Artıq Azərbaycan şərtləri diqtə edən tərəfdir - Deputat Hadisə

Artıq Azərbaycan şərtləri diqtə edən tərəfdir - Deputat

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə iyulun 15-də keçirilmiş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirə müstəqillik tariximizdə ən böyük və genişmiqyaslı iqtisadi, siyasi yüksəlişin əldə olunduğunun sübutu idi. Müşavirədə çıxışı zamanı dövlət başçımız bəzi məqamlara xüsusilə diqqət çəkdi. Beləki, cənab Prezident çıxışında ölkəmizin artan beynəlxaq nüfuzunu vurğulamaqla yanaşı, geopolitik vəziyyətə, Ermənistanla sülh prosesinə və eləcə də, ölkəmizin artan iqtisadi, siyasi, hərbi gücünü xüsusilə vurğuladı. Bu baxımdan deməliyik ki, cari ilin ilk altı ayı onu göstərir ki, ölkəmiz dinamik inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr uğurla icra edilir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki, cənab Prezidentin müşavirədə Azərbaycan-Ermənsitan münasibətlərinin normallaşdırılması ilə bağlı söylədiyi fikirlər qarşı tərəf üçün önəmli mesajlar idi.Beləki, cari ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Delimitasiya üzrə işçi qruplarının birinci görüşü keçirilmişdir. Biz bunu müsbət addım kimi qiymətləndiririk. Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışır. Ermənistan tərəfi buna o qədər də meylli deyil. Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib. Lakin, 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın imzalanmasından 1 il 8 ay keçməsinə baxmayaraq, real nəticə hələ də yoxdur. Yaxşı olar ki, Ermənistan tərəfi cənab Prezident İlham Əliyevin sözlərini düzgün qiymətləndirsin və tezliklə sülh müqaviləsinin imzalanması üçün lazımi addımları atsın. Birmənalı olaraq, Ermənitan tərəfi başa düşməlidir ki, revanşist açıqlamaların, prosesdən yayınmağa çalışmağın onlara heç bir faydası yoxdur. Və bu hərəkətlər nəticəni sadəcə müəyyən zaman çərçivəsində ləngitməkdən başqa heç nə edə bilməz. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş və bu reallığı beynəlxalq arenada aparıcı güc mərkəzlərinə qəbul etdirmişdir. Bununla da status məsələsi tarixdə qalmışdır. Artıq Azərbaycan şərtləri diqtə edən tərəfdir. Ermənistan bu reallığı dərk etməli və taleyi ilə barışmalıdır. Yox, əgər barışmasa, o zaman "dəmir yumruğun" yeni zərbəsi ilə üzləşməli olacaq.

Millət vəkili Tamam Cəfərova xüsusilə qeyd edib ki, əgər status məsələsi çox uzanarsa, Azərbaycan da haqlı olaraq Zəngəzurun statusunu tələb edə bilər. Cənab Prezident çıxışında bu məqamı xüsusilə qeyd edərək bildirib ki, “...Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq. Buna oxşar mənfi məqamlar çoxdur”. Belə mənfi məqamlardan biri də təqaüdə göndərilmiş Minsk qrupunu yenidən fəallaşdırmağa çalışmalarıdır. 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Minsk qrupu həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk qrupu qeyri-funksionaldır. Belə olan halda bu ölmüş təsisatın adını halladırmaq prosesdən yayınmağa çalışmaqdan başqa bir cəhd deyil. Onu da deməliyik ki, bu uğursuz cəhdlərin nəticəsində zərər çəkən yenə də Ermənitan tərəfi olacaqdır. Azərbaycan şərtləri diqtə edən tərəf kimi qətiyyətli mövqe nümayiş etdirməyə davam edir və bundan sonra da belə olacaq.

Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinə diqqət çəkən millət vəkili Tamam Cəfərova deyib ki, qürurverici haldır ki, geosiyasi vəziyyətə liderlik edən Azərbaycan, həmçinin, heç bir yerdən dəstək almadan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərini uğurla davam etdirir. Şəhərləri, kəndləri yenidən qururuq. Ermənistanın məhv etdiyi mədəni, dini abidlərimizin bərpa edilir, nəqliyyat infrasturukturu, elektrik şəbəkəsi, su təchizatı hamısı yenidən qurulur. Fəxrlə deyə bilərik ki, ölkəmiz bütün bunları heç bir yerdən bir manat dəstək almadan təkbaşına edir.

Bütün bunlara paralel olaraq əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması üçün addımlar atılır, sosial məsələlər həll edilir. Sadəcə bir misalı demək kifayətdir. Bu il orta aylıq əmək haqqı təxminən 14 faiz, pensiya isə 10 faizdən çox artıb. Vətəndaşlarımızın həyat standartlarının daha da yüksəldilməsi üçün dövlət hər zaman bütün addımları atıb, bundan sonra da atmağa davam edəcək. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.