İcbari tibbi sığortanın tətbiqi ilə tibb işçilərinin maaşlarında əsaslı artım olub - Agentlik Hadisə

İcbari tibbi sığortanın tətbiqi ilə tibb işçilərinin maaşlarında əsaslı artım olub - Agentlik

İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin də əməkhaqlarında əsaslı artımlar olub.

Bunu bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad rayonunda yerləşən dövlət tibb müəssisələrinə mediatur zamanı Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

O bildirib ki, məqsəd həkimləri uyğun əməkhaqqı ilə təmin etmək, fəaliyyətlərini qiymətləndirmək və peşəkarlığın yüksəlməsinə maraqlarını artırmaqdır. "Əməkhaqqı artımı ilə bağlı müvafiq qaydaya 5 dəfədən çox dəyişiklik olunub. İcbari tibbi sığortanın tətbiqindən sonra həkimlərə aylıq sabit və işin nəticələrinə görə həvəsləndirici əlavələrin verilməsinə başlanılıb. Belə ki, ötən ildən 40-a yaxın ixtisas üzrə çalışan həkimlərin aylıq sabit həvəsləndirici əlavələri artırılaraq vəzifə (tarif) maaşı əlavələrlə birlikdə minimum 1000 manat təşkil edib.

Bundan əlavə həkimlərə işin nəticələrinə görə həvəsləndirici əlavələr verilir. Cəlilabad RMX-də 2021-ci ildə işin nəticələrinə görə həvəsləndirici əlavələrin məbləği ortalama 650 manat olmuşdusa, 2022-ci ildə bu rəqəm 970-ə qədər yüksəlmişdir. Az öncə də qeyd etdiyim kimi həkim bu əlavədən başqa aylıq vəzifə (tarif) maaşı və aylıq sabit həvəsləndirici əlavə də alır.

Hətta qeyd edə bilərəm ki, işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləğinin 2021-ci ildə 4000 manatı, 2022-ci ildə isə 6000 manatı keçən həkimlərimiz də olub",- A.Əhmədova deyib .