Robert Sekutanın Şəki səfəri Hadisə

Robert  Sekutanın Şəki səfəri

ABŞ səfirinin Şəkiylə tanışlığı "Sənətkarlar evi"ndən başlayıb

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Şəkiyə səfər edib. Səfir və onu müşayiət edənlər Şəkinin tarixi məkanlarına baş çəkib, mətbəxi ilə tanış olublar. Tanışlıq "Sənətkarlar evi"ndən başlayıb. Burada amerikalı diplomata dünyada analoqu olmayan tarixi şəbəkə sənəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, hazırlanmasında heç bir mismardan və yapışqandan istifadə olunmayan bu xalq sənəti dünyada yalnız Şəki sənətkarlarına məxsusdur və nəsildən-nəslə yadigar olaraq ötürülür.
R. Sekuta Tarix Diyarşünaslıq və Xalq Tətbiqi Sənəti Muzeyinə də baş çəkib. Məlumat verilib ki, bu muzeydə Şəki ərazisində tarixən və bu gün aparılan arxeoloji qazıntı işləri zamanı əldə edilən tarix-mədəniyyət nümunələri nümayiş etdirilir. Eyni zamanda səfirə Şəkinin elm və sənət adamları barədə də ətraflı məlumat verilib.
Daha sonra amerikalı diplomat dünya memarlıq incisi sayılan Şəki Xan Sarayına gedib. Sarayın həyətində yaşı yarım əsrə çatan çinarlar haqqında məlumat alan qonaq tarixi abidəni gəzib.
R. Sekuta jurnalistlərlə söhbətində bu qədim diyara gəlişindən məmnun qaldığını ifadə edib. O, Azərbaycanla bəzi Avropa institutları arasında münasibətlərin gərginləşməsi barədə suala cavab verməyib: "Bu məsələyə etik baxımdan cavab vermək səlahiyyətində deyiləm. Lakin ABŞ-ın Azərbaycanda səfiri olaraq hər zaman iki dövlət arasında münasibətlərin yüksək səviyyədə qurulmasına, Azərbaycanın daha güclü dövlət kimi tanınmasına, əməkdaşlıq əlaqələrinin genişlənməsinə, bütün sahələrdə münasibətlərin inkişafına nail olmağa çalışıram".
Şəkinin tarixi məkanları ilə tanışlıqdan sonra səfir Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb.