Rasim Məmmədov 13 milyona özünə zavod və ev alıb - Şahid Hadisə

Rasim Məmmədov 13 milyona özünə zavod və ev alıb - Şahid

Bakı Ağır Cinayətlər Məhkəməsində "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, prosesdə "Baku Steel Company"in tərkibindəki "AzəriBoru" şirkətinin rəhbəri işləmiş Bahadur Əliyev ifadəsində bildirib ki, işlədiyi müddətdə "Baku Steel Company"ə 98 min 800 ton metal göndərilib.

Şahidin ifadəsində isə göstərilib ki, "Azəri Boru"dan çıxan metalın sadəcə 10-15 faizi rəsmiləşdirilib, şirkətin Vergilər Nazirliyinə 6 milyon manat borcu yarandıqdan sonra isə işdən çıxıb: "Rasimə dəfələrlə demişdim ki, şirkətin bu qədər borcu var. Buna görə neçə dəfə Vergilər Nazirliyinə gedib-gəldim. Axırda bezib işdən çıxdım".

Təqsirləndirilən şəxs Rasim Məmmədov isə şahidin istintaq zamanı verdiyi ifadəsi ilə razılaşmayıb: "Mənim səhvimdir ki, 20 milyona "AzəriBoru" şirkətini almışam. Gəlin, qurtaraq bu söhbəti".

Daha sonra prosesdə ifadə verən Cingiz Həsənov bildirib ki, o, Rasim Məmmədovun birinci müavini olub. O, “Baku Steel Company”də 13 milyon manatlıq kəsirə görə Məmmədovu ittiham edib: “Sənə 50 dəfə demişdim ki, bu kəsir məsələsini həll elə, başımız ağrıyacaq. Adam öz mənliyini, şərəfini qoruyar. Sən dost olsaydın, qoymazdın ki, nə dostların düşsün həbsxanaya, nə də özün...”.

Çingiz Həsənov iddia edib ki, şirkətdən Məmmədova qeyri-rəsmi şəkildə verilən milyonlarla vəsait onun zavodlar, evlər almasına və başqa xərclərinə yönəlib.
Şahidə etiraz edən Rasim Məmmədov bildirib ki, onun adına yazılan milyonların əslində hara, kimlərə getdiyi məlumdur. Sadəcə, o adamın adını çəkmirlər: “Mən elə bilirdim ki, biz dost olmuşuq, sən demə, dost olmamışıq. Düzdür, o vəsaitlər mənim adıma yazılıb, amma mən götürməmişəm. Biz indi o adamların adlarını çəkmirik. O pullar göndərilib. Şirkətdə aşağıda polislər vardı, pulu aparıb təhvil verirdi. Zəng gəlirdi ki, “aldım”, ondan sonra öz dəftərimdə qeyd eləmişəm. Yəni o pullar hara lazımdırsa, gedib çatıb”.
Rasim Məmmədov deyib ki, başqasına göndərilən vəsaitləri onun ayağına mənimsəmə kimi yazıblar. Onun sözlərinə görə, özünə aidiyyəti olmayan mənimsəməyə görə istintaq dövründə bir sıra əmlakları satılıb, 22 milyon ödənilib.

Şahid Çingiz Həsənovun sözlərinə görə, Rasim Məmmədov “Baku Steel Company”nin rəhbəri ola-ola onun üç şirkəti vardı. “Baku Steel Company”nin istehsal etdiyi armaturlar bu şirkətlərə endirimli qiymətlə verilib, həmin şirkətlər də onu bazar qiymətinə satıb. O, əlavə edib ki, xarici ölkələrə satış üçün Rasim Məmmədovun ofşor şirkətləri vardı, onların vasitəsilə əməliyyatlar həyata keçirilirdi.

Prosesdə məlum olub ki, keçmiş zavod rəhbərinin Azərbaycandakı daşınmaz əmlaklarıyla yanaşı, Türkiyədə də evləri var.

İttihama görə, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən, rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”-nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə təqsirləndirilir. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.

Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) yekun ittiham verilib.