Düşmən ağlına gətirmirdi ki, yollarını belə tezliklə bağlaya bilərik - Şuşa əməliyyatından təfərrüatlar Hadisə

Düşmən ağlına gətirmirdi ki, yollarını belə tezliklə bağlaya bilərik - Şuşa əməliyyatından təfərrüatlar

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Şuşanın azad edilməsindən iki il ötür. Şuşa uğrunda aparılan uğurlu hərbi əməliyyatlar müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı.

Həmin əməliyyatlarda iştirak edən hərbçilər 8 Noyabr - Zəfər günündə döyüş təfərrüatlarını Trend-lə bölüşüblər.

Polkovnik Ceyhun Bağırov bildirib ki, 2020-ci il sentyabrın 27-də düşmənin hücumunun qarşısının alınması məqsədilə ordumuz əks-hücum əməliyyatına başladı.

"Ərazilərimizi azad edə-edə Şuşaya çatdıq. Düşmənin bizə hücum ehtimalı iki istiqamətdə idi: birincisi Laçın dəhlizi, ikincisi isə Xankəndi. Biz mühəndis-istehkam qrupu olaraq həmin istiqamətlərdən yolların bağlanması tapşırığını uğurla yerinə yetirdik. Düşmən bu yolların tezliklə bağlanmasını ağlına gətirə bilmirdi. Bu yollar bağlandıqdan sonra düşmən bir neçə dəfə həmlə etdi. Lakin hərbi texnikaları və canlı qüvvəsi yerindəcə məhv edildi", - polkovnik deyib.

Leytenant Əli Vəliyev bildirib ki, bir neçə rayonun düşməndən azad edilməsində iştirak edib: "Sonuncu döyüşüm Şuşa istiqamətində olub. Çox ağır döyüşlər getdi. Buna baxmayaraq əzəli torpağımız olan Şuşanı mənfur düşməndən azad etdik.

Şuşanın azad edilməsi zamanı ağır yaralandım. Biz Şuşa istiqamətində gecə vaxtı on nəfərlə irəliləyirdik, bu zaman qarşımıza 30 düşmən əsgəri çıxdı və atışma başladı. Həmin döyüşdə düşmən sayca bizdən çox olsa da əsgərlərimizin cəsarəti nəticəsində qorxaraq geri çəkildilər. Şuşanın işğaldan azad edilməsi böyük əhəmiyyət kəsb edirdi və Azərbaycan Ordusu bunu bacardı", - hərbçi əlavə edib.

Gizir Həsənxan Məmmədov da döyüşə ilk günlərdən qoşulub. Bir neçə rayonun azad edilməsində iştirak edib.

"Əsas hədəfimiz Şuşanı düşməndən azad etmək idi. Mən Şuşanın azad edilməsində iştirak etmişəm. Şuşa yaxınlığında Topxana meşəsində qanlı döyüşlər gedib. Meşədə düşmənin kəşfiyyat bölüyünü məhv etmişik", - gizir deyib.

Müddətdən artıq həqiqi hərbi xidmət keçən Qədir Rüstəmov isə Trend-ə bildirib ki, döyüş yoldaşlarının şəhid olmasına, yaralanmasına baxmayaraq, ruh yüksəkliklərini itirməyiblər: "Niyyətimiz işğalda olan torpaqlarımızı düşməndən azad etmək idi. Bizə əmr veriləndə ki, hədəfimiz Şuşanın azad edilməsidir, çox sevindim. Şuşa istiqamətində çox ağır döyüşlər getdi. Mən Şuşanın Daşaltı kəndində yaralanıb, təxliyə olundum, lakin torpaqlarımızın işğaldan azad edilməsində əməyimin olduğuna görə çox qürurluyam", - deyə Q.Rüstəmov fikirlərini tamamlayıb.