“Rusiyaya gedən azərbaycanlıların sayında azalma müşahidə olunur” Hadisə

“Rusiyaya gedən azərbaycanlıların sayında azalma müşahidə olunur”

Qüdsi Osmanov: "Rusiyada mövcud vəziyyət ölkə qanunlarına əsasən formalaşdırılır"

"Rəsmi Moskva Azərbaycan ilə ikitərəfli iqtisadi əlaqələrin inkişafında və qarşılıqlı əlaqələrin qurulmasında istəkli olub". Bunu Azərbaycanın Rusiyadakı səfirinin iqtisadi əlaqələr üzrə müavini Qüdsi Osmanov deyib.
O bildirib ki, 4 ildir baş tutan Rusiya-Azərbaycan İqtisadi Forumu Rusiya prezidenti Vladimir Putinin Regional İnkişaf Nazirliyinə verdiyi tapşırıq əsasında keçirilir: "Beşinci forum Rusiya Prezident Administrasiyasının rəhbərliyi altında keçiriləcək. Bu forum çərçivəsində rəsmi Moskva çalışır ki, Azərbaycanda bu cür geniş tədbirlərin təşkilini, həm də region rəhbərlərinin, o cümlədən biznes şirkətləri rəhbərlərinin burada iştirakı təmin edilsin. Bunun üçün görüşlər keşirilir. Üç gün əvvəl Regional İnkişaf Nazirliyində bununla bağlı baş tutan tədbirdə nazirlik rəhbərliyi Azərbaycanla iqtisadi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını səfirliyimiz vasitəsilə rəsmi Bakının diqqətinə çatdırdılar".
Q.Osmanov Rusiyanın biznez şirkətlərinin və ayrı-ayrı iş adamlarının Azərbaycanla iqtisadi və ticari əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb: "Onlar əlaqələrin inkişafında böyük potensialın olduğunu nəzərə alaraq, Azərbaycana səfər etmək və iş adamlarımızla tanış olmaq istəyirlər. Prezident İlham Əliyev də Rusiyanın regionları ilə ölkəmiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün şəraitin yaradılması ilə bağlı tapşırıqlar verib. Bu şəraitin yaradılması üçün çox sayda saziş və memorandum imzalanıb. Bunlar imkan verir ki, tərəflər arasında əlaqələr daha da inkişaf etsin".
Qüdsi Osmanov Rusiyaya gedən vətəndaşlarımızla bağlı problemlərdən də danışıb: "İndi elə təsəvvür yaranıb ki, Rusiyaya gedən azərbaycanlılar yalnız bazarlarda işləyirlər. Ancaq, bu, belə deyil, çünki bu ölkənin bazarlarında Orta Asiya ölkələrindən olan vətəndaşlar daha çoxdur".
Rusiya bazarlarının bağlanmasının yalnız azərbaycanlılara yönədilmiş problem olmadığını deyən səfirlik rəsmisi, bu prosesin aparılan islahatlar nəticəsində baş verdiyini söyləyib: "Buna görə də məsləhət görürəm ki, heç kim bu ölkədə yaşayan vətəndaşlarımızın taleyindən narahat olmasın, çünki, səfirliyimiz və diaspor təşkilatlarımız onların hüquqlarının qorunması, problemlərinin həlli istiqamətində mükəmməl şəkildə məşğul olurlar. Əslində, Rusiyada yaşayan vətəndaşlarımızın problemi Azərbaycan mediasında göstərildiyi kimi deyil və burada soydaşlarımıza qarşı münasibət çox yaxşıdır".
Səfirlik rəsmisi qeyd edib ki, son vaxtlar Azərbaycandan Rusiyaya kiçik və orta biznes sahəsində işləməyə gedən azərbaycanlıların sayında azalma müşahidə olunur: "İndi Rusiyada yaşayan vətəndaşların bir çoxu ölkəmizə qayıtmağa başlayıb. Azərbaycanın ayrı-ayrı şəhər və kəndlərində evləri olan vətəndaşlarımız bu ölkədə ev kirayəyə götürmək və qazandıqları vəsaiti itirmək istəmirlər. Çünki əvvəllər bu ölkədə qazandıqları pulları, indi ölkəmizdə işləməklə əldə etmək mümkündür".
Qüdsi Osmanov əlavə edib ki, Rusiyada yaşayan azərbaycanlılarla bağlı mövcud vəziyyət ölkə qanunlarına əsasən formalaşdırılır. Onun sözlərinə görə, xüsusilə, bu ölkədə yaşayan azərbaycanlı tələbələrlə bağlı vəziyyət çox ciddidir: "Rusiyada tətbiq olunan yeni qanunlara əməl etməyən Azərbaycan vətəndaşlarının növbəti dəfə bu ölkəyə girişinə qadağan qoyulur. Bununla bağlı Azərbaycanın bu ölkədəki səfirliyinə çox sayda müraciət daxil olur. Biz də bu müraciətləri toplayaraq, bu ölkənin xarici işlər nazirliyinə təqdim edirik. Bu yaxınlarda səfir Polad Bülbüloğlunun təşəbbüsü ilə MDB ölkələrinin səfirləri, bu ölkənin Miqrasiya Xidmətinin rəhbərləri və Rusiyanın XİN-nin rəhbərliyi arasında görüş keçirildi və bu məsələlər müzakirəyə çıxarıldı. Görüş zamanı belə qərara gəlindi ki, bu problemlərlə bağlı edilən müraciətləri səfirlik əməkdaşları araşdıracaqlar".
Səfir müavini vurğulayıb ki, indi bu cür problemlərlə üzləşən azərbaycanlı tələbələr və ya ayrı-ayrı vətəndaşlar səfirliyə müraciət edə bilərlər: "Bu adi məsələ deyil və bunun həlli bir neçə ay ərzində mümkün olur. Bununla belə yüzdən çox vətəndaşımızın bununla bağlı problemlərini həll etmişik".