
Dünən Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.
Parlamentdən verilən məlumata görə, komitə sədri Rafael Hüseynov iclasda əvvəlcə 2015-ci ilin payız sessiyasında görülən işlər barədə məlumat verib.
Daha sonra o qeyd edib ki, komitənin 2016-cı ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planına "Kinematoqrafiya haqqında", "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında", "Yazılı abidələr haqqında", habelə qanunvericilik təşəbbüsü qaydasında daxil olan digər qanun layihələrinin daxil edilib. İclasda "Kitabxana işi haqqında" qanuna dəyişiklikilər edilməsi barədə məsələyə baxılıb. Təklif olunan dəyişikliklər barədə danışan komitə sədri bildirib ki, sənəd ölkə prezidenti tərəfindən Milli Məclisə daxil olub. Qanunun 6-cı, 8-ci və 15-ci maddələrində işlənilən "Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası" ifadəsinə "Milli" sözü əlavə edilir. Dəyişiklik Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinə uyğunlaşdırma məqsədi daşıyır.
Sonra komitə sədri cari ildə müzakirəsi nəzərdə tutulan "Kinematoqrafiya haqqında" qanun layihəsi ilə bağlı məlumat verib, ölkədə kinematoqrafiyanın tarixi, mövcud durumu barədə danışıb. O, bu sahənin daha səmərəli fəaliyyət göstərməsi üçün hazırlanmış yeni qanun layihəsi üzərində müvafiq işin aparılması üçün mütəxəssislərin də iştirakı ilə işçi qrupunun yaradılmasını məqsədəmüvafiq hesab edib.
Rafael Hüseynov diqqətə çatdırıb ki, komitənin xətti ilə cari ilin mart ayında "Azərbaycan televiziya məkanında maarifləndirici, musiqili-bədii və əyləncəli verilişlər: proqram siyasətinin mövcud vəziyyəti, problemlər, vəzifələr" mövzusunda müşavirənin keçirilməsi planlaşdırılır. Müzakirələr zamanı komitə üzvləri Jalə Əliyeva, Novruzəli Aslanov, Aqil Abbas, Cavanşir Feyziyev, Ülviyyə Ağayeva, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova çıxış edib, gündəlikdəki məsələlər barədə fikirlərini səsləndirdilər.