Mərkəzi Bank uçot dərəcəsini endirdi Hadisə

Mərkəzi Bank uçot dərəcəsini endirdi

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 3.5%-dən 3%-ə endirilməsi barədə qərar qəbul edib.
Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyat və bölgədə baş verən son proseslər fonunda öz dayanıqlığını qoruyur və sabit inkişaf kursunu davam etdirir. Cari ildə iqtisadi tsikldəki yeni meyillərə adekvat olaraq makroiqtisadi siyasətdə həyata keçirilən mühüm təshih tədbirləri milli iqtisadiyyatın dayanıqlığının qorunmasına yönəlib.
Həyata keçirilən məqsədyönlü məzənnə siyasəti iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə və tədiyə balansının strateji dayanıqlığına müsbət təsir edib. Eyni zamanda makroiqtisadi sabitlik qorunub. 2015-ci ilin birinci yarısında inflyasiya aşağı təkrəqəmli səviyyədə qalıb. Son 2 ayda valyuta bazarı və manatın məzənnəsi əhəmiyyətli dərəcədə stabilləşib. Mərkəzi Bankın valyuta ehtiyatlarında artım müşahidə olunub.
O da qeyd edilib ki, qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesin maliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə uçot dərəcəsi 3 faizə endirilməsinə qərar verilib.