“Nicatımız milli birliyimizdə, həmrəyliyimizdədir” Hadisə

“Nicatımız milli birliyimizdə, həmrəyliyimizdədir”

BAXCP sədri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına təbrik ünvanlanlayıb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Təbrikdə deyilir:
"Dəyərli soydaşlarım!
26 il bundan öncə xalqımızın milli bayramlar təqviminə daha bir tarixi gün əlavə olundu. Azərbaycan Respublikası ilə Güney Azərbaycan arasına çəkilmiş tikanlı məftillərin sökülməsi, imperiyaların qanlı pəncələriylə ikiyə bölünmüş bir millətin həmrəylik rəmzinə çevrildi.
Tarixə "Gülüstan" adıyla düşmüş 176 ilin ayrılığı bir millətin ruhunu ikiyə bölə bilmədi. O gün torpağı parçalansa da mənəviyyatı, əxlaqı, dili, qan yaddaşı ikiyə bölünməyən böyük bir millət dünayaya, onun qəddar imperiyalarına və tarixə ləyaqət dərsi keçdi. Məhz bu birlik, milli təəssübkeşlik, tarixi qaynaqlara bağlılıq və özünəqayıdış nəticəsində müstəqil Azərbaycan Respublikası yarandı.
Bu gün müharibələr, deportasiyalar, təqiblər və digər səbəblərdən dünyanın dörd qütbünə səpələnmiş, sayı əlli milyonu ötən azərbaycanlıların öz tarixi sərhədlərindən dəfələrlə kiçik olsa da belə müstəqil dövləti var. Tarix boyu daxili ziddiyyətlər, xarici basqılar və böyük dövlətlərin maraqları müstəvisində itirilmiş torpaqlarımızın məğlubiyyət sindromundan qurtulmamış ötən əsrin sonlarında işğal olunmuş ərazilərimizin ağrısıyla 2016-cı ilə qədəm qoyuruq. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təqvim ilinin son gününə təsadüf etməsində bəlkə də ilk baxışdan sezilməyən bir zərurət var - il boyu baş verən qarşıdurmalardan, konfliktlərdən qurtulub əl-ələ vermək və xalqımızın, dövlətimizin qarşısında duran maneələri birlikdə dəf etmək zərurəti!
Əziz soydaşlarım!
Bir daha Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, səadət və işıqlı sabahlar arzulayırıq!
Qarşıda dayanan çətinliklərin dəf edilməsində, Azərbaycanın bütöv və qüdrətli bir dövlətə çevrilməsində Tanrı yardımçımız olsun!
Hicatımız milli birliyimizdə, həmrəyliyimizdədir!"