"Bentley" markalı maşınımı götürüb yoxa çıxdı - İdmançı Səbuhi Rəcəbin məhkəməsində Hadisə

"Bentley" markalı maşınımı götürüb yoxa çıxdı - İdmançı Səbuhi Rəcəbin məhkəməsində

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəbin məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə ifadə verən zərərçəkmiş Günay Əliyeva bildirib ki, tanışı Emin İbrahimova 150 min manata ehtiyacı olduğunu deyib: “Emin də məni Səbuhi və Murad adlı şəxslərlə tanış edərək dedi ki, onlar bu pulu verə bilər. Mən də onunla razılaşdım, adıçəkilən şəxslərlə görüşdüm".

Zərərçəkmiş əlavə edib ki, 2022-ci ilin martında 51 min manatlıq maşınımın banka girov qoyularaq pul götürülməsi təklif edildi: "Mən də razılaşdım ki, “Bentley” markalı maşınımı Səbuhiyə verim, o da banka qoyaraq 150-200 minə qədər pul götürsün. Səbihi avtomobili məndən alıb yoxa çıxdı. Sonrakı günlərdə xəbər ala bilmədim. Nərimanov rayon Polis İdarəsinə şikayət etdim. Emini çağırdılar. İfadəsində dedi ki, pulu Səbuhiyə yox, başqasına verib. Gözlədim, xəbər çıxmadı. Sonra Daxili İşlər Nazirliyinə şikayət etdim”.

Məhkəmənin növbəti prosesi oktyabrın 10-na təyin olunub.

Qeyd edək ki, Səbuhi Rəcəb 3 şəxsin yalan vədlərlə 341 manatını mənimsəməkdə təqsirli bilinir. O, avtomobil alqı-satqısı ilə bağlı G.Əliyevadan 40 min, S.Əliyevadan 51 min manat alaraq qaytarmayıb. Əsas zərərçəkən şəxs isə Səhiyyə Nazirliyinin Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun Cərrahiyyə kafedrasının müdiri Əliyev Şahindir. Səbuhi Rəcəb əlaqələri vasitəsilə Şahin Əliyevi sözügedən instituta rektor təyin etdirəcəyini deyərək onun 150 min manat pulunu mənimsəyib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb