DSX Akademiyasında baş verən yanğın söndürüldü Hadisə

DSX Akademiyasında baş verən yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Bu barədə FHN-dən Trend-ə məlumat verilib.

Xatırladaq ki, bu gün saat 16:40-da Dövlət Sərhəd Xidməti Akademiyasının əsas korpusunda yanğın hadisəsi baş verib. Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verilib, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub.

Yanğın hadisəsilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib. 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunub.