Allahşükür Paşazadə səfirlərlə görüşüb Hadisə

Allahşükür Paşazadə səfirlərlə görüşüb

Dünən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səmimi şəraitdə keçən görüşdə Nikolay Patskeviç Azərbaycanda diplomatik xidmətdə olduğu 9 ili ömrünün dəyərli illəri kimi qiymətləndirdiyini bildirib. Bu illər ərzində Azərbaycan xalqı və dövlətinin əldə etdiyi tərəqqi və nailiyyətlərin şahidi olmaqdan məmnunluğunu bildirən səfir Azərbaycan və Belarus xalqları arasında tarixi dostluq və qardaşlıq, bütün sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəmədiyini diqqətə çatdırıb. Azərbaycanın müdrik dövlət başçısı ilə ünsiyyətlərini rəğbətlə xatırlayan Nikolay Patskeviç ölkəmizin uğurlarının təməlində Prezident İlham Əliyevin möhkəm iradə və ardıcıl səylərinin dayandığını qeyd edib. Müxtəlif dini və etnik mənsubiyyətə malik insanların real tolerantlıq və əsl multikultural həyat tərzinə heyran olduğunu bildirən Nikolay Patskeviç vətəni Belarusla Azərbaycan arasında bu baxımdan oxşarlıqlardan böyük rəgbət duyduğunu bildirib.
Səfir bildirib ki, QMİ sədri Azərbaycan və Belarus arasında dini-mənəvi əlaqələrin inkişafı üçün dəyərli səylər göstərib, dəfələrlə Belarusu ziyarət edərək, mötəbər beynəlxalq tədbirlərdə iştirak edib. A.Paşazadənin Belarusun fəxri Mitropoliti Filaret həzrətləri ilə uzun illər ərzində qardaşlıq və əməkdaşlığının böyük dəyər kəsb etdiyini bildirən səfir bu əlaqələrin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.
Dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadə Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanı da qəbul edib.
Səmimi şəraitdə keçən görüşdə Azərbaycan və Çexiya xalqları arasında mədəni-mənəvi sahədə əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışılıb, bu istiqamətdə görülməli olan işlər müzakirə edilib. Ölkəsindəki dini icmaların həyat və fəaliyyəti barədə məlumat verən Pivonka Azərbaycanda mövcud dini-mənəvi həyatın özəllikləri ilə tanışlıqdan məmnunluğunu bildirib.
QMİ sədri 35 illik fəaliyyəti dövründə rəhbərlik etdiyi dini mərkəzin mühüm fəaliyyət istiqamətləri və uğurları barədə qonağı məlumatlandırıb. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsinin, dini-mənəvi irsə dövlət səviyyəsində qayğı və diqqətin, multikultural həyat tərzinin inkişaf etdirilməsinin hər zaman gündəmdə olmasını xüsusi vurğulayan Şeyxülislam bunun ölkəmizin ümumi tərəqqisində böyük rol oynadığını səfirin diqqətinə çatdırıb.