə nail oldum. Qızıl medal qazana bilməsəm də, heç olmasa, bürünc qazandım. İlk dəfə idi, böyüklər arasında yarışda çıxış elədim və medal qazandım. Prezidentin "Tərəqqi" medalı ilə təltif etməsi də məni çox qürurlandırdı, qələbələrə daha da ruhlandırdı".

Əli