Baş konsul Amerika Yəhudi Komitəsinin fəalları qarşısında çıxış edib Hadisə

Baş konsul Amerika Yəhudi Komitəsinin fəalları qarşısında çıxış edib

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Amerika Yəhudi Komitəsinin (AYK) Los Anceles bölməsinin dəvətilə qurumun fəalları qarşısında çıxış edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, N. Ağayev Azərbaycanın müstəqilliyinin bərpasından sonra keçdiyi uğurlu inkişaf yolundan bəhs edərək, zəngin neft və qaz ehtiyatlarından səmərəli istifadə nəticəsində ölkəmizin bölgədə ən güclü dövlətə çevrildiyini qeyd edib. Baş konsul Azərbaycanın çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələrinə toxunaraq, prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində bu gün Azərbaycanın tolerantlıq və sabitlik adasına çevrildiyini, müxtəlif xalqların və dinlərin ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını bildirib.
Diplomat Los Ancelesin Sinay Sinaqoqunun 50-dək üzvünün bu yaxınlarda Azərbaycana səfər etdiyini, bu kimi səfərlərin ABŞ ilə Azərbaycan, xüsusilə hər iki ölkənin yəhudi icmaları arasında əlaqələrin gücləndirilməsi baxımından böyük önəm daşıdığını diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan baş konsul, ölkəmizin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edildiyini, 1 milyona yaxın qaçqın və məcburi köçkünün doğma yurdlarından didərgin salındığını bildirərək, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə Ermənistanın hələ də məhəl qoymadığını vurğulayıb.
İsrail-Azərbaycan münasibətləri barədə danışan N.Ağayev iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar, eləcə də enerji sahəsində sıx əlaqələrin olduğunu söyləyib.
Sonda N.Ağayev qonaqların müxtəlif səpkili suallarını cavablandırıb.
Tədbirdə, həmçinin, Amerika Yəhudi Komitəsinin beynəlxalq məsələlər üzrə direktoru Ceyson Aysakson (Jason Isaacson) da çıxış edib.