“Onların vəzifə borcudur” Hadisə

“Onların vəzifə borcudur”

Əflatun Amaşov: "Bəzi dövlət qurumlarının mətbuat xidmətləri medianı vaxtında informasiya ilə təmin etmirlər"

Azərbaycan mətbuatı ölkədə baş verən hadisələrə həssaslıqla yanaşır, ancaq təəssüflər olsun ki, bu həssaslıq bəzən hiss olunmur. Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bu gün Mətbuat Şurası tərəfindən "Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış" mövzusunda "dəyirmi masa"da çıxışı zamanı deyb. Əflatun Amaşov bildirib ki, həm təmas xəttində baş verən hadisələri, həm Milli Məclisə keçirilən seçkiləri və digər hadisələri nəzərə alaraq görürük ki, media öz işini lazımi qaydada yerinə yetirir və həssaslıq nümayiş etdirir: "Ancaq çox təəssüf ki, araşdırma apararkən o həssaslıq bəzən hiss olunmur".
Əflatun Amaşov bildirib ki, yazılı mətbuatla yanaşı xəbər portalları da yaranıb və artıq sosial şəbəkələr də media kimi fəaliyyət göstərməyə başlayıb. Bəzən isə bir sıra xəbər saytları araşdırma aparmadan, imic xatirinə yoxlanılmamış məlumatlar yayırlar: "İkinci tərəfdən bilərəkdən və ya bilməyərəkdən ajiotaj yaradırlar. Üçüncü bir məqam da ondan ibarətdir ki, hadisələr baş verir, mətbuatda üç gün yayılır və bundan sonra hansısa qurumun mətbuat xidməti təkzib verir".
Əflatun Amaşov onu da əlavə edib ki, dövlət qurumlarının mətbuat xidmətləri KİV-ləri vaxtlı-vaxtında məlumatla təmin etmir: "Əslində onların vəzifə borcudur ki, mətbuatı vaxtında məlumatlandırsınlar".
MŞ sədri əlavə edib ki, media ictimai yüklü informasiyaları diqqətdə saxlamalıdır: "Milli Təhlükəsizlik Nazirliyi kimi qurumla bağlı hansı ölkədə hadisə baş versəydi, mətbuatın diqqətindən yayınmazdı. Çox təəssüf ki, istər MTN, istər Rabitə və Yüksək Texnologiyalar Naziliyi ilə bağlı olsun, ölkənin bəzi aparıcı KİV-ləri öz vəzifələrini lazımi qaydada yerinə yetirsələr də, çox təəssüf ki, bir sıra KİV-lər bu dəfə də öz funksiyalarını yerinə yetirmədilər".