FHN-in Akademiyasında kurs keçmiş qətərli zabitlərə sertifikatlar təqdim olunub Hadisə

FHN-in Akademiyasında kurs keçmiş qətərli zabitlərə sertifikatlar təqdim olunub

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında ixtisasartırma kursunda iştirak etmiş Qətər Dövlətindən olan bir qrup zabit heyəti ilə görüşüb. Tədbirdə Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab da iştirak edib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov təbii və texnogen xarakterli fövqəladə hallarla mübarizə sahəsində nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusunun Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızı azad etdiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə vurğulayan nazir Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətindən də danışıb.

Azərbaycan ilə Qətər arasında sıx əməkdaşlıq münasibətlərini qeyd edən nazir ölkələrimizin liderlərinin müdrik uzaqgörənliyi sayəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Nazir həmsədri olduğu Azərbaycan Respublikası ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti barədə məlumat verib.

Digər istiqamətlərdə olduğu kimi, fövqəladə hallarla mübarizə sahəsində də iki ölkənin müvafiq qurumları arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini xatırladan nazir 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətini vurğulayıb. Kəmaləddin Heydərov bu çərçivədə Qətər Dövlətindən olan bir qrup zabitin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ixtisasartırma kursunda iştirakının əlaqələrin genişlənməsinə yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib. Nazir kursu müvəffəqiyyətlə başa vurmuş zabitləri təbrik edib, Akademiyada aldıqları biliklərin onların peşəkar fəaliyyətində faydalı olacağına əminliyini ifadə edib.

Səmimi görüşə görə təşəkkür edən Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişafının hər iki tərəf üçün faydalı olduğunu, bu çərçivədə fövqəladə halların idarə edilməsi üzrə ölkələrimizin müvafiq qurumlarının əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Səfir FHN-in istər ölkədaxili, istərsə də xarici ölkələrdə baş vermiş fövqəladə hallarla mübarizədə, xüsusilə Türkiyədəki dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. Diplomat qətərli zabitlərin FHN-in Akademiyasındakı ixtisasartırma kursunda zəngin biliklərə yiyələndiklərinə əmin olduğunu, belə imkanın yaradılmasına görə təşəkkürünü bildirib.

Sonra nazir Kəmaləddin Heydərov “Fövqəladə halların idarə edilməsi” mövzusunda beynəlxalq kursu müvəffəqiyyətlə başa vurmuş qətərli zabitlərə sertifikatları təqdim edib.