Bankın özbaşınalığı intihara yol açdı Hadisə

Bankın özbaşınalığı intihara yol açdı

Dünən "Muğanbank"ın qarşısında bir nəfər üzərinə benzin tökərək intihara cəhd edib.
Yanıq Mərkəzindən bildirilib ki, intihar edən şəxs Malik Hüseynovdur. Ona yuxarı ətrafların və tənəffüs yollarının 2-ci, 3-cü və 4-cü dərəcəli yanıq diaqnozu qoyulub. Vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib.
Özünü yandıran Malik Hüseynovun həyat yoldaşı Aytən Hüseynova hadisə barədə danışıb.
Aytən Hüseynova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, həyat yoldaşı bank vasitəsilə "Hyundai" markalı maşın götürüb: "Bu vaxta kimi banka 9000 manat ödəmişik. Faizlə birgə 12 min manat borcumuz qalmışdı. Noyabrın 21-də uşaq qabaqda əyləşdiyi üçün polis maşını saxlayıb və cərimə yazıb. Polis müəyyən edib ki, bank maşını axtarışa verib. İki aydır ki, borc ödənilməyib. Maşını cərimə meydançasına aparıblar. Polis banka xəbər verib, bank da maşını aparıb. Məhkəmə qərarı olmadan bank maşını müsadirə edib. Yoldaşım banka müraciət etsə də, maşını qaytarmayıblar. Buna görə də zəng edib dedi ki, bezmişəm və özümü yandıracağam. O, bu maşınla meyit daşıyıb bizə baxırdı, maşın olmasa biz acından ölərik, 3 uşağımız var".
Xanımının sözlərinə görə, maşın Muğanbankın filial müdiri Süleymanın (Soyadını dəqiqləşdirə bilmədik) adına keçirilib:"Ərim özünü yandırandan sonra bankdan zəng vurub dedilər ki, gəlin maşını aparın".
İntihar cəhdi ilə bağlı daha bir maraqlı məqam var. Aznews.az xəbər verir ki, özünü yandıran şəxs banka gəlməzdən əvvəl Binəqədi Rayon İcra Hakimiyyətində olub. O, İcra Hakimiyyəti Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovla görüşüb. Banka borclu olan şəxs Ramiz Göyüşovdan "Muğanbank"da işləyən oğlu və Mərkəz filialının sədri Rəşad Göyüşovdan və qardaşı oğlu "Muğanbank" ASC-nin Müşahidə Şurasının üzvü Urfan Göyüşovdan ona güzəşt etməsi üçün xahiş etməsini istəyib. Lakin Ramiz Göyüşov oğlunun, eyni zamanda qardaşı oğlunun işlərinə qarışmadığını bildirib və banka müraciət etməsini məsləhət görüb
"Muğanbank"ın Binəqədi rayon filialı ilə faktı ümumiyyətlə inkar edib.
Baş ofisdən isə Trend-ə bildirilib ki, Binəqədi filialında, ümumiyyətlə, "Muğanbank" ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur:
"Kütləvi informasiya vasitələrində 23.11.2015-ci il tarixdə "Muğanbank"ASC-nin Binəqədi filialının qarşısında Hüseynov Malik Abbas oğlu adlı şəxsin özünü yandırması ilə bağlı məlumat gedib. Məlumatda Hüseynov Malik Abbas oğlu adlı şəxsin bankdan pul götürərək avtomobil aldığı, pulu ödəyə bilmədiyi və avtomobilin bankın təqdimatı ilə polis tərəfindən müsadirə olunduğu bildirilir. Nəzərinizə çatdırmaq istəyirik ki, nəinki Binəqədi filialında, ümumiyyətlə, "Muğanbank" ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur və bank tərəfindən DYP-yə Hüseynov Malik Abbas oğluna məxsus avtomobilin saxlanılmasına dair müraciət olunmayıb. onların Malik Abbas oğlu Hüseynov adlı müştəriləri yoxdur".